AZ EN RU

Vətən sərhədlərinin sipərləri, müstəqilliyimizin, sabahımızın keşikçiləri

Sərhəd Qoşunlarının yaranmasından 104 il ötür

Ulu Öndər Heydər Əlİyеv:  Əvvəl Sərhəd Qoşunları Azərbaycanda müstəqil yaranıbdır. Bir müddətdən sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstəribdir. Ancaq mən bu sahəyə xüsusi əhəmiyyət verərək bir neçə ay bundan öncə qərar qəbul etdim, fərman verdim, onu Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi müstəqil xidmətə çevirdim və ona da Dövlət Sərhəd Xidməti adı verdik. Təbiidir ki, bu sizin işlərinizin daha da uğurla aparılmasına kömək edir və edəcəkdir. Ancaq, eyni zamanda bu sizin üzərinizə çox böyük məsuliyyət də qoyur...

    “Sərhədlərin qorunmasında xidmət göstərən hər bir kəs xalqımızın, millətimizin hörmət və ehtiramına layiqdir”, – deyən Ümummilli Lider Heydər Əliyev sərhədlərin qorunmasına can yanğısı və həssaslıqla yanaşırdı. Məhz bu səbəbdən də Vətən müharibəsində sərhəddən keçən mərmiyə göz yummadığı üçün gözlərində Vətəni böyüdüb dağ edən, “Ya Qarabağ, ya ölüm!” – deyən Şahinlər, Amillər, Azərlər, Aminlər Vətən müharibəsinin qəhrəmanlarına çevrilərək şəhidlik zirvəsinə cığır açıb, Abbaslara, Maliklərə, Fəridlərə, Elçinlərə Vüsal olaraq şəhadət şərbətini içirdi. Son nəfəsində “Keçdi xəyalımdan öz gözəl yurdum”, – deyən Xudayarlarımız bu Vətənin sərhədlərini öz qanları bahasına qorudular. Qırx yeddi sərhədçinin qəhrəmanlıqla şəhid olduğu Vətən müharibəsində mənfur ermənilərin sərhədlərimizə uzanan haram əllərini necə kəsdiyinizi, xarıbülbülü əsarətdən qurtarıb Azərbaycan üçün cəsarət rəmzinə çevirdik. Bunu tarix özü hayqırır azad etdiyiniz hər qarış Vətən sərhədində. Elə həmin gün Üzeyiri, Xanı, Bülbülü, Rəşidi sevinc göz yaşına qərq etdiniz. Ağaran ağ saçlara gündüz, qırışan əllərə yol oldunuz. Ovuc-ovuc torpaq gətirib, zərrə-zərrə vətən yaratdınız öz qanınızdan. Artıq çiçəklər açır ümidlər tapdalanan sərhədlərimizdə.
    1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri dövlət sərhədlərinin mühafizəsi idi. Müstəqilliyə qədər Azərbaycanın İran və Türkiyə ilə sərhədlərini sovet sərhədçiləri qoruyurdu. 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra ölkəmizin sərhədlərini milli qüvvələrimiz qorumağa başlayıb. 
    1990-cı ildə ermənilərin işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi itirilmiş, 132 kilometrlik İran-Azərbaycan sərhədini 30 ilə yaxın müddətdə nəzarətdə saxlayan Ermənistan bu əraziləri “boz zona” kimi istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dönəmdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyevin prinsipiallığı və qətiyyəti sayəsində yalnız muxtar respublikanın sərhəd infrastrukturu qorunub saxlanılmış və sovet sərhədçiləri hərbi texnika və vasitələrini bütünlüklə təhvil verərək ölkəni tərk etməyə sövq edilmişdir. 
    Ümummilli Lider 1996-cı ildə Naxçıvan Sərhəd Dəstəsinin şəxsi heyəti qarşısındakı nitqində deyirdi: “Sizin hamınız, zabit heyəti, şəxsi heyət çox iş görmüş, yararlı sərhəd dəstəsi yaratmışsınız. Gördüyünüz bu işlərə görə sizə təşəkkür edir və əmin olduğumu bildirmək istəyirəm ki, əldə etdiyiniz nailiyyətləri daha da artıracaq, burada Azərbaycan sərhəd qoşunlarının böyük bir dəstəsini nümunəvi dəstəyə çevirərək respublikamızın sərhədlərini etibarlı mühafizə edəcək, qoruyacaqsınız. Mən buna əminəm”. Ulu Öndərimiz   2002-ci il iyul ayının 31-də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı Fərmanla ölkəmizin sərhədlərinin etibarlı mühafizəsini daha da artırdı. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də məhz bu amili əsas götürərək həyata keçirdiyi tədbirlər ölkəmizin sərhədçiləri ilə çoxsaylı görüşləri Dövlət Sərhəd Xidmətinin inkişafına, ölkəmizin sərhədlərinin mühafizəsinə xüsusi diqqət və qayğı ilə yanaşmasının əyani təzahürüdür. Prezident cənab İlham Əliyevin Fərmanı ilə 2004-cü il yanvar ayının 14-də Naxçıvan Sərhəd Dəstəsinin bazasında sərhəd diviziyası yaradıldı.
    2005-ci il dekabr ayının 27-də təsdiq edilən “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası da ölkəmizdə sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, peşəkar kadr heyətinin formalaşması ilə nəticələndi. Biz də sərhəddə yaradılan infrastruktur, sərhəd mühafizəsinin təşkili və görülən işlərlə maraqlanmaq üçün üz tutduq “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına. Müsahibimiz diviziyaya komandir təyin olunmuş polkovnik Bəhmən Babayevdir. O, sərhədlərimizi qarış-qarış qorumuş, iki dəfə “Vətən uğrunda” medalı, saysız döş nişanı ilə təltif edilmiş, işğaldan azad olunmuş torpaqlarda ilk yaradılmış “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının komandiri olmuş, 2022-ci ildə aparılan struktur islahatları nəticəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına komandir təyin olunmuşdur.
    Diviziya komandiri bildirir ki, xidməti döyüş fəaliyyətinin təşkilində əsas səylər dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsinə, döyüş və döyüşə hazırlığın yüksəldilməsinə, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin artırılmasına, şəxsi heyətin maddi və məişət şəraitinin yaxşılaşdırılmasına, verilmiş tapşırıqların və göstərişlərin vaxtında yerinə yetirilməsinə, əməliyyat şəraitinin daim nəzarət altında saxlanılmasına, dövlət sərhədinin etibarlı mühafizəsi təmin edilərək cəzasız yarılmasına və məqsədsiz silahın tətbiqinə yol verilməməsinə yönəlmişdir. Sərhəd nümayəndəliyi ilə iş Azərbaycan Respublikası, Türkiyə Respublikası və İran İslam Respublikası arasında mövcud olan “Sərhəd rejimi haqqında müqavilə”nin, “Azərbaycan Respublikası Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Azərbaycan Respublikasının Dövlət Sərhədinin Mühafizəsi üzrə Sərhəd Qoşunlarının Nizamnaməsi”nin, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, həmçinin Dövlət Sərhəd Xidmətinin digər normativ-hüquqi aktlarına əsasən qarşılıqlı əməkdaşlıq və məlumat mübadiləsinin aparılması çərçivəsində təşkil  edilmişdir. 
    “Sərhədlərimizin mühafizəsi və qaçaqmalçılığa qarşı hansı mübarizə tədbirləri görülür?” sualına cavab olaraq müsahibim bildirir ki, sərhədpozucuların gizlənməsi və qaçaqmalın gizlədilməsi ehtimal olunan ərazilərdə kəşfiyyat axtarış tədbirləri həyata keçirilir. Eyni zamanda sərhəd bölmələrinin xidməti-döyüş fəaliyyətinin yoxlanılması və dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, sərhəd bölmələrinin rəhbərliyinə əməli köməkliyin göstərilməsi, təhlillər və yoxlamaların aparılması müntəzəm xarakter daşıyır. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası 234 kilometrlik quru sərhədi boyunca mühafizə olunan sahələrin texniki vasitələr və mühəndis çəpərləri ilə tam təchiz edilməsi işini müntəzəm davam etdirir və dövlət sərhədinin mühafizəsinə yönəldilmiş xidmət aparılan ərazilərdə sərhədlərin qorunmasına nail olur. Bununla yanaşı, dövlət sərhədinin mühafizəsi sərhəd naryadları tərəfindən həyata keçirilir. Sərhəd naryadlarının xidmətinin təşkilində günün istənilən saatında xidməti atlara, itlərə və avtonəqliyyat vasitələrinə üstünlük verilir. Sərhəd ərazisini fasiləsiz olaraq müşahidə altında saxlamaq üçün müxtəliftipli müşahidə kameralarından istifadə olunur ki, bu da işin peşəkarlığını artırmağa müsbət təsir edir. Hansı praktiki tədris və təlim məşğələlərinin keçirilməsi ilə maraqlandıqda diviziya komandiri məlumat verir ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təşkil olunması, sərhəd xidmətinin və döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, hərbi qulluqçuların bilik səviyyəsinin artırılması və peşəkar hazırlıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif kateqoriyalı hərbi qulluqçularla təlim toplantıları təşkil edilir. Sərhəd zastavalarının qovuşuq sahələrində bölmələrin birgə qarşılıqlı fəaliyyət planına əsasən təlim məşqləri, komandir hazırlığı məşqləri, plan əsasında bütün kateqoriyalı hərbi qulluqçular ilə atıcı silahlardan təlim-atış çalışmaları praktiki yerinə yetirilir, qoşun xidmətinin təşkili və vəziyyəti analiz olunur, hərbi qulluqçulardan fiziki hazırlıq üzrə məqbullar qəbul olunur. 
    Şəxsi heyətlə ideoloji iş məsələsinə gəldikdə isə öyrəndik ki, ideoloji işin təşkilində Ümummilli Lider Heydər Əliyev irsinin və Ali Baş Komandan cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin öyrənilməsi durur. Bunnla sərhədçilər yüksək mənəvi keyfiyyətlər və döyüş qabiliyyətini inkişaf etdirməklə onlara vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşma keyfiyyətləri aşılanır. Hərbi-vətənpərvərlik tərbiyəsinə həsr olunmuş tədbirlərin keçirilməsi, əlamətdar və bayram günlərinin, eləcə də asudə vaxtın səmərəli təşkil edilməsi, bir sıra dövlət nümayəndələri ilə görüşlərin keçirilməsi işi şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir. Gənc əsgərlər sərhəd zastavalarında xidmətlərini davam etdirərkən mütəmadi olaraq onlarla fərdi söhbətlər aparılır, nəticələri təhlil olunaraq öyrənilir. Xidməti vəzifələrin icrası zamanı əldə etdikləri nailiyyətlərə görə hərbi qulluqçuların evlərinə təşəkkür məktubu göndərilir, fəxri fərmanla təltif edilir və onlara təşəkkür elan edilir. 
    Diviziya komandiri bildirdi ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizəsi və əməliyyat-axtarış tədbirləri də müntəzəm və operativ şəkildə həyata keçirilməkdədir. Bunun nəticəsində 7 halda 17 nəfər sərhədpozucu qismində saxlanılmışdır. Sərhədpozucuları ilə müvafiq filtrasiya tədbirləri keçirilmiş və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilmişdir. 6 iyun 2023-cü il tarixdə 25-ci Sərhəd Zastavasının 1-ci sahəsində 1 halda 1 ədəd bağlama aşkarlanmış, bağlamaya baxış zamanı ümumi çəkisi 31 kiloqram narkotik vasitə (15 kiloqram heroin, 16 kiloqram marixuana) aşkar olunaraq götürülmüşdür. 14 halda 60 nəfər İran İslam Respublikasının vətəndaşı sərhəd rejim pozucusu qismində saxlanılmış, keçirilmiş filtrasiya tədbirlərinin nəticələrinə əsaslanaraq yuxarı komandanlığın göstərişinə əsasən sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasına təhvil verilmişdir. Xidmətdə fərqləndiklərinə görə 5 nəfər zabitə vaxtından əvvəl hərbi rütbə təqdim olunmuş,  62 nəfər fəxri fərmanla, 47 nəfər təşəkkürlə və xidmətdə fərqlənən bir neçə sərhədçi pul mükafatı ilə mükafatlandırılmışdır.
    “Sərhəd diviziyasının qarşısında duran əsas vəzifələr nələrdir, cənab komandir?” – deyə ünvanladığımız  sualı “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, polkovnik Bəhmən Babayev belə cavablandırdı:
    – Ümummilli Liderimiz Heydər Əliyev irsinin öyrənilməsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilər qarşısında qoyduğu əsas tapşırıqların icrasının təmin edilməsi, Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini və müdafiəsini təşkil edən sərhəd bölmələrinin daim yüksək döyüş hazırlığı vəziyyətində saxlanılması və istənilən şəraitdə döyüş qabiliyyətinə malik olmasının təmin edilməsi, şəxsi heyətin döyüşsüz itkilərinə yol verilməməsi, bütün kateqoriyalardan olan hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin artırılması, başlıca vəzifələrimizdir. Bu amillər sərhəd diviziyasında yüksək intizama nail olunmasını, regionda müsbət sərhədçi nüfuzunun formalaşdırılmasını təmin edir.
    Şanlı tariximizə qızıl hərflərlə yazılmış İkinci Qarabağ müharibəsində də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları xüsusi qəhrəmanlıq göstərərək qazanılmış Zəfər sayəsində 132 kilometrlik Azərbaycan-İran sərhədini Silahlı Qüvvələrimizin nəzarətinə keçirməyi bacarmışdır. Bu il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə sərhədçilərimiz Azərbaycanın ərazi bütövlüyünü tamamilə bərpa etmiş oldular. 
    Deyirlər, sualın bitdiyi yerdə məmnunluq doğur. Diviziya komandiri dediklərini əyani göstərmək üçün bizim Türkiyə Respublikası ilə 11 kilometr məsafədə mühafizə olunan 1-ci Sərhəd Zastavasına qədər gedişimizi təmin etdi. Sərhəd zastavalarından keçdikcə yaradılan müasir zastava komplekslərini görür, zabit-gizir ailələri üçün müasirtipli yaşayış binalarına nəzər yetirirdik. Sərhədboyu məsafəni qət etdikcə sərhəd naryadlarının sərhədin mühafizəsində necə ayıq-sayıq dayandığını görür, ürəyimiz dağa dönürdü. Geri dönərkən qürur dolu təəssüratla düşünürük ki, biz evlərimizdə rahat yatarkən görünməyən qəhrəmanlarımız olan sərhədçilərimiz bizi 24 saat Vətən sərhədlərində qoruyur. Budur, gün batır və biz sərhəd dirəklərinin yanından Nuhun nəfəsi dəyən şəhərə qayıdarkən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sözlərini qeyri-adi iftixarla xatırlayıram: “...indi Azərbaycanın sərhədləri lazımi səviyyədə qorunur. Azərbaycan sərhədlərində infrastruktur yaradılır, müasir texnika alınır, Sərhəd Xidmətinin maddi-texniki bazası möhkəmlənir və əminliklə deyə bilərik ki, Azərbaycana qarşı təxribat planlarını hazırlayan qüvvələr artıq bilirlər ki, bu planların baş tutması mümkün deyil”.
    PS: Məqaləni çapa təqdim edərkən Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayaraq Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanan həmvətənlərimizdən bir qrupunu təltif etməsi xəbərini aldıq. Onların sırasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının polkovnik-leytenantı Ruslan Abdullayevin “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması isə bizləri ikiqat sevindirdi. Ömrünü, taleyini bu peşəyə bağlayıb, Vətən sərhədlərinin basılmaz sipərlərinə çevrilən qəhrəman oğullarımıza bugünkü rahat, əmin-aman həyatımıza görə ürəkdolusu minnətdarlıq duyğusu ilə...

Fariz  ƏHMƏDOV

Nəşr edilib : 17.08.2023 21:32