AZ EN RU

Vətən sərhəddən başlayır

Sərhədçilərimiz çəkilməkdə olan yeni sərhədlərimizdə xidmət etmək arzusundadırlar

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun”.
    Tarixin bütün dönəmlərində sərhədlər mühüm əhəmiyyət daşıyan atribut kimi dəyərləndirilib və bu gün daha böyük önəm kəsb edir. Sərhədləri qorumaq isə hər bir vətəndaş üçün ən müqəddəs vəzifələr sırasında olub. Bu ünvanlar həm də mənsub olduğu dövlətin qapısı sayılıb. Məhz ona görə də “Vətən sərhəddən başlayır” deyimi dünən də, bu gün də işlətdiyimiz çox dəqiq ifadədir.

    Ölkəmizdə dövlət sərhədlərinin qorunmasının prioritet vəzifələr sırasında olması isə həm də tarixən mehriban qonşuluq münasibətlərinin yaşadılması, belə əlaqələrin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyətə malikdir. Təəssüf ki, uzun illərboyu süfrəmizin çörəyi ilə böyüyən nankor ermənilər xalqımızın humanist xarakterindən istifadə edərək hələ sovet dönəmində daxili sərhədlərimizi aşaraq torpaqlarımıza sahib olmağa çalışdılar. Lakin onların geniş planları ürəklərində qalıb. Çünki artıq güclü sərhəd qoşunlarımız formalaşıb və bu gün doğma ölkəmizin sərhədləri göz bəbəyi kimi qorunur. Qürurverici hal həm də ondadır ki, bu gün sərhəd zonalarımızda yaşayan sakinlər də sərhədçi ömrü yaşamaqla fəxr duyurlar. Dövlətimiz isə sərhədlərimizin etibarlı mühafizəsi üçün əlindən gələni edir. Bunun üçün dörd bir tərəfdən sərhəd zonasında yerləşən muxtar respublikada bu istiqamətdə görülən işlərə baxmaq kifayət edər. İlk olaraq muxtar respublikamızın sərhədlərini qoruyan sərhəd dəstəsinin tarixinə qısa nəzər salaq. Ümummilli liderimiz Heydər ­Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi müstəqil dövlət quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tuturdu. Həmin dövrdə Sovetlər Birliyinin muxtar respublikadakı sərhədlərində 41-ci sərhəd dəstəsi dayanırdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları isə Ermənistandakı sərhəd dəstəsinin tabeliyində idi. Ulu öndərin təşəbbüsü ilə həmin zastavalar Naxçıvandakı 41-ci sərhəd dəstəsinə birləşdirildi. Bunun ardınca 41-ci sərhəd dəstəsi də bütün əmlakı və silah-sursatı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının tabeliyinə verildi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırıldı və bununla da Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu. Ümummilli liderimiz Heydər ­Əliyevin səyi ilə keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın  41-ci sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olundu. 


    Ulu öndərin rəhbərliyi ilə Naxçıvandan başlanan ordu quruculuğu bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun ifadəsidir ki, dövlət başçısının müvafiq fərmanları ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılıb, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilib. Muxtar respublikada sərhədlərimizin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələdədir. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının mərkəzi qərargahı yenidən qurulub, 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, sərhədçi ailələrinin məişət şəraiti yaxşılaşdırılıb.

    İyun ayının 1-də, Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi belə tədbirlərin davamlı xarakter almasının ifadəsi oldu. Bu günlərdə həmin ünvanda gördüklərimiz, burada yaradılmış yüksək şərait sərhədçilərimizin bundan sonra da öz xidməti borclarına daha yüksək məsuliyyətlə yanaşacaqları qənaətini yaratdı.
    Qeyd edək ki, tabeliyində 8 sərhəd zastavası olan 1-ci Sərhəd Komendantlığının xidməti ərazisi Şərur, Sədərək və Kəngərli rayonlarını əhatə edir. Komendantlıqdakı 2 mərtəbəli qərargah binası, 96 yerlik əsgər yataqxanası, 136 yerlik yeməkxana, 8-i üçotaqlı, 10-u ikiotaqlı olmaqla, 18 mənzillik yaşayış binası, 2 nəzarət-buraxılış məntəqəsi, hamam-camaşırxana, qazanxana, əşya, tərəvəz, silah-sursat və ərzaq anbarları, avtomobillər üçün 9 saxlanc yeri və transformator yarım­stansiyası yerli inşaat materiallarından istifadə olunmaqla yenidən qurulub, yenidənqurmada keyfiyyət amilinə ciddi önəm verilib. Qərargah binasında müşavirə zalı, 10 iş otağı, arxiv və rabitə otaqlarında da hərtərəfli şərait yaradılıb. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan əsgər yataqxanasında subay zabitlər üçün istirahət yeri, sinif, məişət, silah, rabitə, 5 iş otağı var. Sərhədçilər 10 çarpayılıq tibb məntəqəsinin və aptekin fəaliyyətindən istifadə edirlər. 
    Ərazini gəzirik. Burada yeni sıra meydanı, futbol meydançası, idman şəhərciyi, ailələr və əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və uşaq əyləncə yerləri yaradılıb, 200 abonentlik müasir avtomat telefon stansiyası və 22 sabit videokamera sistemi quraşdırılıb. Videokameraların görüntüləri mərkəzləşdirilmiş qaydada sərhəd komendantlığına və diviziyaya ötürülür, serverdə 2 ay müddətində saxlanır. 6 hektar ərazidə abadlaşma işləri aparılıb, müasir işıqlandırma sistemi qurulub, yaşıllıq salınıb. 
    Yeri gəlmişkən onu da qeyd edək ki, 2022-ci ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaradılmasının 30-cu ildönümü tamam olur. Belə bir vaxtda istifadəyə verilən yeni xidməti yaşayış kompleksinin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov komendantlığın yenidən qurulmasında əməyi və xidməti olanlara təşəkkür edərək deyib ki, bütün bunlar Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir.

    “Sərhəd hər bir ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədlərin etibarlı mühafizəsi isə inkişaf və sabitlik deməkdir”, – deyən Ali Məclisin Sədri vurğulayıb ki, ona görə də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik dövlət sərhədini bundan sonra da etibarlı mühafizə etməli, hərbi intizama ciddi əməl olunmalı, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır. Bu tövsiyələri əldə rəhbər tutaraq hərbi qulluq və xidmətini böyük ruh yüksəkliyi ilə davam etdirən zabit və əsgərlərlə həmsöhbət olduq.
    Komendantlığın qərargah rəisi mayor Şahmar Pənahov bildirdi ki, illərdir, muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq tədbirləri uğurla davam etdirilir. Təbii ki, bu, qədim diyarımızda təmin olunmuş ictimai-siyasi sabitliyin bəhrəsidir. Bu bəhrələrdən hərbçilərimizə də pay düşüb. Bunu muxtar respublikanın sərhədçilərinin də timsalında görmək olar. Həyata keçirilən tədbirlər sərhədlərimizin etibarlı mühafizəsinə, insanların rahat yaşamasına, çalışdıqları iş yerlərində fəaliyyətlərini uğurla davam etdirmələrinə imkan verib. Sərhədçilərimiz də yerinə yetirdikləri vəzifənin məsuliyyətini dərindən başa düşürlər. Yaradılan şərait isə həmin vəzifələrin öhdəsindən layiqincə gəlməyi tələb edir. Belə şərait üçün minnətdarlığımızı bildirir, söz veririk ki, sərhədlərimizin keşiyində daha ayıq-sayıq dayanacağıq. 

    Müsahibim deyir ki, 2020-ci ilin sentyabr ayınadək əsgərlərlə söhbətlərində tez-tez onlar soruşurdular: “Nə vaxtadək torpaqlarımız ermənilərin tapdağı altında qalacaq?” Şükür olsun Allaha ki, Ali Baş Komandanın “dəmir yumruğu”, hərbçilərimizin qəhrəmanlığı ilə bu haqlı istəyimizə çatdıq. Bu müharibədə naxçıvanlı hərbçilər də böyük şücaətlər göstərdilər, ölümün gözünə dik baxaraq, canlarından keçərək Böyük Zəfər çaldılar.
    Bu gün sərhədçilərimizin bir arzusu var: ermənilərlə aramızda olan sərhədlərin çəkilməsi tezliklə başa çatdırılsın, o sərhədlərin keşiyində dayanaq. Bu istəyimizin də tezliklə reallaşması uzaqda deyil.
    Baş leytenant İlham Allahverdiyev deyir ki, övladlarını görməyə gələn valideynlərin burada yaradılan şəraitdən ağızdolusu razılıq etmələri hamımızı ürəkdən sevindirir. Sözün həqiqi mənasında, bu gün muxtar respublikadakı bütün qoşun hissələrində elə nümunəvi şərait yaradılıb ki, özünü öz evindəki kimi hiss edirsən. Elə yeni istifadəmizə verilmiş bu komendantlıq kimi. Bütün məişət və istirahət şəraiti, həm zabitləri, həm də əsgərləri öz vəzifə borclarını daha səylə yerinə yetirməyə həvəsləndirir.
    Əsgər Ərcan Mehdiyev: – Sərhəddə xidmət etmək böyük qürur yaşadır hər birimizdə. Başa düşürük ki, bizə çox şərəfli bir vəzifə tapşırılıb! Ata-babalarımızdan miras qalan, heç nə ilə əvəz olunmayan Vətənimizin hər qarış torpağı bizim üçün müqəddəsdir. Sərhədlərimizi qorumaq elə bu müqəddəsliyi qorumaqdır.
    Həmin gün daha bir sevinc yaşanıb. Ali Məclisin Sədri burada qulluq edən sərhədçilərin ailələri ilə görüşüb. Muxtar respublika ­rəhbərinin “Bu gün 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksi istifadəyə verildi. Burada həm xidmətin düzgün təşkili, həm də rahat yaşayış üçün hərtərəfli şərait yaradılıb. Zabit o zaman öz xidmətini yaxşı yerinə yetirə bilir ki, onun ailəsi üçün lazımi şərait təmin olunur. İstifadəyə verilən xidmət kompleksində bütün bunlar nəzərə alınıb. Burada ailələr rahat yaşayacaq, onların həyat yoldaşları da dövlət sərhədində öz xidmətlərini layiqincə yerinə yetirəcəklər. Ərazidə uşaqların istirahəti üçün də lazımi şərait yaradılıb. Bir sözlə, bu gün sərhədçi ailələri, eyni zamanda şəxsi heyət üçün lazımi şəraitin olması xidmətin yaxşı təşkil olunacağına əminlik yaradır” sözlərini sərhədçi ailələri onlara göstərilən ən böyük qayğının bariz təzahürü kimi dəyərləndiriblər. 
    Hələ də növbəti dövlət qayğısının təəssüratlarını yaşayan sərhədçilərimizdən xoş ovqatla ayrılıram. Düşünürəm ki, artıq müstəqil dövlətimizin vətəndaşları böyük və tarixi Qələbəmizin qazanılmasından ötən 2 ilə yaxın bir müddətdə daha da güclənən ordumuzun istənilən anda verilən tapşırıqları yerinə yetirə biləcəyindən qürur duyurlar. Bu sırada sərhədçilərimizi də xüsusi vurğulamalıyıq. Yadıma ulu öndərimizin sözləri düşür: “Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlərboyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir”.
    Vətəni qorumaq kimi şərəfli vəzifənin başlanğıcı sərhədlərimizdən başlayır. Sərhədi qorumaq Vətəni qorumaq demək deyilmi? Biz də Vətəni – sərhədi qorumaq kimi şərəfli bir vəzifəni yerinə yetirən sərhədçilərimizə bundan sonrakı xidmətlərində müvəffəqiyyətlər arzulayırıq.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

Nəşr edilib : 24.06.2022 20:13