AZ EN RU

Vətən torpaqlarından halallıq alan barımız-bərəkətimiz tükənməsin

Yeni həyata uğurlu başlanğıc: Torpaq çərşənbəsi

    İlaxır çərşənbələrin sonuncusu Torpaq çərşənbəsidir. Ayin və ritualların zəngin olduğu bu çərşənbəni xalq olduqca təntənəli şəkildə qeyd etməyi özünə borc bilir. Qeyd edək ki, Naxçıvanda Novruz bayramı ərəfəsində təkcə Torpaq çərşənbəsində deyil, bütün ilaxır çərşənbələr zamanı axşamlar evlərin həyətində tonqallar qalanır. Bu tonqal xalq arasında “cəmrə” adlanan istiliyin simvoludur. Bununla yanaşı, digər ayin və rituallar da icra olunur. Bunlardan ilaxır – Torpaq çərşənbəsi isə mərasim, ayin, etiqad, müxtəlif oyun və şənliklərin daha çox icra olunduğu çərşənbədir. 

    Ordubad rayonunda Novruzun ən cox sevilən ərəfəsi – ilaxır çərşənbə, yəni Torpaq çərşənbəsi “Yeddiləvin” adlanır. “Yeddiləvin” zamanı oğlan evi qız evinə şirni apararkən orada şirninin müxtəlif növlərindən olur. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin” adı vermişlər. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Qeyd edək ki, bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “yeddiləvin”ə “yeddisin” də deyirlər. “Yeddiləvin” axşamı tonqallar qalanır. Əhalinin bayram uğurunu – sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır. Hamının bir-birinə bu barədə ilk sualı belə olur: “Görəsən, Bəlkədə tonqal qalanıbmı?” Bəlkə dağında tonqalın qalanması hamının bayram sevincini birə-beş artırır. 
    Bayrama hazırlıq hələ fevral ayından, yəni elə ilk çərşənbədən başlayır, ilin son çərşənbəsində, yəni Torpaq çərşənbəsində artıq hər şey nizamlı şəkildə hazır olur. Hər evdə hiss edilən bayram əhvali-ruhiyyəsi Azərbaycanda xalq həyatının müxtəlif məqamlarında özünəməxsus şəkildə əks olunur. Ordubad rayonunda yaşlı nəslin nümayəndələrindən bəzisi ilaxır çərşənbəyə “ilin ən bəd çərşənbəsi”, “ilin ən ağır çərşənbəsi” də deyirlər. Belə bir inam var ki, bu gün o qədər şən keçməlidir ki, ilboyu insanlar üçün uğurlu və sevincli olsun. 
    Torpaq çərşənbəsində Naxçıvan ərazisində icra olunan adətlərdən biri də “Danatma” mərasimidir. Ordubad rayonundan topladığımız folklor örnəklərinə əsasən mərasim ərazinin gənc oğlan və qızları arasında keçirilir. Bir məhəlləyə toplaşan gənclər bir nəfəri seçərək onu yaxınlıqdakı çeşmədən su gətirməyə göndərirlər. Su gətirməyə gedən gəncə göstəriş verilir ki, o, yolboyu susub danışmamalıdır. Əgər danışarsa, gətirdiyi su təmiz hesab edilməz. Qoyulan şərtin icra olunub-olunmadığını yoxlamaq məqsədilə bir nəfəri onu güdmək üçün təyin edirlər. Əgər şərtə düzgün şəkildə əməl olunubsa, həmin su təmiz hesab edilir, mərasimdə iştirak edən hər kəs o sudan həm içir, həm də o sudan növbəti mərasim – “Vəsfi-hal” üçün istifadə edir. Eyni zamanda suyu gətirən gənc də mükafatlandırılır. Vəsfi-hal mərasimi isə ancaq qızlar arasında keçirilir. Təmiz hesab edilən su bir cama tökülür. Cama mərasim iştirakçısı olan qızların üzük, sırğa və digər bəzək əşyaları da atılır. Mərasimi icra edən başçı bayatı oxuya-oxuya əlini cama salır, kimin əşyası camdan çıxarsa, ifa olunan bayatı ilə onun gələcək taleyini “müəyyən edirlər”.
    Naxçıvan inancları arasında ilaxır çərşənbənin ritual özəlliklərini daşıyan nümunələr olduqca çoxdur. İnanc, sınama, ovsun, falabaxma nümunələri isə bu baxımdan daha aktivdir:
    Deyərlər ki, ilaxır çərşənbə gecəsi obaşa yaxın çayın suyu dayanar, söyüdlər başını əyib torpağa dəyər. Bu vaxt hər niyyət yerinə yetər. 
    İlaxır çərşənbədə qızlar əlində güzgü tutarlar. Ayın şəkli düşər güzgüyə. Şəklin içində oğlan əksi görünsə, sevdiyi oğlana gedər, – deyərlər. 
    İlaxır çərşənbə Torpaq çərşənbəsi olduğundan həmin gün qalanmış ocağın külündən götürüb suya tökərlər. Naxçıvanda yayılmış digər inancda isə deyilir ki, ilaxırda od qalanır. Səhər külü yığıb yağış yağan novdanın altına tökmək lazımdır. Tökəndən sonra arxana baxmadan getməlisən. Ərazidən toplanmış inanc örnəklərinin hər ikisində odla yanaşı, suyun da təmizləyici funksiya daşıması öz əksini tapmaqdadır. 
    İlaxır çərşənbənin əsas mərasimlərindən biri qulaq falıdır. Qız-gəlinlər bir yerə toplaşar, yavaş-yavaş qonşu evlərinə gedərlər. İçəriyə daxil olar, ürəklərində arzu tutarlar. Arzu tutmazdan öncə ayaq altına qıfıl qoyarlar. Təşrif buyurduqları ev sakinlərinin həyətində, ya da qapısının ağzında kiminsə durmasından xəbərləri olmaz. Ev əhalisinin dilindən səslənən hər bir sözlə mərasim iştirakçıları ürəklərində tutduğu arzularını yozarlar. Odur ki, ulularımızın tövsiyəsinə görə, ilaxır çərşənbədə evdə xeyir saçan, xeyirli sözlər danışmaq məqbul sayılar.
    İlaxır çərşənbələrlə bağlı mərasim və ayinlərin çoxu bu gün də xalq arasında yaşamaqdadır. Bu nümunələr qədim türkün arxaik düşüncəsinin məhsulu olmaqla xalqın əxlaqi, estetik dünyaduyumunu ifadə edərək öz mühafizəkarlığı ilə seçilir. Torpaqla bağlı Naxçıvanda müxtəlif xalq yaradıcılığı nümunələri yaddaşlarda yaşamaqdadır ki, bunlardan sözün magik qüvvəsinə inamı xarakterizə edən alqışlar olduqca fəaldır: 
    Torpağın bərəkətli olsun.
    Torpağı sanı yaşıyasan!
    Torpaq kimi bar-bəhrəli olasan!
    Torpağından təzə-təzə nübarlar dadasan!
    Torpağın rahat olsun!
    Bu nümunələrdən göründüyü kimi, torpaq qədim türklərdə insanı haqq dünyasına qovuşduran varlıq olmaqdan əlavə, insanın xilasına xidmət edən kult kimi də düşünülmüşdür. Torpaq müqəddəsliyi ilə həm insana həyat verər, həm də onu haqq dünyasında ağuşuna alar. Hər mənada torpaq insana hamidir.    Muxtar respublikamızın bəzi regionlarında xalq arasında torpağın müqəddəsliyini ifadə edən atalar sözü və məsəllər də yetərincədir:
    Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
    Torpaq əkinçinin zəhməti ilə zinətlənər.
    Torpağa var versən, o da sənə bar verər.
    Sular hərəkətlidir, torpaq bərəkətli.
    Torpağı ovuclayan qızıl ovuclar.
    Torpağın üzü soyuq olar.
    Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör. 
    Torpaqla oynayan ac qalmaz.
    Torpaqdan pay olmaz.
    İcra olunan ayin və mərasimlər, eləcə də Torpaq çərşənbəsi ilə əlaqəli yaddaşlarda qorunan inanc-sınama örnəkləri ulu əcdadın erkən təsəvvürlərinin məhsulu kimi dəyərlidir. Bu örnəklər torpağın xalqın həyatındakı vacibliyini, əhəmiyyətini bədii və poetik şəkildə təsdiqləyir. 
    Xalqın yaxşıya, xeyrə olan inamını daşıyan alqışına qoşularaq deyirik ki, Vətən sevgisindən güc alaraq sahibləndiyimiz halal torpaqlarımızın barı-bəhrəsi hamımızı sevindirsin! Rəngarəng ritualları ilə ilaxır çərşənbələrin bəzəyi olan Torpaq çərşənbəmiz mübarək olsun! 

Aytən CƏFƏROVA 
AMEA Naxçıvan Bölməsinin İncəsənət, 
Dil və Ədəbiyyat İnstitutunun 
Folklorşünaslıq şöbəsinin müdiri, dosent

Nəşr edilib : 13.03.2023 22:22