AZ EN RU

Vətən yolunda canını fəda etdi

Ümüd Oruc oğlu Niftəliyev

20.10.1998 – 16.11.2021

Ümüd çox nadinc uşaq idi. Bir yerdə durmazdı. O, dünyaya gəlişi ilə evimizə də sevinc gətirmişdi. Ümüd birinci sinfə də gedəndə çox sevindim. Dedim ki, oğlum artıq böyüyüb. Məktəbə gedərkən boynunu sığallayır, gələrkən bağrıma basıb öpürdüm. Dərslərinin necə keçdiyini soruşurdum. Yuxarı siniflərdə oxuyarkən deyirdi ki, ana, mən ya polis, ya da hərbçi olacağam. Bədəncə bir qədər zəif idi. Ona görə də razı olmurdum ki, nə polis, nə də hərbçi ola. Amma özü çox istədi. O qədər ürəkdən istədi ki, heç nə deyə bilmədik. Ümüd də niyyətinə doğru qaça-qaça getdi. Hər zaman deyirdi ki, biz mütləq torpaqlarımızı geri almalıyıq. Bu niyyətlə hərbi məktəbə daxil oldu Ümüd.

Üç il Naxçıvanda, dörd il də Bakıda akademiyada oxudu. Dördüncü kursda oxuyanda müharibə başladı. Getdi müharibəyə. 44 gün müharibədə iştirak etdi. Orden və medal aldı. Müharibədən çox sonra evə buraxdılar. 44 günlük müharibədə yaralanıb qazi olmuşdu. Amma yenə də hərbiyə geri döndü. Məktəbinə qayıtdı. Oxudu, qurtardı, leytenant rütbəsi aldı. Naxçıvana gəldi, bir aydan sonra yenidən işinə qayıtdı.
Noyabrın 12-dən sonra Ümüdə zəng çatmadı. 15-də Ümüdə zəng çatdı. Zəng vurdum telefonu açdı. Yoldaşımla yemək yeyirdik, sevindik. Dedik ki, Ümüd, bəs sən neçə gündü haradasan? Zənglərimizə cavab vermirsən. Demədi ki, haradadır. Dedi bir az qabağa getmişik. Telefon tutmur, narahat olmayın. Atası ilə danışanda tez-tez deyirdim ki, qısa elə. Ümüd kənardan danışır, erməni onu vurar. Elə bil ki, gözümə gəlirdi. Yemək boğazımda qaldı. Noyabrın 16-sı balam şəhid oldu. Hər şeyi yarımçıq qaldı. Oğlumun həsrətini çəksək də, çox qürurluyuq. Amma çox çətindir. Vətən sağ olsun!

Nəşr edilib : 22.05.2024 13:36