AZ EN RU

Vətən sevgisi ilə azadlıq məşəlini alovlandıran oğullar...

    İllərdir, ürəklərdə buz bağlayan torpaq həsrətinə, el-oba hicranına son qoymaq, Vətənin bütövlüyünü təmin etmək üçün xalqın birliyinə, həmrəyliyinə arxalanıb Ali Baş Komandanın əmrinə müntəzir olaraq çıxdılar zəfər yürüşünə, müqəddəs savaşa. “Qazi, şəhid olarıq, amma qalib gəlmədən geri dönmərik!” amalı ilə ölümün gözünə dik baxaraq mətin addımlarla yürüdülər doğma, əzəli Qarabağımıza doğru. 30 illik istehkamları tar-mar etdi ürəklərdə parlayan Vətən eşqi, yurd sevdası, bir çiynində düşməni lərzəyə salan silahı, digərində yaralı döyüş yoldaşını daşıyaraq aşdılar dağları-dərələri, müasir hərb tarixinə qızıl hərflərlə yazdılar yeni səhifələr. Vətənin vüsal rəmzinə çevrilib, qələbə ətirli üçrəngli bayrağa bürünən, şəhidlik zirvəsinə yüksəlib xalqımızın qəlbində əbədiyyət taxtı quranlar da oldu, şücaət və mərdliklə döyüşərək qazi statusu alaraq gəncliyimiz, gələcəyimiz üçün canlı örnəyə, nümunəyə çevrilənlər də. Düz iki il bundan öncə onlar döyüş meydanında düşməni diz çökdürüb nəfəsini kəsir, illərdir ki, keçilməz sanıb cidd-cəhdlə ermənilərin qurduqları istehkamları, onların saxta erməni mifini əzib keçərək Böyük Qələbəyə doğru addımlayırdılar... Bəli, budəfəki yazımızda məhz II Qarabağ müharibəsində şanlı zəfər tarixi yazan qazilərdən bir neçəsi ilə söhbət edib, onların xatirələrində həmin anları yenidən xatırlamaq, keçdikləri şərəfli ömür, döyüş yoluna qısaca nəzər salmağa çalışacağıq...

    1998-ci il avqustun 1-də Culfa şəhərində dünyaya göz açan Mürsəl Behbudov da Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərən döyüşçülərimizdəndir. Mürsəlin hərb sənətinə marağı Culfa şəhər 3 nömrəli tam orta məktəbin 6-7-ci siniflərində oxuyanda yaranıb. Dərslərdə müəllimlərinin I Qarabağ müharibəsi, Xocalı soyqırımı haqqında danışdıqlarını diqqətlə dinləyən eloğlumuz gələcəkdə Vətən keşiyində dayanmaq, torpaqlarımızın azadlığı üçün əlindən gələni əsirgəməmək, xalqımızın qisasını alıb ermənilərə layiq olduğu dərsi vermək naminə müqəddəs, şərəfli bir yola çıxmağı qarşısına məqsəd qoyur. Elə bu məramla da 2012-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə keçirilən qəbul imtahanlarında iştirak edərək müvəffəqiyyət qazanır. Digər kursant yoldaşları kimi onun da növbəti addımı Heydər Əliyev adına Hərbi İnstitutda oxumaq olur. 2015-2019-cu illərdə həmin institutda hərbin ilkin sirlərinə dərindən yiyələndikdən sonra leytenant rütbəsi alaraq motoatıcı taqım komandiri kimi Xocavənd rayonunun “N” hərbi hissəsinə yollanır...
    Qısa zamanda nizam-intizamlı taqım formalaşdıran Mürsəlin məktəb illərindəki arzularının işığı 2020-ci il sentyabrın 27-də şəfəq saçmağa, parlamağa başlayır. 30 illik səbrin tükəndiyi, təmkinin sona çatdığı həmin gün digər silahlı birləşmələrimiz kimi, Xocavənd rayonundakı “N” hərbi hissənin şəxsi heyəti də döyüşə hazır vəziyyətə gələrək əks-hücum əməliyyatında iştirak edir. Vətən müharibəsinin 2-ci günü bölük komandiri ciddi yaralandığı üçün Mürsəl Behbudov həmin məsuliyyətli vəzifəni öz üzərinə götürür. Başçılıq etdiyi bölük Füzuli istiqamətində ağır döyüşlərə qatılır, rayonun bir sıra yaşayış məntəqələrinin azad edilməsində şücaət göstərir. Yaralı döyüş yoldaşlarının ərazidən təxliyəsində fəallıq nümayiş etdirən qəhrəman eloğlumuz oktyabr ayının 2-si son döyüşünə çıxır. Həmin döyüşdə düşmən tərəfindən atılan tank mərmisi Mürsələ ağır xəsarət yetirir. Məcburi şəkildə döyüş meydanından çıxarılan hərbçimizin xidmətləri müharibədən sonra dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunur. Cari ilin mart ayında avtomobillə təmin edilən Mürsəl söhbətimiz zamanı dedi: – Ata-baba torpaqlarımızın azadlığa çıxmasında kiçik də olsa, payımın olması məni hədsiz qürurlandırır. Fəxr edirəm ki, qalib ordudan tərxis olunmuşam. Mənimlə çiyin-çiyinə döyüşən, şəhidlik zirvəsinə ucalan cəbhə yoldaşlarımın hamısının, o cümlədən leytenant Hafiz Qasımov, mayor Elbrus Bayramov və gizir Xəyal Namazovun əziz xatirələrini daim anır, onların şərəfli ömürlərini, nümunəvi xidmətlərini, döyüş yollarını gənclərə aşılamağa çalışıram. Bəli, Müzəffər Ali Baş Komandanın, qəhrəman oğulların sayəsində bu gün başımız dik, alnımız açıqdır, artıq Qarabağ problemi birdəfəlik həllini tapıb. Təəssüf ki, düşmən bunu anlamaqda yenə də çətinlik çəkir, müharibə bitsə də, erməni təxribatları davam edir, şəhidlər veririk. Ancaq Ali Baş Komandanın da dediyi kimi şəhidlərin qanı yerdə qalmayıb, bu baxımdan “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları düşmənə ağır, sarsıdıcı zərbə olub, hərbçilərimiz artıq lazımi yüksəkliklərə nəzarət edirlər. Nəhayət, düşmən anlamalıdır ki, bu torpaqların əsl sahibi məhz azərbaycanlılardır; ermənilər dərk etməlidirlər ki, 30 ildir, danışıqlarla həll olunmayan məsələni 44 günə həll edən müzəffər Ordu hər hansı təxribata qarşı layiqli cavab verməyə hazırdır. Müharibədən sonra qüdrətli dövlətimizin diqqətini daim üzərimizdə hiss edirik, problemlərimiz vaxtlı-vaxtında öz həllini tapır. Xalqımızın, dövlətimizin Vətən müharibəsi iştirakçılarına, qazilərə, şəhid ailələrinə dərin hörmət və ehtiramı çox təqdiredicidir. Qayğının növbəti təzahürü kimi bu il Novruz bayramı öncəsi mənə də avtomobil verildi. Bütün qazilər adından dövlətimizə minnətdarlıq edirəm.

    1995-ci il iyulun 17-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya göz açan Fərdi Cəlilov da Vətən qarşısındakı xidmətlərinə görə fəxr olunası eloğullardandır. 2010-2013-cü illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə, 2013-2017-ci illərdə Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan həmyerlimiz şərəfli peşə fəaliyyətini canla-başla yerinə yetirib. 2017-ci ildə leytenant rütbəsi ilə, motoatıcı taqım komandiri kimi Tərtər rayonundakı “N” hərbi hissəyə təyinat alan Fərdi qısa zamanda özünü doğruldub. Nəticədə, xidməti dövrünün bir ili ötməmiş bölük komandiri vəzifəsinin icrasına başlayıb. Bacarıqlı hərbçi nizam-intizamlı, təlimlərdə fəallığı ilə seçilən, post mühafizəsində ayıq-sayıqlıq göstərən, verilən tapşırıqları cəld, dəqiq yerinə yetirən şəxsi heyət formalaşdırmağa müvəffəq olub. Çəkdiyi zəhmət də bəhrəsiz qalmayıb. Belə ki, 2019-cu ildə Bərdə korpusu üzrə keçirilən “Ən intizamlı və döyüş yoldaşlığı: möhkəm post” müsabiqəsində döyüş növbətçiliyində əldə etdiyi nailiyyətlərə görə fəxri fərmana layiq görülüb. 27 sentyabr 2020-ci il tarixdə Fərdi Cəlilov artıq baş leytenant rütbəsi ilə bölük komandiri idi. Tərtər, Ağdərə, Suqovuşan istiqamətlərində əsgərləri ilə çiyin-çiyinə vuruşan Fərdi qısa zamanda bir sıra yaşayış məntəqələrimizin işğaldan azad olunmasında şücaət göstərib. Oktyabrın 3-ü baş leytenantımızın sonuncu döyüşü olub. Qolundan ağır yara aldığı üçün silah tutmaq qabiliyyətini itirərək döyüş meydanını tərk etməyə məcbur qalıb. O deyir: – Sentyabrın 27-də “nəhayət ki, düşmənə layiqli dərs verib torpaqlarımızı azad etmək vaxtı çatdı” ifadəsini bütün hərbçi yoldaşlarımın gözündən hiss etmək çətin deyildi. Bəli, 30 ilə yaxın bir dövrdə torpaqlarımızın işğal altında olması biz hərbçilərə daha ağır yük kimi gəlirdi, artıq daşımaqdan yorulmuşduq o yükü. Elə buna görə də hamımızın ürəyincə idi Vətən müharibəsinin başlanması. Beləcə, Ali Baş Komandanın əmrindən sonra mən də əsgərlərimlə birgə bu müqəddəs savaşa atıldım, qısa zamanda düşmənə sarsıdıcı zərbələr endirərək yaşayış məntəqələrimizin azadlığa çıxmasına nail olduq. 
    Fərdi Cəlilov qeyd edir ki, artıq 2 ildir, qohum-əqrəbanın, dost-tanışın, gənclərin yanında qürurla keçdiyi döyüş yolundan, müharibədəki hadisələrdən danışır. Həqiqətən də, qalib ölkənin nümayəndəsi olmaq, qalib ordudan tərxis edilmək bir başqa duyğudur. Dövlətin qayğısını hiss etmək, insanlardan mehriban münasibət, hörmət, ehtiram görmək də insana fəxarət gətirir. Müharibədən sonra digər döyüş yoldaşlarım kimi, o da Ali Baş Komandanın müvafiq sərəncamlarına əsasən medallarla təltif edildiyini, o şərəfli formanın üzərində “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə” medallarını böyük qürurla daşıdığını bildirən həmsöhbətim cari il sentyabr ayında avtomobillə, Zəfər Günü ərəfəsində isə mənzillə təmin olunmasından ürəkdolusu, minnətdarlıqla söz açır.

    1990-cı il avqustun 3-də Naxçıvan şəhərində dünyaya göz açan Hüseynalı Hüseynalıyev də Böyük Qələbəmizə töhfələr verən qəhrəman oğullarımızdandır. 2005-2008-ci illərdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə, 2008-2012-ci illərdə Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alan həmyerlimiz ölkəmizin müxtəlif yerlərində xidmət edib. 2013-cü ildə Təlim-Tədris Mərkəzində dinləyici kursunu bitirərək Gəncədəki “N” hərbi hissəyə leytenant rütbəsilə taqım komandiri kimi təyinat alan Hüseynalı 2 il sonra baş leytenant rütbəsinə yüksəlib. Nizam-intizamı ilə yanaşı, təlimlərdə, sürücülük, atəş hazırlığı məşğələlərində də fəallığı öz bəhrəsini verib. 2014-cü ildə Silahlı Qüvvələr üzrə keçirilən atıcı silahlardan düzgün nişanalma yarışında birinci yerə layiq görülərək diplom və fəxri fərmanla təltif edilib. 2016-2018-ci illərdə Qazaxda, 2018-2019-cu illərdə Şəmkirdə Vətənə borcunu ləyaqətlə yerinə yetirən Hüseynalının son təyinat yeri Beyləqandakı “N” hərbi hissə olur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə kapitan rütbəsilə, taborun qərargah rəisi kimi qatılır və uzun döyüş yolu keçir. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, Hadrut, Tuğ, Daşaltı və Şuşa döyüşlərində cəsarət, qəhrəmanlıq göstərir, Böyük Qələbəyə sayılı günlər qalmış, noyabrın 4-də ağır yaralandığı üçün hərbi hospitala aparılır. Müharibədən sonra “Vətən uğrunda”, Füzulinin, Qubadlının, Xocavəndin, Şuşanın azad olunmasına görə, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunan Hüseynalı deyir: – Hələ hərbi institutda oxuduğum müddətdə kurs yoldaşlarımızla söhbət zamanı elə hey deyirdik ki, görəsən, bizə torpaqlarımızı azadlığa qovuşdurmaq şərəfi nəsib olacaq? 2020-ci il Tovuz hadisələrindən sonra artıq müharibənin başlayacağını, arzumuzun reallaşacağını hiss edirdik. Və beləliklə, sentyabrın 27-də həmin məqam yetişdi. 44 günlük Vətən müharibəsinə Füzuli istiqamətində döyüşlərlə başladıq. Elə ilk saatlardan əsgərlərimdə, taqım, bölük komandirlərində hiss olunan böyük ruh yüksəkliyi, döyüşə hazırlaşanda vətənpərvərlik mahnılarını, marşları zümzümə etmələri hər birimizi qürurlandırdı, irəli atılmağa həvəsləndirdi. 44 günlük müharibənin 40 günündə iştirak edə bildim, Şuşanın azad olunmasınadək müxtəlif istiqamətlərdə savaş apardım. Döyüşlər ərzində nəinki hərbçilərimizin peşəkar­lığı, hətta könüllü şəkildə cəbhəyə yollanan qardaşlarımızın da necə cəsarətə, böyük ürəyə sahib olduğunu gördük. Qorxmadan, çəkinmədən ürəklə irəli yeriyib düşmənə sarsıdıcı zərbələri elə vururdular ki, heyrətlənməmək, fəxarət hissi keçirməmək mümkün deyildi. 
    Hüseynalı qeyd edir ki, bu gün Vətən müharibəsi iştirakçıları, qazilər qəhrəman generalımız Polad Həşimov başda olmaqla bütün şəhidlərimizin qisasını aldığı üçün çox qürurludur. Onları irəli aparan, torpaqlarımızın azadlığa çıxması uğrunda müqəddəs savaşa sövq edən ürəklərindəki Vətən eşqi ilə bərabər, xalqın birliyi, Ali Baş Komandanın qətiyyəti, dövlətimizin qüdrəti olub: – Biz bu müharibə ilə həm ulu babalarımızın minillik qəhrəmanlıq ənənələrinə sadiqliyimizi sübut etdik, həm də bir sıra dövlətlərin pərəstiş etdiyi yalançı erməni mifini, xülyasını yoxa çıxartdıq. Bu gün müqəddəs savaşda pay sahibi olan bütün silahdaşlarım dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub.
    Rəşadətli hərbçimiz söhbətinə minnətdarlıq duyğusu ilə davam edir: – Mənə də bu ilin avqust ayında Naxçıvan şəhərində 2 otaqlı mənzil hədiyyə edilib. Ailəliyəm, bir qız övladım var. Ən böyük arzumdur ki, onu alitəhsilli, Vətənə, dövlətə layiqli vətəndaş kimi böyüdüm. İnanıram ki, dövlətimizin yaratdığı hərtərəfli şərait bu istəyimin reallaşmasına imkan verəcək. Bizə göstərilən bu qayğı vətənpərvər gəncliyi yetişdirmək, onlarda şərəfli hərbçi ixtisasına marağı daha da artırmaq baxımından bir örnəkdir.
    “Azadlıq nədən belə şirindir? Çünki o, nemətlərin ən dadlısıdır” fikri əbəs yerə yaranmayıb. Ələlxüsus da bu azadlıq doğma Vətənlə, torpaqla bağlıdırsa, əhəmiyyəti, önəmi ikiqat artır. Elə bu səbəbdəndir ki, Vətən müharibəsində iştirak edib yaralanaraq, qan töküb şəhidlik zirvəsinə ucalaraq xalqımıza həmin əvəzolunmaz neməti bəxş edənlər haqqında söhbət açmaq daha şirin, daha əziz gəlir. Hərəsi ayrı bir qəhrəmanlıq dastanı yazan oğulları dinlədikcə, olub-bitənləri yada salıb, ötənləri xatırladıqca könüldə qürur dolu sözlər hayqırır: – Vətən sevgisi ilə alovlanan azadlıq məşəlin hər zaman yanar, o məşəli alovlandıran oğulların daim var olsun, Azərbaycan!

Nail ƏSGƏROV

Nəşr edilib : 17.11.2022 21:46