AZ EN RU

Vətəndaşlarımız ərazi bütövlüyü təmin olunmuş dövlətə çevrilməyin qürurunu yaşayır

    Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri öz mütəşəkkilliyi ilə yadda qaldı. Böyük ictimai-siyasi əhəmiyyət daşıyan seçkilərin uğurla başa çatması, həmçinin Azərbaycan tarixi ədaləti bərpa etdikdən sonra ilk dəfə olaraq bu seçkilərin suveren ölkənin bütün ərazilərində keçirilməsi onu göstərdi ki, vətəndaşlarımız ərazi bütövlüyümüz təmin olunmuş dövlətə çevrilməyimizin qürur hissini yaşayır.
    Bu seçkilər göstərdi ki, muxtar respublikamızda növbədənkənar prezident seçkilərinin azad, şəffaf, demokratik şəkildə keçirilməsi üçün seçki təcrübəsi formalaşdırılıb, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb.
    Kəngərli rayonunda da seçkilərə ciddi hazırlıq işləri görülmüş, seçicilərin rahat, sərbəst səs verməsinə şərait yaradılmışdı.  Qeyd edək ki, seçkilərlə bağlı  2 saylı Şərur-Kəngərli Seçki Dairəsi üzrə Kəngərli rayonunda seçicilər 15 seçki məntəqəsində öz namizədlərinə səslərini veriblər. Rayon üzrə 14 min 501 seçici qeydə alınmışdı. 
    Onu da bildirək ki, muxtar respublika üzrə ən yaşlı seçici də məhz bu dairədə səs verib. Adıçəkilən seçki dairəsinin 41 saylı Qıvraq seçki məntəqəsində seçicilər siyahısında qeydə alınan Şərəf Hüseynəliyeva əvvəlki seçkilərdəki kimi, budəfəki prezident seçkisində də iştirak etmək arzusunda olub. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyi üçün ailəsi tərəfindən məntəqə seçki komissiyasına ərizə ilə müraciət edilib. 
    Bu dairə üzrə ilk dəfə seçkilərdə iştirak edən vətəndaşların sayı isə 2925 nəfər olub. Həmçinin Kəngərli rayonunda 43 və 49 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı ki, istənilən şəxs seçkini izləyə bilsin.
    Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə isə Kəngərli rayonunda seçicilər       7 seçki məntəqəsində öz hüquqlarından istifadə ediblər. 
    Ümumiyyətlə, 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi üzrə ilk dəfə seçkilərdə iştirak edən seçicilərin sayı 2664 nəfər idi. Bu dairədə ən çox seçicinin qeydiyyatda olduğu seçki məntəqələri isə Babək şəhərindəki 2 saylı (1403) və Kəngərli rayonundakı 56 saylı (1402) Xok seçki məntəqəsi olub.
    1166 seçicinin qeydiyyata alındığı  2-42 saylı seçki məntəqəsində ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə edən gənclərin fəallığı diqqətdən yayınmırdı. Seçki məntəqəsində olarkən ilk dəfə səs vermək üçün gələn Zəmanə Cəfərovanın fikirlərini öyrəndik. O bildirdi ki, növbədənkənar prezident seçkilərində ilk dəfə səs verdiyi üçün qürur hissi keçirir, eyni zamanda həyəcanlıdır: “Bu mənim həyatımda tarixi bir andır və seçkidə öz istədiyim, seçdiyim namizədə səs verdim. Məncə, hər bir gənc seçkilərdə, səsvermədə mütləq fəal iştirak etməlidir. Çünki bu, vətəndaşlıq borcumuzdur və həyatımzda mühüm hadisədir”.
    Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə 2-43 saylı seçki məntəqəsi Qıvraq qəsəbəsində ­fəaliyyət göstərirdi. 1246 seçicinin qeydə alındığı məntəqədə seçicilərin sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Bunu seçicilərdən Cəmilə Məmmədova da bildirdi: “Digər qəsəbə sakinləri kimi, mən də sərbəst şəkildə öz namizədimə səs verdim”.
    Bir sözlə, növbədənkənar prezident seçkilərində Kəngərli rayon sakinlərinin yüksək seçici fəallığı nümayiş etdiklərinin şahidi olduq.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 07.02.2024 23:36