AZ EN RU

Vətəndaşlar, Cümhuriyyət nədir?

 Vətəndaşlar, Cümhuriyyət nədir? Üç imperiya arasında qaldırılmış bayraq, yoxsa həmin bayrağı bizlər üçün miras qoyanlar? Cümhuriyyət deyilərkən, bəlkə də çoxunun ağlına Məhəmməd Əmin Rəsulzadə gəlir. Azərbaycan adlı diyar yaradıldı və bizlər üçün miras qoyuldu.  Bəs Cümhuriyyət anlayışını yalnızca Rəsulzadə, bayraq, himn və torpaq anlayışı üzərində bitirməklə Cümhuriyyəti dərk edirikmi? Rəsulzadə deyiləndə, yalnızca üçrəngli bayrağı qaldıranmı ağlımıza gəlməlidir? Axı bu nəslin nümayəndələri Cümhuriyyətin süqutundan sonra, bu vətənin ana dilini unutmamaq üçün  gecələr yorğanın altında bu dildə gizlin danışırdılar. Gəlin ana dilimizin qədrini necə bilmək lazımdır bunun izahını mən yox, dahi şairimiz Bəxtiyar Vahabzadə versin:
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi, sizlərə qənim olsun!
 Diqqətlə oxuyun! Onda görəcəksiniz ki, Cümhuriyyət o dövrü yaşayan və görməyən, lakin onu hiss edən Bəxtiyar Vahabzadədir. Vahabzadədən başqa Xəlil Rza Ulututürk Cümhuriyyətin süqutundan sonra yaşasa da, Vətənin bir parçası sanki onun qələmində təcəssüm edərək yazırdı:
Nankorun qızıldan olsa dirəyi,
Dar gündə millətin olmaz gərəyi.
Haramdır Vətənin halal çörəyi –
Öz ana dilini bilməyənlərə!
 Cümhuriyyət bizik! Cümhuriyyət Sizlərsiniz! Axı Rəsulzadəyə nə lazımdır onu dərk etməyərək onun adını və simasını xatırlamaq? Axı bu Cümhuriyyət həsrətiylə yaşayan və ölən çox dahi olubdur. Cümhuriyyətin başqa bir nümunəsi dahi şairimiz, amansız talehlə yaşayan Əhməd Cavaddır.
“Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!”
 Bax, budur əsl Cümhuriyyətin təcəssümü. Gəlin Cümhuriyyətin parlament lideri olan Əlimərdan bəy Topçubaşovu yada salaq. Axı onun vücudu boşu-boşuna Paris torpağında yatmır. Axı onun ölü bədəni belə bu Vətənə həsrətdir. Ey vətənin dikbaşlı və qeyrətli oğul-qızları, bunlar olarkən sizlər və bizlər kimik ki, bu Vətəni unudub, sevməyək. Vətən onlar üçün İrəvan, Naxçıvan, Bakı, Tiflis, Şamaxı, Şəki, Gəncə, Lənkəran, Astara və başqa torpaqlar, digər adıyla – Azərbaycan idi. 
 Gəlin yeni dövrə qayıdaq. 3000-dən çox şəhid nə üçün idi? Nə üçün bu saydığımız bölgələrin igid oğlanları Qarabağ uğrunda birləşdilər? Çox sadə. Çünki onlar azadlığı  anlayıb və dərk edirdilər. Dərk edirdilər ki, bu Vətən torpaqlarından olan İrəvan  Cümhuriyyət dövründə gedib, lakin Azərbaycan ikinci bir itki ilə barışmayacaq. O, bayrağı Şuşa dağlarına qaldırmaq təkcə Vətəni azad etmək deyil, Əhməd Cavadın və Əli bəy Hüseynzadə kimi digər qəlbi nisgil qalan insanların ruhunu həmin bayraqla birgə göylərə qaldırmaq idi.
Vətən şeiriyyatda:
 “Azərbaycan deyiləndə ayağa dur ki, 
Füzulinin ürəyinə toxuna bilər”, - deyən Məmməd Arazdan tutumuş, 
“El bilir ki, sən mənimsən, 
Yurdum yuvam məskənimsən” - sözlərini vəsf etmiş Səməd Vurğundur. Cənubdan əsən:
 “Şəhriyarın ürəyi də səninki tək yaralıdır, 
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan! - adlı həzin xəzan küləyindən,  
“Vahid, sorma vətən nədən yaxşıdır, 
Adı gəlcək könlüm xəndan görünür…” - deyən Vahiddir bu Vətəni Vətən edənlər. 
Əvvəl bu Vətən üzərində dalğalanan qan qırmızı bayraqdan üçrəngli bayrağa keçən zamandan sonra Türkiyə Cümhuriyyətinin böyük sərkərdəsi Mustafa Kamal Atatürk Məhəmməd Əmin Rəsulzadə haqqında deyirdi: "Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!"
 Budur bayraq sevdası, budur vətən sevgisi! Onlar quruca torpağı Vətən etdilər. Bizə isə o Vətəni qorumaq və gələcək nəsillərə ötürmək qalır.
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Rafiq TƏHMƏZ

Nəşr edilib : 28.05.2024 15:22