AZ EN RU

Vətən torpağı oldu mənim Kənanım!

Kənan Vaqif oğlu Quliyev

11.09.1992 – 22.10.2020

Kənan çox qeyrətli, Vətənini sevən oğlan idi. Deyirdi ki, ana, mən qürbətdə bir gün də olsun yaşaya bilmərəm. Torpaqlarımızın işğal edilməsinə dözə bilmirdi. 20 Yanvar, Xocalı və digər faciəli günlərimizdə çox kədərli görünürdü. Bəlkə də, onu hərbçi olmağa sövq edən həmin faciələr idi. İstəyinin arxasınca getdi.
Əsgəri xidmətdə sürücülük edirdi. Gəlib deyirdi ki, maşınım köhnədir, tez-tez xarab olur. Deyirdim, ay bala, ehtiyatlı ol. Deyirdi, ana, nə olacaq ki, şəhid olaram. Deyirdim ki, elə demə. Deyirdi, ana, şəhidlik uca zirvədi. Kaş hər birimiz o zirvəyə qalxa bilək.

Kənan hələ müharibəyə getməmişdi ki, Culfa şəhərinin ilk şəhidi Nicat Məmmədlinin nəşinin gətirilməsi xəbərini eşitdik. Bir neçə dəqiqə sonra Kənan işdən gəldi ki, tez mənim paltarlarımı təmizləyin. Şəhidi qarşılamağa gedirəm. Dedim ki, ana qurban, yemək ye, gedərsən. Dedi, ana, hər kəs getməlidi. Sabah mən şəhid olsam, kim qarşılayacaq. Elə bil ürəyinə dammışdı.
Kənanın arzuları var idi hərbidə işə başlayanda. Ailəli idi mənim balam. Bir il səkkiz ay bəy, yeddi gün ata oldu. Onun bütün arzuları ürəyində qaldı. 
Övladı dünyaya gələndə çox sevinirdi. Yerə-göyə belə sığmırdı. Bütün heyət yığışıb onun övladının dünyaya gəlməsini qeyd etmişdi. Ancaq oğlumun övlad sevinci yeddi gün çəkdi. Balasını itirdi. 
Kənanım çox zarafatcıl idi. Hövsələm olmayanda elə hərəkətlər edərdi ki, mən gülüm. Gülən kimi deyirdi: – Ana, güldün də, eləmi? Birdən, olur da, arada deyirdim ki, daha səndən küsdüm. Tez gəlib deyirdi: – Ana, niyə, mən axı gedirəm. Mənə elə söz de ki, bilim incikliyin keçdi. Onu xatirələrə sığdıra bilmirəm.
Kənan şəhid olana qədər çox xoşbəxt olmuşam. Kənanlı həyatım mənim üçün əvəzolunmaz idi. Müharibəyə gedəndə evdə demədi. Bakıda olanda bildik. Müharibəyə aparanda komandiri də deyib ki, sən getməyə bilərsən. Övladını yeni itirmisən. Yox, komandir, mən getməliyəm, deyib. Vətənimi və qardaşlarımı tək qoya bilmərəm. Getdi, özü də Vətən torpağı oldu, mənim Kənanım!

Nəşr edilib : 09.02.2024 17:36