AZ EN RU

Vətən qəhrəmanlarını unutmur!

Seymur İlham oğlu Cabbarov

16.03.1987-03.10.2020

Vətən varsa, şəhidi də, qəhrəmanı da vardır. Seymur da onlardan biri. Şərurdakı liseydə oxuyurdu. Sonra öz istəyi ilə oranı tərk etdi. Sənədlərini hərbi liseyə verdi. Seymur bilirdi ki, atası da Seymur yaşda olanda Zaqafqaziya Hərbi Akademiyasına sənədlərini verib, sonra geri almışdı. Atasının da böyük arzusu idi hərbçi olmaq. Amma Seymura qismət oldu hərbçi həyatı. Atası da, mən də nə qədər dedik, eşitmədi bizi. Gördük ki, Seymurda bu bir həvəs deyil. Bu, ömrünü, həyatını, gəncliyini Vətəninə, millətinə həsr etməkdir. Və elə də oldu.
Seymur çox səliqəli, təmiz, böyük-kiçik yerini bilən oğlan idi. Hər kəsi öz dili ilə danışdırardı. Həm də çox dünyagörüşlü idi. 

Atamgildə idik. Biz müharibənin başlanmasını orada eşitdik. Çox narahat olduq. Orada otura bilmədik, evə gəldik. Seymur 27 sentyabrdan döyüşə gedib. İki gün biz bilmədik ki, Seymur döyüşdədir. Müharibə vaxtı da, əvvəllər də hərbçi həyatından, gördüyü işlərdən bir kəlmə danışmazdı. Danışanda, sadəcə, deyirdi ki, mən təlimdəyəm. Gecə saat 11-də bir neçə dəfə zəng vurduq, telefonu açmadı. Əslində, bir neçə gün ondan əvvəl atasına demişdi ki, əgər zənginizə cavab vermirəmsə, deməli, iş başındayam. Atası Seymurun yoldaşına zəng vurdu. Yoldaşı dedi ki, heç mənə də zəng vurmayıb. Heç bir xəbər yoxdur. Bir onu bilirik ki, müharibədir. Yoldaşına belə hara, nəyə getdiyini deməmişdi.
Atası tez-tez Seymura zəng vururdu. Ancaq cavab ala bilmirdi. Nəhayət, Seymur telefonu açdı. Çox təngnəfəs danışırdı. Dedi, ata, narahat olma, vəziyyət yaxşıdır. Biz təlimdəyik. Seymurla sonuncu danışığımız o oldu. Ondan sonra balamızdan bir xəbər çıxmadı.
Bax belədir insanın taleyi. Hər kəsin bir taleyi, bir qisməti var. Bilirik ki, balamız Vətən, millət yolunda, sizin, bizim yolumuzda şəhid olub. Mən həmişə deyirəm ki, bizim balalarımız torpaq qaytaran şəhidlərdir. Allah məkanlarını cənnət, ruhlarını şad etsin. Vətən sağ olsun!

Nəşr edilib : 15.05.2024 12:38