AZ EN RU

Vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə biləcəklər

    Bu gün muxtar respublikada icbari tibbi sığortanın tətbiqi uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin razılığı ilə muxtar respublika ərazisində ambulator tibbi yardım almaq üçün göndərişlərin verilməsi ləğv edilir. Təbii ki, aparılan bu islahat muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək, həmçinin sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması məqsədi daşıyır.
    Qeyd edək ki, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə muxtar respublika sakinləri bundan sonra istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər və rayonlarda istənilən tibb müəssisəsinə müraciət edə biləcəklər. 
    Qaydaya müvafiq olaraq tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq. Bunun üçün vətəndaş ailə həkimi və ya ixtisaslı həkim tərəfindən göndəriş vərəqəsi almalıdır.
    Stasionar şəraitdə tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsini müalicə həkimi özünün aid olduğu inzibati ərazi vahidində, orada xidmətin göstərilməsi mümkün olmadıqda tibbi ərazi bölməsindən kənarda yerləşən dövlət tibb müəssisəsinə verə bilər.
    Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığortaolunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur. 

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.06.2023 12:00