AZ EN RU

Vətən sərhədlərinin vüqarlı igidləri

     Milli ordumuzun tariximizə qızıl hərflərlə həkk etdiyi şanlı Qələbəmizlə nəticələnən 44 günlük haqq savaşından artıq üç il ötür. Xalqımıza zəfər sevincini yaşadan qələbəmizin memarları – torpaq uğrunda canını fəda edən igid qəhrəmanlarımıza və Vətən mücahidləri fədakar qazilərimizə əbədiyyətə qədər borcluyuq. Onların qəhrəmanlıq hekayələrini, məşəqqətli mübarizə yollarını bilmək hər birimizin mənəvi borcudur. Bu borcu qismən yerinə yetirmək üçün haqq-ədalət mücadiləsindən qazi olaraq qayıdan bir neçə Vətən fədaisi ilə görüşüb həmsöhbət olduq.

    İlk müsahibimiz Pərviz Muradovdur. Pərviz Babək rayonunun Nehrəm kəndində anadan olub. Ali təhsilini Naxçıvan Müəllimlər İnstitutunda alıb. 2017-ci ilin iyun ayından Əlahiddə Ümumqoşun Ordunun “N” briqadasının xüsusi təyinatlı taborunda gizir hərbi rütbəsi verilməklə məxfi hissə rəisi vəzifəsinə təyin edilib. Müsahibimiz deyir: – 2020-ci il 27 sentyabr tarixdə Ermənistanın növbəti təxribatının qarşısının alınması üçün başlanan Vətən müharibəsi, xalqın və ordunun Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin “dəmir yumruğ”u ətrafında birləşməsi biz Naxçıvan xüsusi təyinatlılarının da böyük ruh yüksəkliyinə səbəb oldu. Biz də Vətən müharibəsində iştirak etmək üçün böyük səbirsizliklə əmr verilməsini gözləyirdik. 11 oktyabrda isə, nəhayət, gözlədiyimiz gün gəlib çatdı və biz döyüş bölgəsinə ezam olunduq. Döyüşə Hadrut istiqamətindən başladıq. 23 oktyabr tarixdə Tuğ kəndi istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldım.
    Cənab Prezident tərəfindən “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medallarla təltif olunmuşam. Qələbəmizi Ali Baş Komandanımıza, şəhidlərimizə, qazi qardaşlarımıza, əsgər və zabitlərimizə borcluyuq. Allah Azərbaycan əsgərini qorusun.

     Digər bir müsahibimiz isə Vətən müharibəsində sağlamlığını itirərək öz evinə qazi kimi qayıdan baş leytenant İbrahim Cəlilov oldu. O, Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyi bitirdikdən sonra  Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Müsahibimiz bildirdi ki, müxtəlif illərdə Azərbaycan Ordusunun sıralarında taqım komandiri, bölük komandiri və tabor komandirinin müavini vəzifələrində xidmət edib. İkinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə Füzuli rayonu istiqamətində başlayıb: – Döyüş tapşırıqlarının icrası müxtəlif ərazi relyeflərində hakim yüksəkliklərdə, yaşayış məntəqələrində, dağlıq, düzənlik və meşəlik ərazilərdə yerinə yetirilirdi. Düşmənin 30 ilə yaxın müddətdə bu ərazilərdə müxtəlif bunker və maneələr yaratması rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin əzmi və iradəsi nəticəsində döyüş tapşırıqlarının icrasına heç bir təsir göstərə bilmədi. Əlbəttə, azadlıq və qələbə qanla yazılır. Biz işğal altında olan əraziləri azad etdiyimiz müddətdə hər bir qarış torpaq üçün addım-addım irəliləyirdik. Döyüş tapşırıqlarının icrası zamanı döyüş yoldaşlarımızdan şəhidlik zirvəsinə ucalanlar, yaralananlar da olurdu. Mən də 21 oktyabr tarixdə Xocavənd rayonunun Düdükçü kəndi istiqamətində düşmən tərəfindən atılmış artilleriya mərmisinin partlayışı nəticəsində yaralanmışam. 
    Müsahibimiz deyir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə təqaüd təyin edilməsi, mənzil və avtomobillər verilməsi onlara göstərilən böyük dövlət qayğısıdır. O da cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

    Vətən müharibəsi iştirakçısı, baş leytenant Əmrah Məmmədovla da həmsöhbət olduq. Müsahibimiz müharibə xatirələrini bizimlə belə bölüşdü: – 2020-ci il sentyabr ayının 27-i düşmən təxribatının qarşısını almaq məqsədilə Füzuli rayonunda, “Yastı təpə” istiqamətində döyüşə başladıq. Bir neçə gün sonra ayağımdan qəlpə yarası aldım. Dörd gün xəstəxana şəraitində müalicə edildikdən sonra yenidən öz istəyimlə döyüşlərə qatıldım. Mənim üçün müharibə müddətində unudulmaz hadisələr çox oldu. Cəbrayıl rayonu istiqamətində hərəkət edərkən erməni dəstələri bizə pusqu qurmaq üçün gizlənmişdi. Sərrat atəşlərimiz düşməni, sözün əsl mənasında, tikə-parça etdi. Cəbrayıldan Qubadlıya texnikaları aparmalı idik. Səkkiz nəfərlik qrupumla Cəbrayıl-Qubadlı körpüsünü tapdıq. Ancaq körpü üç yerdən partladılmışdı. Həmin körpüdə döyüş yoldaşlarımla iyirmi üç ədəd tank əleyhinə mina və dörd ədəd piyada əleyhinə mina təmizlədik. Təəssüf ki, yoldaşımız Bəşir Məmişov minaya düşərək bir ayağını itirdi. Bütün çətinliklərə baxmayaraq, texnikaları keçirməyi bacardıq. Hava işıqlanan zaman, təxminən, saat 12 radələrində düşmən tərəfindən açılan artilleriya mərmisinin yanımıza düşməsi ilə xəsarət aldıq. Ən son xatırladığım məhz bu idi, atəşin zərbəsi ilə uzağa atıldığımı hiss etdim, sonra gözümü xəstəxanada açdım. 
    Vətən müharibəsi məşəqqətli və çətin olduğu qədər həm də qəhrəmanlıq və mübarizlik meydanı idi. Dövlətimiz bizim şücaətimizi qiymətləndirdi və mənim kimi minlərlə hərbçi müxtəlif medallarla təltif olundu. Mən də “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Allahdan şəhidlərimizə rəhmət diləyir, bizə göstərilən hörmət və diqqətə görə təşəkkür edirik.
    Söhbətimizdən də göründüyü kimi igid Vətən oğullarının hər birinin döyüş yolu bir qəhrəmanlıq hekayəsidir. Bu hekayələrin işıqlandırılması, gənclərə aşılanması isə gələcək qəhrəmanların yetişdirilməsi üçün çox əhəmiyyətlidir.

 Aysel YUSİFZADƏ
 Bülbül Quliyeva

Nəşr edilib : 03.11.2023 19:27