AZ EN RU

“Vətən oğulsuz olmasın” kitabının təqdimatı keçirilib

   Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasiminin iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, ehtiramlarını bildiriblər. Heydər Əliyev Muzeyi ilə tanış olan qonaqlar sonra Hüseyn Cavidin məqbərəsində olub, dahi liderin Azərbaycan ədəbiyyatına, eləcə də Hüseyn Cavidin  şəxsiyyətinə və yaradıcılığına olan diqqətindən danışıblar.
    Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirilən təqdimat mərasimində Ulu Öndərin, şəhidlərimizin və Mirvarid Dilbazinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    “Vətən oğulsuz olmasın” kitabının Ulu Öndər Heydər  Əliyevin 100 illiyi ilə əlaqədar nəşr olunduğunu vurğulayan “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Alıyeva kitabın dahi liderin doğulduğu Naxçıvan torpağında təqdimat mərasiminin keçirilməsindən məmnunluğunu dilə gətirib.   Bildirib ki, kitabda Ulu Öndərin Xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı onların çıxışları, ədibin xalqın müdrik oğluna həsr etdiyi şeirlər toplanıb.
    Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Əliyev vurğulayıb ki, Ümummilli Lider hər zaman  Vətənə, xalqa məhəbbət kimi mənəvi keyfiyyətlərin aşılanmasında ədəbiyyatın rolunu önə çəkir, Vətənə sevgi ruhunda yazmağın sənətkar üçün xoşbəxtlik olmasını vurğulayırdı. Ədəbiyyatımızın böyük hamisinə  şairlər tərəfindən minlərlə şeirlər, poemalar həsr olunub. Mirvarid Dilbazi də Ulu Öndərə həsr olunmuş qiymətli ədəbi nümunələr yaradan ilk şairlərimizdəndir.
    Sonra Vətən müharibəsi şəhidləri – Xansu  Qurbanovun, İbrahim Əlizadənin, Milli Qəhrəman Yusif Mirzəyevin ailə üzvləri, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Aygün Heydərli, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva,Yazıçılar Birliyinin üzvü Aləmzar Sadıqqızı və digərləri çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər, şairlər şeirlər səsləndiriblər. Qeyd olunub ki, Azərbaycanın ilk qadın Xalq şairi olan Mirvarid Dilbazinin şeirləri gənc nəslin milli vətənpərvərlik duyğularının möhkəmlənməsində müstəsna rol oynayıb.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.07.2023 20:51