AZ EN RU

Vətən sənə oğul dedi

    Onlar üçün Vətən o qədər əziz idi ki, gənc ömürlərini gözlərini belə qırpmadan Vətənə qurban etdilər. Atadan, anadan, övladdan, yarından əziz vətənlərinə canlarını qurban edib o çox sevdikləri torpağın qoynunda əbədiyyət dastanına döndülər. Onlardan biridir Vətən müharibəsi şəhidi Seymur Cabbarov. O, 1987-ci il martın 16-da Şərur rayonunun Çərçiboğan кəndində anadan olub. Dünyaya gələndə yurdumuzun başı üstünü qara buludlar almışdı. Uşaqlığı top mərmisini səsi altında keçdi, həmin illərdə böyüyən digər uşaqlar kimi. Soyuq qış günlərində yaş odunla yanan ocağın başında isinməyə macal tapmadan tüstüsünə boğuldu soyuq sinif otaqlarında. Çətinliklər, mərhumiyyətlər dövrünə təsadüf etdi uşaqlığı. O digər həmyaşıdları kimi lüğətimizə yeni qazanılan azadlıq, müstəqillik, şəhid sözləri ilə tanış olanda qərar verdi hərbçi olmağa. And içdi düşmən tapdağına düşən torpaqları azad edənlərdən biri olmağa. Və bu istəyi onun yolunu 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən, 2008-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən saldı. Hərbçi olub xidməti vəzifəsini Azərbaycanın müxtəlif rayonlarında davam etdirən Seymur 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşdı, oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhidlik şərbəti içdi. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olundu. 
    Hər dəfə Şərur Şəhidlər xiyabanına yolum düşəndə onun da məzarına baş çəkirəm. Başdaşında əks olunan rəsmində gülən gözlərinə, mərd üzünə, sinədaşındakı xarıbülbül çiçəyinə baxıram. Ruhun şad olsun, şəhidim, Vətənə əmanət etdiyin ailən göz bəbəyi kimi qorunur. Sənin kimi oğulların sayəsində onlar qalib xalqın oğlu, qızı kimi yaşayır. Sən və sənin kimi oğullar bu Vətənin bayrağını canınız bahasına elə bir zirvəyə sancdınız ki, gələcək nəsillər daim sizlə qürur duyacaq. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 16.10.2023 19:51