AZ EN RU

Vətəndaşlarımızın qətiyyəti təbii sərvətlərimizin qanunsuz istismarına son qoyacaq

    Təbiət həyat mənbəyi hesab edilir. Əgər təbiət məhv olarsa, insan da məhv olmağa məhkumdur.  Ətraf mühitlə həmahəng yaşayan insan sivilizasiya inkişaf etdikcə təbiətə daha çox təsir göstərməyə, təbii sərvətləri istismar etməklə onun nizamını pozmağa başladı. Minlərlə sənaye müəssisələrinin yaradılması, meşələrin kütləvi surətdə yandırılması, bir çox göllər və çayların quruması, havanın və dünya okeanının çirkləndirilməsi, ozon qatının deşilməsi ekoloji böhrana gətirib çıxarıb. Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanılması ölkəmizdə aparılan ekoloji siyasətin əsas prioritetlərindəndir.  

    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün Prezident cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə davam etdirilir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb, Dövlət pro­qramları uğurla yerinə yetirilib. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması bu sahədə görülən işlərin davamıdır. Təsadüfi deyil ki, ölkə başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətraf mühit” və “Yaşıl artım” ölkəsi başlığı altında qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq gələcək illərdə həyata keçiriləcək tədbirlərdən bəhs edilir. Ölkə­də keyfiyyətli və təmiz ekoloji mühitin qorunması, resurslardan səmərəli istifadənin təmin edilməsi, iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, iqtisadi artımla ekoloji mühitin tarazlı olması, yararsız torpaq sahələrinin dövriyyəyə cəlb edilməklə mövcud resurslarımızın bərpası, ölkənin keyfiyyətli suya tələbatının su resurslarından səmərəli istifadə etməklə ödənilməsi, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi və digər vacib məsələlər burada öz əksini tapıb. 
    Hazırda dünyada gedən hərbi münaqişələrin, müharibələrin ətraf mühitə verdiyi zərər bütün dünyaya təsir edir. İllərdir, xalqımız Ermənistanın ölkəmizə təcavüzünün nəticəsində ətraf mühitə vurduğu dərin yaraların acısını yaşayır. Prezident cənab İlham Əliyevin “Ermənistanın işğal dövründə ekologiyaya vurduğu zərər vəhşilik və talançılıqdır” fikirləri bu dediyimizin əyani sübutudur. Bəli, 30 illik işğal dövründə erməni vandalları təbiətimizə qarşı ekoloji terror törətməklə təbii sərvətlərimizi mənimsəyib. Zəngilan (əhəng xammalı), Vejnəli (kvars-qızıl-sulfid), Şərifan (qum), Ağyataq (civə), Söyüdlü (zod-qızıl-sulfid), Qızılbulaq (qızıl-mis-kolçedan), Tərtərçay (qum-çınqıl), Aşağı və Yuxarı İstisu (termal mineral su), Dəmirli (mis-molibden), Çardaqlı (daş kömür), Suqovuşan-Talış (qarışıq süxur), Boyəhmədli (sement xammal), Dövlətyarlı (mişar daşı), Xocavənd rayonu üzrə Binə, Hadrut, Tuğ, Məlikcanlı, Edilli (qarışıq süxur və qırmadaş) və digər ərazilərimizdə bu kimi təbii sərvətlərimiz qanunsuz istismar olunub. Ermənistanın yürütdüyü ekoloji terror nəticəsində çaylarımız çirkləndirilib. Dağ-mədən sənayesinin tullantı sularının təmizlənmədən birbaşa Oxçuçaya axıdılması su ehtiyatlarından istifadəni yararsız hala salıb. Bu gün də işğaldan azad edilmiş rayonlar talanır, burada olan maddi-mənəvi mədəniyyət nümunələri məhv edilir. İşğaldan azad edilən ərazilərimizdən çıxarkən ermənilərin  evləri, ağacları, meşələri necə vəhşicəsinə yandırdıqlarını, taladıqlarını bütün dünya gördü. Ötən il qanunsuz məskunlaşdıqları Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaldarkən onların çirkin əməllərinin bir daha şahidi olduq. Lakin, təəssüf ki, bu vandallıq hələ də beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməyib.  
    Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının uğurla icrası məcburi köçkünlərin torpaq həsrətinə son qoyur. Bu gün azad edilmiş torpaqlarımızda ekoloji tarazlığı bərpa etmək, ekoloji mühiti normallaşdırmaq istiqamətində böyük işlər görülür. Tikinti-quruculuq işləri geniş vüsət almaqla yanaşı, dövlət başçısının iştirakı ilə müxtəlif növ ağacların əkilməsi, sulanması, balıqların su hövzələrinə buraxılması,  ceyranların qaytarılması bu qayıdışın nümunələridir. Həmçinin Şərqi Zəngəzurda ekosistemin bərpası istiqamətində icra olunan layihələr, ötən il oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasiminin keçirilməsi, hər iki ölkənin prezidentlərinin bu mərasimdə ağac əkməsi, əraziyə 15 baş ceyran buraxılması ekologiyaya böyük töhfədir.
    Belə bir vaxtda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan torpaqlarımızda ermənilərin hələ də ekoloji mühitimizə zərbə vurması qəbuledilməzdir. Ermənistanın nifrət zəminində həyata keçirdiyi bu talançılığa qarşı olaraq artıq bir aydan çoxdur ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir. Görürük ki, havanın soyuq olması ekoloji fəalları qorxutmur, əksinə, günü-gündən aksiyaya qoşulanların sayı artır. Ölkəmizin hər yerindən böyük dəstək görən dinc aksiyada ekofəallar, vətəndaş cəmiyyəti nümayəndələri, QHT təmsilçiləri, tələbələr böyük iradə və əzm nümayiş etdirirlər. İştirakçılar mədənlərin qanunsuz istismarına, ekoloji terrora qarşı və vətənpərvərlik ruhunda – “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” kimi müxtəlif dillərdə şüarlar səsləndirir, milli vətənpərvərlik ruhunda mahnılar oxuyurlar. Ermənilərin bu hadisə ilə bağlı dünya ictimaiyyətinə sırıdığı yalanların həddi-hesabı yoxdur. Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yaradılmayıb və humanitar məqsədlər üçün tam olaraq açıqdır. Aksiya keçirən vətəndaşlarımız irəli sürülən tələblər yerinə yetirilənə qədər mübarizəni davam etdirəcəklər. Təbii sərvətlərimizi talayan ermənilərin bu cinayətkar əməlinə beynəlxalq təşkilatlar isə yenə də göz yumur. Lakin dövlətimizin, vətəndaşlarımızın qətiyyəti ilə istədiyimizə nail olacağımıza inanıram. 
    Prezident cənab İlham Əliyev  Azərbaycan telekanallarına müsahibəsində bu mövzuya toxunaraq gecə-gündüz, şaxtalı-qarlı havada milli haqqımızı tələb edən gənclərin nə qədər yüksək keyfiyyətlərə malik olmasını xüsusi vurğuladı. Dövlət başçısı separatçıların dünyaya tamamilə yalan informasiya ötürməklə məşğul olduqlarını, sülhməramlıların dörd yüzə yaxın yük avtomobilinin həmin ərazidən sərbəst keçdiyini, qanunsuz istismarın dayandırılmasına nail olacağımızı diqqətə çatdırdı və dedi: “Ermənilər və onların havadarları hesab edirlər ki, bizə qarşı bundan istifadə etməklə nə isə əldə edəcəklər. Heç nə əldə etməyəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq. Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq”. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 13.01.2023 19:27