AZ EN RU

Vətən sevgisi ən böyük sərvətdir

Parağaçay qəsəbəsində bunu bir daha gördüm...

    Ordubad rayonunun ucqar dağ yaşayış məntəqələri muxtar respublikada mövcud belə ünvanlardan lap yüksəkliklərdə yerləşir. Təkcə iki fakta söykənərək bu qənaəti təsdiqləyə bilərik: Gəmiqaya və Göygölün yerləşdikləri yüksəklik coğrafi iqlimi ilə yanaşı, buranın zəngin təbiətində də özünü göstərir. Belə ünvanlara insanlar ilin yaz-payız fəsillərində öz istirahətlərini səmərəli keçirmək üçün üz tuturlar. Etiraf etməliyik ki, bu yerlərin təbii-coğrafi şəraitini öyrənmək, həmin ərazilərdəki torpaqlardan, təbiətin bəxşişi olan yeraltı sərvətlərdən səmərəli istifadə etmək məqsədilə sovet dönəmində müəyyən işlər görülsə də, enerji təminatı həll olunsa da, həmin yüksəkliklərə gediş-gəliş indi də bir qədər çətindir. Müstəqillik illərində isə rayonda qaz çəkilişi zamanı mövcud çətinliklərə baxmayaraq, həmin məsələ də öz həllini tapıb. Bu gün sözügedən ərazilərdəki hər bir evdə işıq da var, qaz da. Müasir informasiya texnologiyalarından istifadə etmək üçün də müəyyən tədbirlər reallaşdırılıb, bəzi ünvanlarda bu istiqamətdə işlər görülüb.  

    Belə ünvanlar içərisində Parağaçay şəhərtipli qəsəbəsi də var. Top, Kərdab, Qaplanvurulan, Şırşır dağlarının ətəyinə sığınan bu yaşayış məntəqəsi sovet dönəmində qonaqlı-qaralı bir qəsəbə olub. Qəsəbədəki filiz mədənində işləmək üçün o vaxt, hətta ölkəmizin digər rayonlarından da gəlib burada məskunlaşıblar. 1952-ci ildə fəaliyyətə başlayan mədəndə çalışanlar üçün qəsəbədə hərtərəfli şərait yaradılıb. Yaşayış məntəqəsini su ilə təmin etmək üçün Kərdab dağının üstündə göl tikilib. Belə ünvanlarda tikinti-inşaat işlərinin aparılmasının çətinliklərini görənlər həmin gölün necə başa gəlməsini yaxşı təsəvvür edə bilərlər. Ətrafdakı bulaqların suyundan qidalanan göldən həm Parağaçaya, həm də Ağdərə qəsəbəsinə  (yeri gəlmişkən, onu da qeyd edək ki, Parağaçay qəsəbə inzibati ərazi dairəsinin tərkibində olan Ağdərə qəsəbəsində 3 ailə yaşayır; burada Zəngəzur Milli Parkının Ağdərə qəsəbə İdarəetmə və informasiya mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qar uçqunu stansiyası fəaliyyət göstərir. 1992-ci ilə qədər isə Rusiya Federasiyası Elmlər Akademiyasının Baş Astrofizika Rəsədxanası – Pulkovo Rəsədxanası fəaliyyət göstərib) su çəkilib. Həmin su indi də qəsəbədəki həyətlərə axır; təmizliyinə, sərinliyinə söz ola bilməz:

        Bumbuz bulaqlarda don vurar, əgər
        Əlini bir anlıq saxlasan suda.
        Bir udum su içsən bulaq gözündən
        Dil açar ürək də, yatmış duyğu da.
                     (Xanəli Kərimli)

    ...71 yaşlı qəsəbə sakini, 1969-cu ildən burada yaşayan Sərxan Hüseynov bu qədim yurd yerinin tarixini yaxşı bilir:
    – Yaxınlıqdakı Tivi kəndində doğulmuşam. 17 yaşımda buraya işləməyə gəldim. Bir qədər sonra ordu sıralarına çağırıldım. Hərbi xidmətimi başa vurduqdan sonra yenə qəsəbəyə qayıdaraq sürücü kimi ta təqaüdə çıxana qədər mədəndə işlədim. Burada ailə qurdum...
    1969-cu ili Ulu Öndərimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyə başladığı il kimi Sərxan Hüseynova da xatırlatdım. O dedi: – 1969-cu ilə qədər o dövrü görənlər, yaşayanlar Azərbaycanın hansı səviyyədə olduğunu daha yaxşı bilirdilər. Və mən burada işə başlayarkən gənc də olsam, hiss edirdim ki, mədəndə işlərin gedişi ilə maraqlanmaq üçün mədənə gəlib-gedənlərin sayı azalmaq bilmir. Kiçik bir çatışmazlığı belə yerindəcə həll edirdilər. O vaxt burada dövlət tərəfindən 50-dən artıq ev salındı. Hər biri ikimərtəbəli olan evlərin həyətinə su çəkildi, bu evlərdə yaşayanlar torpaq sahəsi ilə təmin edildilər. Qəsəbədə məktəb, iki mağaza tikildi. Digər obyektlər istifadəyə verildi. Mədəndə çalışanlar yaxşı əməkhaqqı ilə təmin olunmuşdular. Bayramlarda, əlamətdar günlərdə mükafatlar verilirdi, həmin günlərdə fəhlələr üçün konsert təşkil edilirdi. Qəsəbəyə paytaxt Bakı şəhərindən müğənnilər gəlirdi. Buradan çıxarılan filiz isə müəyyən olunmuş yerlərə göndərilirdi. Həyat öz axarı ilə davam edirdi. Ölkəmizin müxtəlif bölgələrindən bura üz tutmuş insanlar bir ailə kimi yaşayır, qız verib, qız alırdılar. Burada neçə belə ailə qurulmasının, toy çalınmasının şahidi olmuşam. Bəzən nəvələrimə o günlərdən söhbət edirəm. İnanmırlar... Parağaçay qəsəbəsinin şadyanalıqla keçən günləri 1988-ci ilə kimi davam etdi. 
    Həmin il ölkəmizdə başlanan hadisələr Parağaçay məntəqəsindən də yan keçmədi, hətta qəsəbəni iflic vəziyyətə saldı. Köçən köçdü, mədən öz fəaliyyətini dayandırdı. Evlərdən gələn səs-səmir kəsildi, o evlərdə yanan işıqlar azalmağa başladı. Bu acınacaqlı vəziyyət bir neçə il davam etdi. Yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bu qəsəbənin də, necə deyərlər, üzünə gün doğdu. Hazırda burada daimi qeydiyyatda olan 7 ailə yaşayır.
    Parağaçay qəsəbənin bələdiyyə sədri Asif İbrahimovla Sərxan kişi yaxın qonşudurlar. Burada olduğumuzu eşidib bizimlə görüşmək üçün Sərxan Hüseynovun həyətinə gəlib. O da qəsəbənin köhnə sakinlərindəndir. Burada nə ilə məşğul olduqlarını, gün-güzəranlarını soruşuram. Deyir ki, heyvandarlıq, maldarlıq, arıçılıq, nisbətən də əkinçiliklə məşğuldurlar. Qəsəbə sakinlərinin öhdəsində 500 baş xırdabuynuzlu, 30 baş iribuynuzlu heyvan var. Heyvanlar obalara qaldırılıb. Qəsəbə adamları növbə ilə obalarda olurlar.
    Gözüm Sərxan Hüseynovun həyətinin aşağısında olan meyvə ağaclarına sataşır. Ərik və gilas hələ təzə-təzə yetişməkdədir. Təsərrüfat adamı həm də cəviz tingliyi salıb. Deyir ki, Parağaçayın təmiz suyu və havası burada keyfiyyətli cəviz, eləcə də digər məhsulların yetişdirilməsinə imkan verib. Bütün həyətlərdə bu imkanlardan istifadə olunur. Onunla həyətyanı təsərrüfatını gəzirik. Sərxan Hüseynov burada nələr əkib-becərmir? Süfrəmiz üçün lazım olan bütün tərəvəzlər, lobya, pomidor, xiyar, kartof...
    Deyir ki, buna imkan varsa, niyə bazara getməliyəm. Özüm də təqaüdçü adam. Günün nə vaxt batdığını hiss etmirəm. Yay mövsümündə nəvələrim də gəlirlər. İstəyirəm ki, onlar da doğma yurd yerinin, onun torpağının, suyunun qədrini bilsinlər: 

        Sənin baban tapdı hər ucalığı
        Qızıldan qiymətli qara torpaqda.
        İnsana şərəfdir, şöhrətdir, şandır
        Əkdiyi ağac da, adi yarpaq da.
                (Xanəli Kərimli)

    Bu an evin düz yanında bir “Niva” dayanır. Öyrənirəm ki, Vüqar Hüseynov Sərxan kişinin kiçik övladıdır, burada yaşayır, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavinidir. İxtisasca hüquqşünasdır. O anda fikrimdən keçir ki, torpağa bağlılıq, yurda sevgi qanla gəlməlidir. Belə olmasa idi, Vüqar da indi hansı bölgədəsə hüquq-mühafizə orqanında özünə iş tapardı...

        Qorunub həmişə Yer kürəsində,
        Yaşayır hər kəsin öz nəfəsində.
        Ürəyin məhəbbət xəritəsində
        Ən böyük dövlətdir Vətən sevgisi.
                (Muxtar Qasımzadə)

    Qəsəbədə daha kimlərin yaşaması ilə maraqlanıram. Daha bir nəfəri səsləyirlər. Lap yaxınlıqda yaşayan Qurban Əzizəliyev də gəlir. O da əslən tivilidir. Ondan nə üçün Tividə deyil, məhz Parağaçay qəsəbəsində yaşamağa üstünlük verdiyini soruşuram. Öyrənirəm ki, atası Pərviz Əzizəliyev uzun illər buradakı mədəndə işləyib, burada ailə qurub. Bir neçə ildir ki, dünyasını dəyişib. Qurban da Parağaçaya öyrəşib, anası ilə qəsəbədə yaşayır. Mal-heyvan saxlayır, arıçılıqla məşğul olur. Yaxşı da qazanc əldə edir. İnanır ki, dövlətimizin ucqar yaşayış məntəqələrinə son illərində göstərdiyi qayğı Parağaçaydan köçüb gedənləri yenidən buraya qaytaracaq. Bu qəsəbə də bu gün ölkəmizin digər ucqar yaşayış məntəqələri kimi öz əvvəlki həyatını yenidən yaşayacaq. 
    Geri qayıtmaq vaxtı çatıb. Möhtəşəmlik mücəssəməsi olan dağların ətəyində yerləşmiş Parağaçay qəsəbəsinin, necə deyərlər, iki cüt, bir tək sakinləri ilə ayrılıram. Ürəyimdən misralar keçir:

        Vurul bu torpağa min bir baxışla,
        Müqəddəs duyğunla qəlbi naxışla.
        Vətəndaş olursan, vətəndaşlığa
        Sənə zəmanətdir Vətən sevgisi.
                (Muxtar Qasımzadə)

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

Nəşr edilib : 04.08.2023 18:56