AZ EN RU

Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi

    Bu il Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin üçüncü ildönümünü qeyd edəcəkdir. Bu qələbənin əldə olunmasında vətənpərvərlik ruhunda böyüyən gənclərin də rolu danılmazdır. Ona görə də bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müstəqilliyinin üçüncü onilliyinə qədəm qoymuş Azərbaycanın hərtərəfli gələcək inkişafı üçün məhz milli şüura malik, vətənpərvər və doğma Vətənin tərəqqisi naminə çalışan gənclərin formalaşması olduqca zəruridir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Dahi rəhbərimiz müstəqil düşüncə tərzinə sahib vətənpərvər nəslin yetişdiyini qürur hissi ilə vurğulayaraq deyirdi: “Məni hədsiz dərəcədə sevindirən odur ki, Azərbaycanın gələcəyini möhkəm əllərdə saxlaya bilən, Azərbaycanı daim bütün xətalardan qoruya bilən, Azərbaycanın dövlət müstəqilliyini, demokratik dövlətini qoruya bilən gəncliyi vardır”.

    Bu da xüsusilə vurğulanmalıdır ki, ölkəmizdə gənc nəslə xüsusi diqqət və qayğı göstərilməsinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider ölkəyə rəhbərlik etdiyi dövrlərdə gənclərə inanıb, güvənib, onların hərtərəfli biliyə malik olmaları, hərbi vətənpərvərlik ruhunda yetişmələri üçün bütün imkanlardan istifadə edib. Prezident cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar müstəqillik illərində – Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə formalaşmış nəslin nümayəndələridir. Halbuki müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, orduda da vəziyyət acınacaqlı idi. Hərbi xidmətdən boyun qaçırma halları geniş vüsət almışdı. Amma Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində əsaslı islahatlar aparıldı. İnsanların dövlətçiliyə və orduya inamı daha da artdı. 
    Azərbaycanın 5 min ilə yaxın dövlətçilik tarixində Qarabağ müharibəsi xüsusi yer tutur. Tariximizə nəzər salsaq, görərik ki, yaratdığımız dövlətlər dəfələrlə yadelli işğalçıların talamına, torpaqlarının zəbt olunmasına məruz qalıb. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu itirdiyimiz torpaqları özümüzə qaytarmaqla onilliklər sonra müstəqil dövlətimizin ərazi bütövlüyünü təmin etmiş oldu. Burada Azərbaycan igidləri yalnız silah və texnika gücü ilə yox, eyni zamanda fərdi şücaətləri ilə yadda qaldı. Bu da onların Vətənə məhəbbət hissinin, vətənpərvərliklərinin bariz nümunəsi kimi bugünkü yeniyetmələr üçün bir örnəkdir.
     Söz yox ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Döyüşlər zamanı canından, qanından keçən gənclərimiz milli maraqlarımız, dövlətçilik uğrunda yetişdiklərini təsdiq etdilər. Təsdiq etdilər ki, Azərbaycan gəncləri milli, vətənpərvərlik ruhunu yaşadaraq haqq və hüquqlarımızın keşiyindədirlər. Bu isə həm də ondan xəbər verir ki, bundan sonra da milli maraqlarımızı, dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, ümumilikdə, suverenliyimizi qoruyacaq layiqli gənclərimiz var, onların sayı gündən-günə çoxalmaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyev hələ ötən il Şuşada – Cıdır düzündə xalqa müraciət edərkən bu xüsusda bildirirdi: “Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”. 
    Gənclərimizin bu gün özünü göstərən milli, vətənpərvərlik ruhu onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi əmin əllərdədir. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. 
    Naxçıvan Muxtar Respublikasında da yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vətəndaşlıq hisslərinin aşılanması diqqət mərkəzindədir. Yeniyetmə və gənclərin təhsili, sağlamlığının qorunması, asudə vaxtının səmərəli təşkili, vahid mərkəzlərdə eyni ideya ətrafında birləşməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. 
    Bu gün sirr deyil ki, qədim Naxçıvan tarixi və təbiət abidələri, çoxsaylı mədəniyyət müəssisələri, əsasən də, muzeylərlə zəngindir. Bu, bir tərəfdən, xalqımızın qədim tarixə, zəngin mədəniyyətə malik olması ilə bağlıdırsa, digər tərəfdən, bu, tarixi, mədəniyyəti yaratmış böyük şəxsiyyətlərə məxsusluğu ilə əlaqədardır. Təbii ki, muzeylər həm də istənilən şəhər, bölgə haqqında ilkin və ən dolğun mənbələr rolunu oynayır. Elə Qoca Şərqin qapısı sayılan Naxçıvanın paytaxt şəhəri də, yuxarıda qeyd etdiyimiz kimi, müxtəlif profilli muzeyləri ilə tanınır. Belə muzeylərdən biri də şəhərin qərb hissəsində – Əcəmi seyrəngahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksidir. Muzey kompleksində nümayiş olunan eksponatların əksəriyyəti Azərbaycanın, o cümlədən Naxçıvanın qədim və orta əsrlər, xanlıqlar dövrü tarixlərinin öyrənilməsi üçün əsas mənbələrdir. Kompleksə daxil olan muzeylər həm mədəniyyət ocaqları, həm də tarixi abidələr kimi dünya mədəniyyəti tarixi üçün olduqca əhəmiyyətli hesab olunur və fondların zənginləşdirilməsi diqqət mərkəzində saxlanılır. Fəaliyyəti dövründə muzeyi hər il 150-200 mindən artıq müxtəlif kateqoriyalı tamaşaçı ziyarət edir. Burada elmi konfranslar, distant və açıq dərslər, eksponat təqdimatları keçirilir. Həmçinin muzeyin ərazisində müxtəlif dövlət tədbirləri, bayram və şənliklər təşkil olunur.
     Ərazinin yaşıllıqlarla əhatə olunması, burada istirahət üçün hərtərəfli şərait yaradılması bu kompleksin böyük əhəmiyyət daşıdığının göstəricisidir. Muxtar respublikaya gələn turistlərin, əcnəbilərin, demək olar ki, hamısı bu muzeyin ərazisini ziyarət edir, belə möhtəşəm kompleks barədə təəssüratlarını bildirirlər. Ölkəmizin digər bölgələrindən, həmçinin xarici ölkələrin müxtəlif turizm şirkətləri tərəfindən göndərilən qrupların səyahət planında da bu mədəniyyət müəssisəsinin adı hər zaman ön yerdə olur. Bir sözlə, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini mədəni istirahət baxımından ideal məkan sayanlar öz qənaətlərində yanılmırlar.
    Muzey kompleksinin yerləşdiyi ərazi həm də öz mistik aurası ilə seçilir. Bütövlükdə Azərbaycanın dövlətçilik tarixinin izlərini yaşadan abidələr sanki əvvəldən düşünülərək bu ərazidə yerləşdirilib: Atabəylərin yadigarı Möminə xatın türbəsi, Naxçıvan xanlarının iqamətgahı Xan sarayı, müstəqil Azərbaycan dövlətinin banisi – Ümummilli Lider Heydər Əliyevin möhtəşəm abidəsi, ümumilikdə, Əcəmi seyrəngahını hər birimiz üçün dəyərli edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 2023-cü il 5 iyun tarixli Sərəncamının icrası istiqamətində görülən tədbirlər çərçivəsində hazırda seyrəngahda kompleks abadlıq-quruculuq işləri həyata keçirilir. 
    Bu gün Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir. Çox şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız yenə də Qarabağın bütün ərazisində dalğalanır. Son hadisələr də göstərir ki, Azərbaycan gəncliyi cəsurdur, mübarizdir və ərazi bütövlüyümüzün bərpa olunması yolunda bütün təxribatların qarşısını qətiyyətlə almağa qadirdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir...” 

    Tarixi Qələbəmizin əsasında dayanan vətənpərvərlik ruhunun aşılanmasında isə qədim və zəngin tariximizin öyrənilməsi və təbliği, tarixi keçmişimizə doğma, yanarlı münasibət mühüm rol oynayır. “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin kollektivi də dövlətimizin maddi-mədəni irsə böyük qayğısından bəhrələnərək gələcəyimiz olan gənclərimizə qəhrəmanlıqlarla dolu keçmişimizi, zəngin dövlətçilik tariximizi, milli-mənəvi dəyərimizi, xalqımızın minilliklərdən süzülüb gələn mədəni irsini təbliğ etmək istiqamətində səy və bacarığını bundan sonra da əsirgəməyəcək.

 Jalə MİRZƏYEVA
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və 
Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi

Nəşr edilib : 20.09.2023 02:14