AZ EN RU

Vətən qayəli, barıt qoxulu xatirələr işığında

    Artıq üç ildir ki, hər payız fəslində Azərbaycan xalqı olaraq böyük qalibiyyətin – Qarabağ Zəfərinin ətrini duyuruq. Hələ uşaqlıq illərindən adını eşitdiyim Şuşanın, Laçının, Kəlbəcərin və digər tarixi Azərbaycan torpaqlarının, eləcə də daim qəlbimizdə alovlanan Qarabağ həsrətinin sona yetdiyi bu fəsil sanki daha da doğmalaşıb bizə. Axı necə doğmalaşmasın? Bir halda ki, 30 ilə yaxın bir müddətdən sonra düşmən işğalından azad edilən ərazilərimizə qəhrəman oğullarımız, igidlərimiz ayaq basır. Girişi çox uzatmadan həmin cəsur oğullarımızdan biri ilə tanış etmək istəyirəm oxucularımızı. Həmçinin İkinci Qarabağ müharibəsində Vətənin igid oğullarının qətiyyətli addımlarla irəlilədiyi o çətin, məşəqqətli yolların, apardıqları mübarizənin tarixçəsini elə Zəfər şahidlərinin dilindən çatdırmaq istəyirəm sizlərə. 

Mövzumuzun qəhrəmanı ilə ilk tanışlıq

Oktyabr ayının ikinci həftəsidir. Şəhərimizin mərasim evlərindən birində, Vətən  müharibəsi qəhrəmanlarının şərəfinə, onların döyüş yoluna həsr edilmiş tədbir təşkil olunub. Hər kəs öz yerini alıb və bir-birindən maraqlı çıxışları dinləyir. Kimi əlində üçrəngli Azərbaycan Bayrağını tutub şeirlər səsləndirir, kimi də ürəkoxşayan vətənpərvərlik ruhunda musiqi nömrələri ifa edərək qəlbimizin sarı siminə toxunur. Bir sözlə, bütün diqqətimiz kiçik, lakin mənəviyyatca böyük xatirələrə işıq tutan səhnəyə zillənib. Bu zaman dəhlizdən eşidilən aram, həzin ayaq səsləri hər kəsin diqqətini səs gələn tərəfə yönəldir. Bu ayaq səslərinin sahibi Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Qüvvələrində hərbi xidmətdə olmuş, Vətən müharibəsində canla-başla xidmət etmiş, ərazi bütövlüyümüzün təmin olunmasında şücaət göstərmiş “Azərbaycan Bayrağı” ordeni və “Xocavədin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, 100 illik “Yubiley” və 3-cü dərəcəli “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunan Kəngərli rayon sakini, müharibə iştirakçısı Əli Kərimov şəhid qardaşlarının, döyüş yoldaşlarının qəhrəmanlığından, mübarizliyindən danışmaq üçün tədbirdə iştirak edəcək. Onu qeyd edim ki, mən bu mövzuda təşkil edilən bir çox tədbirlərdə iştirak edib, Əli Kərimov kimi igid oğullarımızın söhbətini dinləmişəm, həmin söhbətləri qələmə alıb yaddaşlara köçürmədikdə, bəzən çox peşman olmuşam, heyifsilənmişəm özüm-özümə. Amma bu dəfə qərara aldım ki, bu gənc Vətən oğlunun 44 günlük haqq-ədalət mübarizəmizdə keçdiyi döyüş yolunun maraqlı tarixçəsini, elə o danışdıqca, söylədikcə kağıza köçürüm...

Şanlı Zəfərin başlanğıcı…

Q əhrəmanımız səhnəyə hakim şəkildə, elə ürəklə, danışır ki, təsirlənməmək, qürurlanmamaq əldə deyil. O, xalqımızın müharibə dövründə nümayiş etdirdiyi birlik və bərabərlikdən, həmrəylikdən, uşaqdan-böyüyə hər kəsin bir amal uğrunda cəm olub mübarizə aparmasından danışır… İştirakçılara çatdırdığı hər fikri, hər sözü sanki ruhən yaşayır: “Ali Baş Komandanımızın sərkərdəliyi ilə qəlbimizdə qurulan Azərbaycan eşqi idi bizə haqq yolunu göstərən. Bunun nəticəsi idi ki, bayraq sevgisi, torpaq məhəbbəti ilə silahlanan qəhrəman igidlərimiz Qarabağ savaşından alnıaçıq, üzüağ çıxdı. Vətənin dar günündə onun köməyinə yetişən minlərlə ərənimiz qanları ilə tarix yazdı, onlar həm də adlarını zəfər tariximizə həkk etdirdilər. Çətindir həmin günlərə qayıtmaq, hər anı yada salmaq çox ağırdır bizlər üçün. Burada şəhid yaxınları da var. Gərək məni bağışlayasınız, sizə o ağrılı-acılı günləri xatırlatdığım üçün. Amma bu gün söylədiyimiz bütün həqiqətlər, reallıqlar gələcək nəsillər üçün bir örnək, qürur olacaq. Bizim əmilərimiz, dayılarımız, atamız döyüşdə iştirak edib, düşmənə qan uddurub deyəcəklər. Öyünəcəklər, fəxr edəcəklər. Gələcək Poladlar, Mübarizlər, Çingizlər, Salatınlar da məhz bu həqiqətləri eşidən, bilən Vətən övladlarının ocağında yetişəcək. Vətənimiz, Azərbaycanımız igid oğullar, qızlar qazanacaq. 

Bu gün gərək hər anımız Vətən desin, Vətən söyləsin! 

Əli Kərimov şanlı Vətən müharibəsində ordumuzun şücaətindən, qəhrəmanlığından danışdıqca qeyri-ixtiyari düşüncələrin eyforiyasına qapılıram. Erməni kimi qəddar, zalım, qaniçən “millətin” süni şəkildə yaratdığı bu müharibədə, yenə də Azərbaycan Ordusu öz səbrini, təmkinini qorudu. Yalnız əks-hücum əməliyyatı ilə başladı mübarizəyə. Nəticədə, elə bütün dünyanın da bildiyi kimi, Azərbaycan Respublikasının təntənəli zəfəri ilə başa çatdı. Düşüncəmizin bu yerində Əli Kərimovun dilindən eşitdiyim, hər birimizə tanış olan misralar məni oyadır sanki. “Bu gün gərək hər anımız Vətən desin!”. Necə də dərin mənalı, qürurlu səslənir bu söz. Bəlkə də, bu misraları dilində əzbər etdikləri üçün igid oğullarımız tarix yazdılar, tarix oldular. Elə Əlinin də söylədiyi kimi: “Vətən müharibəsi Ali Baş Komandanımız cənab İlham Əliyevin 20 il ərzində necə qüdrətli ordu yaratdığını göstərdi. Həmin ordu illərlə Qarabağda möhkəmlənən mənfur düşməni cəmi 44 günə qarşısında diz çökdürdü, ağır şərtli kapitulyasiya aktına imza atdırdı. Bu həm də qalib sərkərdə qətiyyətinin təcəssümü, illərlə yürüdülən müstəqil siyasətin təntənəsi idi. Fəxr edirəm ki, müzəffər Ordunun qalib zabiti kimi yazılan şərəfli tarixdə mənim də imzam var. İstərdim fürsətdən istifadə edib sizə uşaqlıq xatirələrimdən də danışım. Atam Birinci Qarabağ müharibəsi iştirakçısı olduğundan mən də orta məktəbdə oxuyanda artıq qərar vermişdim ki, mütləq hərbçi olacağam. Səkkizinci sinfi bitirdikdən sonra valideynlərimin də razılığı ilə şəhərimizdəki Heydər Əliyev adına Hərbi Liseyə sənəd verdim, imtahanlardan müvəffəqiyyətlə keçib, məktəbə qəbul oldum. Müxtəlif illərdə Naxçıvanda, Türkiyədə, həmçinin Gürcüstanda bir çox təlimlərdə iştirak etdim. Daim hazırlıq keçdik, istənilən döyüş tapşırıqlarını yerinə yetirmək üçün çalışdıq. Təyinatımı alıb peşəkar hərbçi kimi fəaliyyətimə başladıqda da daim öyrəndiyimiz ali qanunları yaşatdıq. Təvazökarlıqdan bir az uzaq olsa da, deyim ki, tabeçiliyimizdə olan əsgərlərin əsl xüsusi təyinatlı kimi yetişməsi üçün əlimdən gələni əsirgəmədim. Çünki biz bilirdik ki, torpaqlarımız düşmən tapdağında uzun müddət qalmayacaq. Ali Baş Komandanımız bütün çıxışlarında bəyan edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmır və barışmayacaq. Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və biz o yurda qayıdacağıq. Əgər sülh yolu ilə alınmasa, biz başqa variantlara əl atacağıq. Biz də görürdük ki, düşmən başqa dövlətlərin himayəsində hərlənməklə sülh danışıqlarından yayınır və bəhanələr gətirir. Bu isə müharibəni qaçılmaz edirdi. Buna görə də Ali Baş Komandanımız hər il hərbi büdcəmizi zənginləşdirdi və bununla Silahlı Qüvvələrin arsenalını modernləşdirdi, müasirləşdirdi. Ordumuzun maddi-texniki təchizatı günü-gündən gücləndirildi. Bununla yanaşı, dövlətimiz daim hərbçilərə diqqətlə yanaşdı, onların mənzil-məişət şəraitini yaxşılaşdırdı. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdə Böyük Zəfəri gözləyirdi. Əslində, ordumuz bu günün yaxında olacağına əmin idi. 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı, 2020-ci ilin iyulunda Tovuz döyüşləri bizə tezliklə mübarizənin başlanacağı mesajını verirdi. Nəhayət ki, arzumuza çatdıq. Torpaqlarımızı işğaldan azad etdik. Bu döyüşlərdə düşmən Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olduğunu gördü. Ali Baş Komandanımız hər kəsi vahid amal ətrafında səfərbər etdi və nəticədə, “dəmir yumruq” əməliyyatı ilə düşmənin başı əzildi. Ermənistana elə bir zərbə vuruldu ki, hələ uzun illər özünə gələ bilmək üçün yollar axtaracaq.  

Torpaqlarımızın uğrunda mübarizə xəbərini toy-bayramla qarşıladıq

Tədbir iştirakçılarının, eləcə də vətənpərvər gənclərimizin təkidi ilə Əli Kərimov bizlərə 44 günlük Vətən müharibəsinin başlamasından danışır: “Sentyabrın 27-də Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin hücumlarına cavab olaraq əks-hücum əməliyyatı ilə döyüşə başladı. Bizə də xəbər gəldi ki, hazırlaşın ön cəbhəyə, döyüşə yollanırıq. İnanın ki, hərbi hissədə sanki toy-bayram idi, hamı sevinirdi. Hər kəsin qəlbindəki yeganə bir qorxu var idi – müharibədə iştirak edə bilməmək… Müharibə başlayan gündən saatları sayırdıq, sanki. Ancaq mövcud qaydaları gözləmək zəruri olduğu üçün gözləyirdik. Nəhayət, oktyabrın 11-də Naxçıvandan yola düşdük və ilk olaraq Füzuli-Xocavənd istiqamətində müxtəlif mövqelərdə toplandıq. Burada Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrin komandanı, polkovnik Tehran Mənsimov şəxsi heyət qarşısında çıxış edib, Birinci Qarabağ savaşındakı təcrübələrindən, müharibədə bizi nələrin gözlədiyindən, nələrlə qarşılaşa biləcəyimizdən danışdı və tövsiyələrini verdi. Polkovnik dedi ki, Vətənin işğalda olan bir qarış torpağı uğrunda savaşıb geri almaq fəxarətdir. Bu şərəfli yolu qət etmiş qəhrəmanlarımızın dediyi kimi də etdik, hər tövsiyəni, tapşırığı canla-başla yerinə yetirdik. Döyüş zamanı düşməni pərən-pərənə saldıq. Maraqlısı o idi ki, biz düşmənin fikirləşdiyinin tam əksini edirdik; qurduqları müdafiə istehkamları istiqamətində yox, onlara gözləmədikləri anda, gözləmədikləri yerdən zərbə endirirdik. Bu gün qazi adını qazanan, yaxud da şəhidlik zirvəsinə ucalan hər bir igidimizin tək amalı, qayəsi Vətən idi. Ərazi bütövlüyü təmin edilmiş azad Vətən! Heç bir itki də bizi ruhdan salmırdı. Hər dəfə şəhid xəbəri alanda qəlbimizdəki intiqam alovu daha da şölələnirdi. Ali Baş Komandanımızın da söylədiyi kimi, bu bizim haqq savaşımız idi və biz öz torpaqlarımız uğrunda döyüşürdük. Erməni əsgəri kimi təcavüzkar deyildik, torpağı uğrunda döyüşən əsgərlər, zabitlər idik. Biz bilirdik ki, düşmən əsgərinin gücü ancaq döyüş bölgəsindən uzaqda olan ərazilərimizə – Tərtərə, Bərdəyə raket yağışı yağdırıb dinc əhaliyə divan tutmağa çatar. Həmçinin biz onların bütün döyüş və müdafiə taktikalarını əzbər bilirdik. Ona görə də inamlı və əzmli idik. Baş Komandanımızın zəfər mujdələri isə bizi həddindən artıq ruhlandırırdı. Şükürlər olsun ki, bu mübarizədən də Azərbaycan Ordusu qalib çıxdı. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 

Çıxışın son dəqiqələri…

Gənc, qəhrəmanın çıxışındakı son sözləri də qürurvericidir: “Bu qələbədə mənim də payımın olması böyük fəxarət hissidir. Qalib ordunun qalib zabiti olmaq çox qürurvericidir. Sevincliyəm ki, gələcəkdə övladlarıma, nəvələrimə Vətənimiz Azərbaycan haqqında nələrisə danışa biləcəyəm. Onlar bizimlə fəxr edəcəklər. Çünki düşməni əzə-əzə, “bu yolda öldü var, döndü yoxdur” deyə-deyə irəliləyən, son damla qanına qədər döyüşən igidlərimizin  övladları da özləri kimi qəhrəman olmalıdır. Bu igidlər illərdir, gözləri Şuşaya doğru yol çəkən, qələbə xəbəri üçün səbirsizlənən, məğlub kimi gəzməyə məhkum olunmuş bir xalqın kimliyini, mənliyini özünə qaytardı. İndi qürurla, fəxrlə o yurda qayıtmağa haqqımız var! Yaşasın Azərbaycan Ordusu!
    Alqış səsləri bir anda bütün zalı bürüyür. Diqqətlə müşahidə etdikdə görürük ki, Əli Kərimovun sözlərində kimsə şəhid oğlunu tapır, kimisi qardaşını, kimisi ömür-gün yoldaşını tapır. Qürurverici söhbət yenə də bizi düşünməyə vadar edir. Bu, həqiqətən də, tarixi hadisədir. 44 günlük Vətən müharibəsi bir daha təsdiq etdi ki, Azərbaycan xalqı bütün ümummilli məsələlərdə birlik nümayiş etdirir. Birliyin, bərabərliyin, mübarizliyin daim olsun, əziz Azərbaycan xalqı. Sən hər zaman qalibsən!

Bülbül Quliyeva

Nəşr edilib : 31.10.2023 18:50