AZ EN RU

Vətən, xalq, ordu birliyinin təntənəsi, sərhədçilərimizə dövlət qayğısının daha bir ifadəsi

    Əsrlərin, qərinələrin şahidi, tarixin gərdişindən alnıaçıq, üzüağ çıxaraq bu gün öz parlaq dövrlərini yaşayan yurdum, inkişafın, tərəqqinin fövqündə dayanan məmləkətim – Naxçıvanım. Hər səhifəsində əcdadlarımın həyat ritmi, yurdu bağlılıq hissi, Vətəni qorumaq, yaratmaq, yaşatmaq amalı duyulan bu diyarı qarış-qarış gəzdikcə qeyrət, şücaət, şərəf dolu tarixi ilə qürurlanırsan, öyünürsən, işıqlı sabahlarımıza daha inamla, ümidlə baxırsan. Türk xalqının minilliklərə sığmayan mübarizə əzminin hopduğu bu elin insanları daim mənəvi zənginliyi, azadlıqsevərliyi, mətinliyi, mübarizliyi ilə sayılıb-seçilib. Bəlkə, buna görədir ki, Uca Yaradan illərdir, onun qüdrətini, döyüş ruhunu ər meydanında sınayıb. Bəlkə, buna görədir ki, xalqımız birliyin, bərabərliyin, bir bayraq kölgəsində cəm olub vətənpərvərlik nümayiş etdirməyin mənəvi feyzini duyub, Böyük Xaliq sınmaz iradənin, rəşadətin yazıldığı Sədərək döyüşlərində, Günnüt hərbində, Şuşa zəfərində onu haqq imtahanına çəkib. Bəlkə buna görədir ki, elimin qədir-qiymətini bilən igidləri öz şücaətləri ilə Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi birləşib, adı dillərdə deyilən Azərbaycan Ordusunu formalaşdırıb və onun şöhrətini bütün dünyaya çatdırıb. Bu gün müzəffər Ordumuzun, şanlı Azərbaycan Ordusunun xoş sədaları bağrında minlərlə şəhidlərimizin uyuduğu Murov zirvəsindən, Xan qızı Natəvanın yurd nisgilinə şahid olmuş Şuşa şəhərindən, Kəlbəcərin vüqarlı dağlarından, Ağdamın, Cəbrayılın azad olunmuş hər bir qarış torpağından gəlir; illərdir, Zəngəzurda düşmənin küfrünə hakim kəsilmiş Xan Arazın zümzüməsindən, İsa bulağının qəlblərə şəfa verən suyundan gəlir bu xoş səda və tarixin hər ötüb-keçən günü dünya daha da yaxşı dərk edir “Qarabağ Azərbaycandır!” həqiqətini. 

    Yol gedirik bir yönə... Bu yol bizi Şərur rayonunun Alışar kəndinə aparır, daha doğrusu, bu ərəfələrdə, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 30-cu ildönümü münasibətilə yenicə ordumuzun istifadəsinə verilmiş 5-ci Sərhəd Zastavasına. Çox keçmir ki, gəlib mənzilbaşına yetişirik. Budur, qarşımızda hər cür şəraitlə təchiz olunmuş, yaraşıqlı sərhəd məntəqəsi. Bizi zastava rəisi zabit Kamran Əhmədov qarşılayır. Gənc zabitimiz məlumat verir ki, 5-ci Sərhəd Zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi, ümumilikdə, 9 kilometrdir. Yeni istifadəyə verilmiş xidmət və yaşayış kompleksinin inşasına ötən ildən başlanılıb. İkimərtəbəli qərargah binasında əsgərlər üçün 40, subay zabitlər üçün 8 yerlik yataqxana, sinif, silah, rabitə və 3 iş otağı, 28 yerlik yeməkxana, ərzaq və tərəvəz anbarları, qurutma otağı və sığınacaq yerləşir. Bununla yanaşı, zastavada sıra meydanı, voleybol və futbol meydançası, idman və ləpirçilik şəhərciyi, atəş, mühəndis hazırlığı, xidməti heyvanların təlim yeri, tək əsgərin nəzarət zolağı olan təlim şəhərciyi də yaradılıb. Həmçinin burada yeraltı sığınacaq və müdafiə səngərləri, hərbçi övladlarının istirahəti üçün uşaq əyləncə yerləri, habelə nəzarət-buraxılış məntəqələri, avtomobillərin yuyulması yeri, helikopter meydançası, 63 kilovatlıq transformator və 30 kilovatlıq elektrik generatoru quraşdırılıb, bir sözlə, xidməti rahat yerinə yetirmək üçün hər bir şərait yaradılıb. Gənc zabitimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun zastavanın açılışında dediklərini xatırladır: “Bu gün xidməti-yaşayış kompleksi istifadəyə verilir. Burada həm şəxsi heyət üçün xidməti şərait, həm də zabit, gizir ailələri üçün lazımi yaşayış şəraiti yaradılıb. Bu da imkan verir ki, xidmət yaxşı təşkil olunsun. Əgər ailələrin şəraiti yaxşıdırsa, deməli, xidmət də yaxşı təşkil olunacaq”.

    Kamran Əhmədov söhbətinə davam edir: – Artıq 8 ildir ki, ordumuzun sıralarında xidmət edirəm, işimə, peşəmə canla-başla bağlıyam. Bu illər ərzində tabeliyimdə olan əsgərlərimizlə, hərbçi yoldaşlarımızla bir ailə olmuşuq. Vətəni qorumaq yalnız əldə silah, səngərdə keçik çəkmək deyil, yurdunun, mənsub olduğun xalqın insanlarını sevmək, onların xidmətində dayanmaqdır torpağa bağlılıq, elə bağlılıq. Mənim uşaqlığım ölkəmizin ən təlatümlü illərinə təsadüf edir. O illərin neçə keçdiyini, mənfur düşmənlərin xalqımızın başına açdığı müsibətləri tam olaraq xatırlamasam da, həmin dövrlərdə baş verən hadisələri analarımızın, atalarımızın danışdıqlarından öyrənmişik. Həmin illərdə deyilənləri bu gün göz önünə gətirdikdə Azərbaycan Ordusunun keçdiyi inkişaf yolu insanı qürurlandırır, fərəhləndirir. 

    Gənc zabitimiz deyir ki, Vətənin keşiyində dayanmaq çətin olduğu qədər, həm də şərəfli bir işdir. Çünki torpağının, ərazi bütövlüyünün məsuliyyətini, xalqının, millətinin rahatlığını xidmət etdiyin müddət ərzində çiyinlərində daşıyırsan. Bu yolda səbir, inam, güclü iradə, ən başlıcası isə nizam-intizam hər bir Azərbaycan zabitinin, əsgərinin xidmət amalı olmalıdır və bu gün məhz belədir. Bir məqamı xüsusi olaraq dilə gətirmək istərdim ki, dövlət orduya dəstək göstərməsə bu yol dözülməz, çətin olar. Lakin bu gün Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri, bu mənada, çox şanslıdır. Dövlətimizin hərbçilərimizə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrini hər bir ordu nümayəndəsinin timsalında görmək bizim şanlı ordumuzun sarsılmaz gücündən, qüdrətindən xəbər verir. Yeni tikilib istifadəmizə verilmiş, Alışar Sərhəd Zastavasında hərtərəfli təminatımız, müasir silah və texnikalarımız var. Hətta hər növ azuqəylə təmin olunmuş ərzaq anbarımız ilk baxışda insana böyük bir supermarket təəssüratı bağışlayır. Bundan artıq nə ola bilər ki? Bu gün düşmən də görür ki, onun qarşısında güclü Azərbaycan Ordusu dayanıb. Mənfur düşmən heç bir humanist ideyaya, insanlığa, döyüş qayda-qanunlarına sığmayan addımlarla, təxribatlarla əzmimizi sındırmağa çalışmasın. İstəsə də edə bilməz. Namusu, qeyrəti İblisə satılmış, gücü yaşlılara, nəfəsi süd ətri verən körpələrə çatan bir “millətdən” haqq işi uğrunda mücadilə aparan Azərbaycan Ordusu niyə qorxmalıdır? Biz onların layiq olduğu cavabı vaxtında, məqamında vermişik. Son zamanlarda düşmənin yaratdığı təxribatlara da ordumuz layiqincə cavab verib və verməkdə də davam edir. Bu şərəfli yolda şəhidlərimiz də oldu, qazilərimiz də. Yaxşı bilirik ki, Vətənin başını qara buludlar alan zaman onun köməyinə qədir-qiymət bilən övladları çatar. Nə şəhidlik, nə də başqa bir çətinlik yorar, usandırar bizi, geriyə addım atmarıq. Çünki Vətən yolunda şəhidlik məqamına çatmaq hər bir Azərbaycan əsgərinin, zabitinin qəlbində daşıdığı ən gözəl arzudur, istəkdir. 

    Deyirlər, Vətənə sevginin, məhəbbətin kövrək addımları ilk dəfə “Ana torpaq” sözlərini dilə gətirdiyimiz, kiçik dövlət hesab etdiyimiz ailədə atılır. Yastığı Vətən daşı, yorğanı qar olan igidlərin arxasında daim onlara dəstək duran, güc verən ailə üzvləri, ən əsası isə hər telefon zənginə ürəyini fərqli-fərqli duyğulara kökləyən hərbçi anaları və hərbçi xanımları dayanır. Qayıdaq həmin illərə – hər bir Azərbaycan xanımının şəhid anası, şəhid bacısı, şəhid xanımı olduğu 44 günlük Zəfər tariximizə. O günlər ki hər bir Azərbaycan vətəndaşı illərdir, köksündə daşıdığı kin-küdurətlə zirehlənmişdi, gözlərdə yanan intiqam alovu, övladı şəhidlik zirvəsinə ucalanların dillərindəki “min övladım olsa da, Vətən yolunda qurban olsun!” şüarı kifayət edirdi müqəddəs anda sədaqətimizə. Bu gün Ordumuza canla-başla xidmət edən hərbçimizlə yanaşı, onlara daim arxa-dayaq olan ailə üzvləri, ən əsası isə doğma ocaqlarında gələcəyin zabitlərini böyüdən hərbçi xanımları da bu şərəfli yolun yorulmaz yolçularıdır.  
    Söhbətimi zabit xanımı olmağı özünə şərəf bilən zabit Kamran Əhmədovun həyat yoldaşı Əminə Əhmədova ilə davam etdirirəm. Müsahibimiz deyir: – Bu gün bizim timsalımızda ordu sıralarında xidmət edən bütün hərbçi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu, ən başda dövlətimizin bizə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Çox şadıq ki, əmin-aman bir yurdda övladlarımızı böyüdə bilirik. Məskunlaşdığımız Alışar Sərhəd Zastavasındakı evimiz müasir görkəmi, səliqə-sahmanı ilə çox rahat və əlverişlidir. Bununla yanaşı, uşaqlarımızın vaxtlarını səmərəli keçirmələri üçün əyləncə və oyun guşələri də yaradılıb. Həmsöhbətim deyir ki, hərbçi xanımı olmağın çətinliyi və məsuliyyəti dillə ifadə edilə bilməyəcək dərəcədə çətin, lakin bir o qədər də müqəddəsdir. Hər qapı döyüləndə pis xəbər almaq düşüncəsinin qəlbə hakim kəsilməsi, hər şəhid xəbərini izlədikdə, eşitdikdə yaşadığımız həyəcan, kədər...məni yalnız bu yolu tutan hərbçi xanımları anlayar, başa düşər. Bu gün ailəmizdə gələcəyin iki zabitini böyüdürük. Onları Vətənə sədaqət ruhunda formalaşdırmaq, nümunəvi şəxsiyyət kimi yetişdirmək mənim üçün şərəfdir, qürurdur. Çünki mövzu Vətən olduqda hər xanım şəhid anası, şəhid bacısı, hər övlad yurdu xilas edən şəhiddir, qazidir. 
    Dözümlülük, möhkəmlik, mərdlik...bunlar tarixi qələmlə yox, qanıyla yazmağa hazır olan hər bir Azərbaycan əsgərinin mənəviyyatına hopmuş, ruhunda məskən tutumuş ən ümdə vəzifədir. Torpağı qorumağın fədakarlığını, müqəddəsliyini duyan, qəlbində “Vətən daşı” olan Vətən oğulları yaxşı bilir nədən danışdığımızı, nədən dediyimizi. Cəbhədən aldığımız hər bir xoş xəbərdə, yüksəklərə sancılan ay-ulduzlu bayraqda, dastana dönən ömürlərdə, zəfər bayrağına bükülən tabutlarda, Ali Baş Komandanın qürur dolu nitqində bütün xalq sizi görür, qazandığınız uğurlarla öyünür, mətinliyiniz, mübarizliyiniz neçə-neçə gəncə örnək olur. Çünki siz xalqın ümid yerisiniz, Azərbaycan əsgəri!
    Vətən sərhədlərində ayıq-sayıq xidmət edən əsgərlərimizlə də həmsöhbət oluram. Müsahibim Coşqun Əhmədov deyir: –  Vətənə xidmət hər bir Azərbaycan gəncinin  şərəf borcudur. Vaxtı çatanda hər kəs Vətənə əsgəri borcunu verməli, onu göz bəbəyi kimi qorumalıdır. Naxçıvanda xidmət etdiyim 9 ay müddətində şahid oldum ki, orduya göstərilən diqqət, qayğı biz əsgərlərin şəraitini yaxşılaşdırmaqla yanaşı, həm də dövlətimizin hər bir Azərbaycan gəncinə göstərdiyi nəvazişin, qayğının ən gözəl nümunəsidir. Bu gün həm bir Azərbaycan gənci, həm də Vətənin müsəlləh əsgəri kimi şadıq, sevincliyik. Çünki Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti, rəşadətli ordumuzun sınmaz iradəsi, sarsılmaz dəyanəti ilə əzəli-əbədi torpağımız olan Qarabağımız artıq Azərbaycana qovuşub. Bu haqlı və ədalətli qələbənin arxasında, sözsüz ki, uğurlu siyasət və böyük amallara hesablanmış ordu quruculuğu dayanır. Artıq bir aydır ki, yeni tikilmiş, lazımi bütün şəraitlə təchiz edilmiş Alışar Sərhəd Zastavası bunun ən gözəl və ən parlaq nümunəsidir. Qeyd edim ki, burada bizim üçün hər cür şərait yaradılıb. Zastavadakı nizam-intizamın nəticəsidir ki, əsgər yoldaşlarımızın hamısı bir-biri ilə mehribandır. Bizə göstərilən bu diqqətə görə sərhədlərimizin keşiyində əsl Azərbaycan əsgəri kimi daim ayıq-sayıq dayanacaq, onu qanımız, canımız kimi qoruyacağıq.
    Ali Baş Komandanın bircə tapşırığı bəs edir ki, canımızla, qanımızla Vətənimizə dikilən gözlərə od salaq, düşməni bundan da artıq məğlubiyyətə düçar edək, – deyir əsgər Tofiq Rəhmanov:
    – Burada keçirdiyim 1 ay müddətində şahidi oldum ki, həqiqətən, ordumuza dövlətimizin diqqəti çox yüksək səviyyədədir. Bunun nəticəsi idi ki, 44 günlük Vətən müharibəsində rəşadətli ordumuz haqlı olduğumuz savaşı qələbə ilə sona çatdırdı. Belə bir orduda xidmət etmək həm böyük şərəf, həm də böyük qürurdu bizim üçün. Yenicə istifadəyə verilmiş sərhəd zastavasında şərait çox gözəldir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərhəd zastavasının açılışında şəxsən iştirak etməsi, əsgərlərlə, sərhədçi ailələri ilə səmimi söhbət aparması, dəyərli tövsiyə və tapşırıqlar verməsi sərhədçi adının necə şərəfli olduğunu diqqətə çatdırması, həqiqətən, bizə göstərilən etimadın bariz nümunəsidir. Azərbaycan əsgəri yaxşı dərk edir ki, Vətəni sevmək, Vətən boyda əmanətə sahib çıxmaq, onun hər qarış torpağını göz bəbəyi kimi qorumaq insanın çata biləcəyi ən ümdə məqam, şərəf, ləyaqət nöqtəsidir. Doğma yurdunu, elini canından, qanından daha çox sevən ərənlərimizin, igidlərimizin şücaəti, gücü-qüdrəti sayəsində torpağımız, ata-baba yurdumuz illərdir ki, öz bütövlüyünü təmin etmək yolunda ağrı-acılar yaşayıb, şəhidlər verib, amma yenə də əyilməyib, sınmayıb. Çünki bir elin, xalqın qeyrətini çəkən övladları varsa, o Vətən xoşbəxtdir, bəxtəvərdir. Bu gün hər bir Azərbaycan əsgəri xoşbəxtdir ki, doğma yurdu, müstəqil dövləti var. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı sevə-sevə qurban verəcəyimiz müqəddəs torpaqlarımız var. Daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz var. Vətənimiz də xoşbəxtdir ki, ona ürəkdən bağlı xalqı, onu yağılardan qoruyan güclü ordusu var. Bundan sonra da belə bir orduda xidmət edən bütün Azərbaycan əsgərləri adından söz verirəm, and içirəm ki, Vətənimizin, xalqımızın xidmətində, sərhədlərimizin keşiyində canımızla, qanımızla dayanacaq, torpaqlarımızın düşmən əlinə keçməməsi üçün ayıq-sayıq olacağıq.  
    Artıq sərhəd məntəqəsindən ayrılmaq vaxtı çatıb. Şərur rayonunun barlı-bəhərli çölləri, bağları, bostanları, əməyə, zəhmətə könüldən bağlı insanlarının işlərinə tamaşa edə-edə yol bizi bir ünvana çatdırır. Hələ bu yolu gedərkən söz vermişdim ki, rayon ərazisində ucalan ay-ulduzu bayrağın kölgəsində dayanım. Üçrəngli bayrağın kölgəsində qaraca torpağı Vətən görənlər kimi mən də bu müqəddəslikdən nəsibimi alım. Budur, başımın üzərində qürurla, fərəhlə dalğalanır zəfər rəmzimiz, hər rəngində bir məna, hər mənasında bir tarix, hər tarixində bir şərəflə, şücaətlə dalğalanır. “Bayraqları bayraq yapan üstündəki qandır!” – deyib şəhid övladlarının al qanından, “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!” – deyib sonsuz asimanın ənginliyindən, qədir-qiymət bilən övladlarının azad etdiyi bolluq-bərəkət qoxulu torpaqlarının allı-güllü rənglərindən mənalı rənglər seçib özünə, şəhid analarının ağarmış saçlarından ay-ulduz çəkib sinəsinə, şəhid atalarının dik qamətindən güc alıb məğrurcasına, şərəflə, qürurla dalğalanır. Ordusuna, günü-gündən çiçəklənən torpağına, şəhidlərimizin qanı bahasına azad edilən elinə baxaraq dalğalanır, “Vətən sağ olsun!” – deyib əbədiyyətə yola salınan igidlərinə baxaraq dalğalanır. Sən həmişə dalğalan Vətənimin azadlıq rəmzi, yurdumun qeyrət, hünərvərlik simvolu: Sən dalğalan ki, əhdimizdən, imanımızdan, inamımızdan dönməyək geri, bir də izin ver, şərəf bəxş et öpüm kölgən düşən o mübarək yeri, o müqəddəs Vətən torpağını!

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 23.09.2022 19:05