AZ EN RU

Vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri ilə...

Proaktiv qaydada 3107 nəfərə sosial müavinət və
 təqaüd, 496 şəxsə əmək pensiyası təyin olunub

    “Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə, xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik” ideyası ölkəmizi regionda əhəmiyyətli siyasi-iqtisadi gücə çevirən Prezident cənab İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin ana xətti olaraq insanları firavan həyata qovuşdurmaqdadır. Son 5 ildə əməkhaqqı və digər sosial ödənişlərin artırılması məqsədilə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketinin icrası nəticəsində bu ideya əməli fəaliyyətdə özünün ən yüksək səviyyəsinə qədəm qoyub. Dövlət başçısının aztəminatlı ailələrin məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində reallaşdırdığı tədbirlər Naxçıvan Muxtar Respublikasında da öz bəhrələrini verir. 2023-cü ildə də insanların sosial ədalət prinsipinə uyğun layiqli həyat şəraitinə malik olması, işlə təminatı, o cümlədən əmək münasibətləri, əməyin mühafizəsi, övladlığagötürmə, əlilliyi olan şəxslərin reabilitasiyası, şəhid və qazi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətlərində tədbirlər uğurla reallaşdırılıb...
    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən 2023-cü il üzrə işaxtaran və işsiz vətəndaşların əmək fəaliyyətinə cəlb olunması, gənclərin və qadınların məşğulluğunun təmin olunması məqsədilə müvafiq işlər davam etdirilib. Müraciət etmiş vətəndaşların Əmək və Məşğulluq altsistemində (ƏMAS) qeydiyyat məlumatları və işlə təmin olunma göstəricilərinin nəticəsinə uyğun olaraq iş axtaranların artması, iş təminatı və iş sahəsində güvənin və marağın çoxaldığını təsdiq edir. 2022-ci illə müqayisədə ötən il haqqıödənilən ictimai işlər, birgə maliyyələşmə və digər bu kimi tədbirlər vasitəsilə iş təminatında artımlar qeydə alınıb. Bu da haqqıödənilən ictimai işlərin daha geniş bir əmək bazarına təsir etdiyini və iş təminatında ən böyük təbliğatın bu sahədə müşahidə olunduğunu göstərir. Muxtar respublikada ötən ilin avqust ayından başlayaraq əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Məşğulluq Agentliyi tərəfindən 9 müəssisə ilə mövcud vakant yerlər üzrə müqavilə bağlanılıb, bir sıra işaxtaran və işsiz şəxslər işlə təmin olunub. Həmin şəxslərin 1000-dən çoxu haqqı­ödənilən ictimai işlərə cəlb edilib. 
    Son illərdə geniş yayılan və effektivliyi ilə diqqəti çəkən sosial layihələrdən biri də özünüməşğulluq proqramıdır. 2023-cü ildə bu sahədə maarifləndirici işlərin nəticəsi olaraq proqrama 1000 işsiz şəxs cəlb edilib. Monitorinq nəticəsində uyğunluğu müəyyən edilmiş 1000 nəfərdən, təxminən, 70 faizinin müvafiq təlimlər vasitəsilə bacarıqları inkişaf etdirilib və aktivlərlə təminata başlanılıb. 
    Əmək münasibətləri və əməyin mühafizəsi sosial ədalət prinsipinə uyğun olaraq daim diqqətdə saxlanılan məsələlərdəndir. Muxtar respublikada əmək münasibətləri və əməyin mühafizəsi istiqamətində tədbirlərin icrasına uyğun 2023-cü ilin yanvar-dekabr aylarında bir sıra işlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər və aparılan elektron audit nəticəsində nöqsanlar aşkarlanıb və müvafiq bildirişlər göndərilib, əmək qanunvericiliyinə dair maarifləndirmə tədbirləri diqqətdə saxlanılıb. Xidmət tərəfindən Əmək və Məşğulluq altsisteminin (ƏMAS) tətbiqi ilə bağlı muxtar respublikanın şəhər və rayonlarında maarifləndirici seminar və onlayn təlimlər keçirilib, həmçinin işəgötürənlərə metodiki köməkliklər göstərilib. 
    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2023-cü ildə əmək pensiyalarının vaxtında ödənilməsi üçün müvafiq işlər həyata keçirilib. İl ərzində 499 nəfərə proaktiv qaydada əmək pensiyası təyin olunub. Əlavə olaraq 2466 pensiyaçının əmək pensiyasında yenidən hesablama aparılıb. 2023-cü ildə 3107 nəfərə proaktiv qaydada sosial müavinət və təqaüd təyin edilib.
    Aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində 2023-cü ildə ünvanlı dövlət sosial yardımın tətbiq dairəsi xeyli genişləndirilib. Belə ki, il ərzində orta hesabla 1059 ailəyə 5,1 milyon manat məbləğində ödəniş edilib. Müqayisə üçün bildirək ki, ilin əvvəlində 318 ailə 36 min manat (ailəbaşına 113 AZN) sosial yardım alırdısa, ilin sonunda ailələrin sayı 1265-ə, məbləğ isə 582 min manata (ailə başına 460 AZN) çatıb. Ünvanlı dövlət sosial yardımın 2024-cü il üzrə əhatəliliyi, əlçatanlığı artırılacaq, bu sahədə elektronlaşmanı təmin edən VEMTAS-ın tətbiqi genişləndiriləcək.
    Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması, o cümlədən mənzil və nəqliyyat vasitələri ilə təminatı diqqətdə saxlanılır. Ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə 26 mənzil, 19 nəqliyyat vasitəsi təqdim edilib. Hesabat dövrünün sonuna 49-u kişi, 246-sı qadın olmaqla, 295 nəfər şəxs evdə sosial-məişət xidməti ilə təmin olunub. Həmçinin Ahıllar Evində yaşayan 6 sakinə xidmət göstərilib. Ötən il Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“Dəstək” Fondu) tərəfindən 195 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsə 478 min manat məbləğində vəsait xərclənib. “Dəstək” Fondunun fəaliyyəti ilə bağlı 2023-cü il 12 iyul tarixdə keçirilmiş iclasda fonda yığımların həyata keçirilməsi üçün ianə kampaniyalarının təşkil edilməsi barədə qəbul edilmiş, qərara uyğun olaraq “44 günlük Zəfər tarixinə ehtiramla – “Dəstək” Fonduna yardım kampaniyası” adlı aksiyanın icrası başa çatdırılıb.
    Bütün bu sadalanan layihə və proqramların icrası ilə yanaşı, il ərzində muxtar respublikanın rayon, qəsəbə və kəndlərində keçirilən vətəndaş qəbulları, davamlı olaraq şəhid ailə üzvlərinin, tənha ahılların evlərində ziyarətlər, onların qayğı və çətinlikləri ilə bağlı yerindəcə qərarların qəbulu dövlət-vətəndaş münasibətlərinin düzgün qurulmasına, effektivliyinin artırılmasına töhfə verməklə cəmiyyət üzvləri tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.

    Ümumilikdə, ötən ilin mənzərəsi belə deməyə əsas verir ki, ölkəmizdə yüksələn xətlə inkişaf edən, hər il yeni layihələrlə, proqramlarla daha da təkmilləşdirilərək səmərəliyi artırılan sosial siyasətin muxtar respublikamızda da uğurlu tətbiqinə nail olunub. Vətəndaş məmnunluğu, sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin əldə rəhbər tutulması sözügedən tədbirlərin icrasının 2024-cü ildə də kifayət qədər bəhrələr verəcəyini göstərir.

Nail ƏSGƏROV

Nəşr edilib : 03.02.2024 12:00