AZ EN RU

Vətən şəhidlərin müqəddəs ruhlarından başlayır!

    Vətən adlı ülvi, təmiz, müqəddəs sevgi ailədə və məktəbdə formalaşır. Vətənimizin hər övladını milli, vətənpərvər ruhda tərbiyələndirməli, ona yurdumuzun tarixini, hər bir bölgəsini yaxşı öyrətməliyik. Tək yaşadığımız  ərazini deyil, Vətənin hər qarışını sevməli, hər qarışı üçün varımızı, gücümüzü ortaya qoymalıyıq. Vətən təkcə müəyyən sərhədlərə malik coğrafi anlayış deyil, Vətən ana qucağı qədər isti, şəfqətli, ata qolları qədər etibarlıdır. Milli mentalitetimizdə tarixən anaya yüksək dəyər verilib, ana haqqı Tanrı haqqına bərabər tutulub, Vətən bizim üçün ana qədər müqəddəs, uca, doğma kəlmədir. Əbəs yerə “Ana Vətən” demirik. Bu müqəddəs sevgi ana südündən, laylasından, ata qayğısından, zəhmətindən qanımıza, canımıza hopmuşdur. Vətəni sevmək tək torpağı sevmək deyil, onun havasını, suyunu, daşını, hər qarışını sevməkdir. Əsl Vətən sevgisi bu zaman başlayır.

    Ömrünü xalqının işıqlı sabahı, xoşbəxt gələcəyi naminə həsr edən dahi şəxsiyyət Heydər Əliyevin müdrikliklə zəngin həyatı, siyasi fəaliyyəti bugünkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik örnəyi, Vətən sevdasıdır. Ulu öndərin söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər birimizin dilində müqəddəs şüara çevrilərək gördüyümüz işlərdə, atdığımız addımlarda ümdə vəzifəmizin Vətənə bağlılıq, Azərbaycançılıq ideyalarına sadiqlik olmasının vacibliyini aşılayır...

    Bəli, Vətən mənası dərindən-dərin fəlsəfi kəlmədir. Bütün sevgi növlərinin həsəd apardığı bitməz-tükənməz sevgi yüklü dəryadır. Vətən sevgisi heç bir sevgiyə bənzəməz, göy üzünə tən sevgidir... O sevgi ki uğrunda canını ortaya qoyacaq aşiqlərə sahibdir, o sevgi ki onu ifadə etməyə sözlər, hisslər aciz qalır. Biz bu sevginin müqəddəsliyinin, ucalığının dəfələrlə şahidi olmuşuq, bu millət Vətən yolunda özünü daim sipər etməyə qadir olub, daim milli ruhda, Vətən sevgisiylə tərbiyələnən aslanlar yetişdirib, o aslanlar ki 44 gündə dünyaya bunu sübut etdi. 
    Vətən müharibəsi millətimizin illər boyu vərdiş etdiyi həyat fəlsəfəsini mübarizlik, birlik, qalibiyyət əzmi ilə daha da zənginləşdirdi. Dünyanın diqqətini cəlb edən fəlsəfə... Hansı ki bizim başımıza gələn müsibətlər heç bu qədər marağa, diqqətə səbəb olmamışdı. Azərbaycana yağlı tikə kimi baxanların tikəsi boğazlarında qalmışdı. Hər zaman sülhün, firəvanlığın tərəfdarı olan bir millət qanla, davayla qidalanan mənfur, hiyləgər erməni vandalizminə qarşı mübarizə məcburiyyətində qalmışdı... 
    27 sentyabr – xalqımın otuzillik həsrətinə son qoyan möhtəşəm tarixin başlanğıcı, səbir kasamızın daşdığı gün. Artıq Ali Baş Komandan, Prezident cənab İlham Əliyev əmin idi ki, qələbə qazanmaq üçün milli birliyimiz və sarsılmaz gücümüz var. Babalarımızın “El gücü, sel gücü”, “El bir olsa, dağ oynadar yerindən” deyimləri artıq bizim üçün mübarizə şüarı oldu. Bunun bariz nümunəsidir ki, dövlət-ordu-xalq birliyi bizi qələbəyə apardı, bu birlik zirvələri fəth etdi. Biz “Sənə hər an can qurban!” misrasını boşuna demədik, igid oğullarımız Vətən üçün, millət üçün canını sipər etdi, ürəyi Vətən eşqiylə döyünən hər kəs “Təki Vətən sağ olsun!” deyə canından keçməyə bir an belə tərəddüd etmədən yalnız irəliyə  can atdı. Azərbaycan xalqı vahid bayraq altında yumruq kimi birləşdi. Otuz ilin haqsızlığında boğulan səsimiz hayqırışa çevrildi, öz köksümüzü yaralayan xəncərlə düşmənin uzanan dilini kəsdik. Azərbaycan əsgəri yağış, soyuq demədən qələbə üçün var gücüylə mübarizə əzmini ortaya qoydu. Onları bu yolun mübarizi edən Vətən sevgisi, arxa cəbhədəkilərin dəstəyi, inamı, şəhidlərin yerdə qalan qisası, əsirlərin fəryadı, yurd-yuvasından əli, ayağı yalın didərgin düşmüş  millətin batırılan səsi idi. Qəlbini, nəfəsini, ruhunu Qarabağda qoyub, Vətənindən didərgin düşənlərin artıq ruhlarına qovuşmaq anı yetişmişdi, “İnşallah gələn bayramları Qarabağda  qeyd edərik” duamızı Allah qəbul etmişdi, illərlə sandıqlarda saxlanılan açarlar öz qıfıllarını açacaqdı. Millətimiz müharibənin ilk günündən qələbəyə inanırdı. Çünki onların inandığı, güvəndiyi ordusu, əsgəri vardı. Hansı ki o əsgər canı bahasına da olsa, torpaqlarımızı düşmən tapdağından  azad edəcəyinə and içmişdi. Şanlı Ordumuz elə bir güc sərgilədi ki, dünya  müstəvisinin diqqətini üzərinə çəkdi. Bütün dünya müasir müharibə metodlarını, döyüş bacarığını, ordu və millət birliyini, Vətən sevgisini, dəyərini daha diqqətlə, heyrətlə izlədi. Bütün dünyaya, bizə qarşı çıxanlara, erməni vandallarına türkün gücünü bir daha sübut etdik, baxmayaraq ki,dəfələrlə türkün əzminə, gücünə şahid olsalar da, sanki qəbul etmək istəmirdilər. Mənfur düşmən qəddarlıq və vandalizm ilə hər zaman qorxu yaradacağını düşünür və bunun daimi olacağına inanırdı. Doğrudur, onların törətdiyi vəhşiliklər, Xocalı soyqırımı, cinayətlər, insanlığa zidd, ağlasığmaz, qorxunc bir haldır. Bu müharibədə ordumuz tək Ermənistan deyil, bu cinayətləri dəstəkləyən, alqışlayanlarla da mübarizə aparırdı. Və dünya gördü ki, artıq bu millətin qorxmaz, millətini sevən bir sərkərdəsi və onun dəmir yumruğu altında birləşən güclü, müzəffər Ordusu, xalqı, sözə sözlə, silaha silahla cavab verən gücü var. Vətən yolunda geri çəkilmədən daim irəliyə baxan, öz Vətəni üçün döyüş meydanında mənfur düşmənin qəsdinə duran, diz çökdürən Vətən oğulları gələcəyimiz, torpağımız, firavanlığımız uğrunda candan keçdilər, qazi oldular. Onlar yaşayacaqları xoş günləri, gələcəklərini, sevdiklərini, yarım qalan ömürlərini bizlərə əmanət etdilər. Onlar başqasının deyil, öz torpaqlarının uğrunda canından keçərək ali mərtəbəyə ucaldılar. Onların tək amalı qələbə idi və buna nail oldular, hər kəs qəhrəman oğullarımızın canı, qanı bahasına qazandığı qalibiyyətlə razılaşmalıdır, qəbul etməlidirlər ki, şəhid qanı ilə yoğrulmuş əzəli torpaqlarımızın bir qarışını da heç kimə güzəştə getməyəcəyik. Gözəlliyi, füsunkarlığı ilə başına min cür bəlalar gələn Qarabağımızın sıldırım qayalarını, yaşıl düzlərini “Qarabağ şikəstəsi” haraylamalıdır, Cıdır düzünü birlik rəmzimiz olan yallı cuşə gətirməlidir. Anasından ayrı düşən Qarabağımızın yaralarını şəfqətimizlə, isti qucağımız, şirin laylamızla, əzizləmələrimizlə sağaltmalı, ağrı-acısını unutdurub, daha aydın, firavan günlər bəxş etməliyik. Şəhidlərimizin bizə əmanəti şanlı, üçrəngli bayrağımız daim qürurla dalğalansın deyə yurdumuzun hər qarışını gözbəbəyi kimi qorumalıyıq. 
    Ey mavi səmanın bəzəyi şanlı üçrəngli bayrağım, sən daim fəxrlə, qürurla yüksəklərdə dalğalan, – deyə mərd oğullarımız Vətənə fəda oldu. Ey ana Vətənimin igidlər yetirən, uğruna canlar qurban verilən müqəddəs torpağı, alçaq düşmənlər tapdalamasın deyə neçə igidlər, neçə arzular, neçə yaşanmamış ömürlər sənə gömüldü. Sən nə xoşbəxtsən ki səndən keçməyən, “canım sənə fəda olsun, Vətən!” deyən övladların var, nə xoşbəxtsən ki bu böyük ağrı-acıya baxmayaraq, başını dik tutub fəxrlə “Vətən sağ olsun!” deyən atalar, analar var, nə xoşbəxtsən ki, göz yaşlarını ürəyinə axıdıb qürurlanaraq “Qəhrəmanım!!!” deyən yarlar, bacılar var, bizlər nə xoşbəxtik ki sənin kimi məğrur, şanlı, ulu yurdun vətəndaşıyıq! Daim var olasan, qəhrəmanlar yurdum, torpağı şəhid qanıyla yoğrulan Vətənim Azərbaycan!

    Nailə BABAYEVA
Naxçıvan Dövlət Universitetinin  Azərbaycan dili və ədəbiyyat 
müəllimliyi ixtisasının 
III kurs tələbəsi

Nəşr edilib : 12.12.2022 20:04