AZ EN RU

Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 24 iyun, 2022-ci il 21 aprel tarixli sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş hərbi qulluqçular müxtəlif medallarla təltif ediliblər.
    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsində həmin medalların, onların vəsiqələrinin qazi və Vətən müharibəsi iştirakçılarına təqdim edilməsi ilə bağlı tədbir keçirilib.
     Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxış edərək bildirib ki, Vətənə sədaqət andı içib ordu sıralarında xidmət edən igid oğullarımız Vətən torpağına sevgilərini və onun yolunda nələrə qadir olduqlarını 44 günlük Vətən müharibəsində sübuta yetirdilər. Bu müharibədə iştirak edən, şəhid olan qəhrəmanların şücaəti gələcək nəsillərə örnəkdir və onların sırasında doğma Naxçıvanımızın mərd oğulları da çoxdur. Onlardan Naxçıvan şəhər sakinləri kiçik gizir Emil Zeynalov “Qubadlının azad olunmasına görə”, Vətən müharibəsi qazisi, əsgər  Nurəddin Nəbiyev, əsgər Xəyal Kərimov , kiçik çavuş Afin Mustafayev, əsgər Elsun Nəcəfzadə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunublar. 
      Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxışında qeyd edib ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması üçün böyük qəhrəmanlıq göstərərək Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya bəyan ediblər. Bu qanlı döyüşdə mərdliklə vuruşaraq canlarından keçmiş şəhidlərimizin və qazilərimizin hər birinin şücaəti, qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
     Vurğulanıb ki, ölkəmizdə şəhid adı daim uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Naxçıvanda da daim şəhid ailələri, qazi və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, mənzil və avtomobillərlə təmin olunurlar. Vətən müharibəsi iştirakçılarına növbəti medalların təqdim olunması da bu istiqamətdə görülən işlərin davamıdır. 
    Sonra medalların təqdimatı olub, qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 13.10.2022 17:57