AZ EN RU

Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət göstərmiş hərbi qulluqçular müxtəlif medallarla təltif ediliblər. Təltif olunanlar arasında naxçıvanlılar da az deyil. Naxçıvan Şəhər İcra Hakimiyyətində həmin medalların və onların vəsiqələrinin Vətən müharibəsi iştirakçılarına təqdim edilməsi ilə bağlı növbəti tədbir keçirilib. 
    Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
    Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu sahəsində işlər uğurla həyata keçirilir. Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən həyata keçirilən mühüm tədbirlər şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə yanaşı, onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olub.
    Qeyd edilib ki, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Vətən müharibəsi qələbə ilə başa çatdı. Müharibədə iştirak edən, qazi və ya şəhid olan qəhrəmanların sırasında Naxçıvanın mərd oğulları da az deyil. Naxçıvan şəhərindən olan zabit, gizir və əsgərlərimiz də bu savaşda böyük qəhrəmanlıqlar göstəriblər. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Vətən müharibəsi iştirakçıları – leytenant Hüseyn Məmmədov “Suqovuşanın azad olunmasına görə”, əsgər Elçin Rzayev və əsgər Azər Sadıxov isə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər. 
     Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin üç minə yaxın hərbi qulluqçusu şəhidlik zirvəsinə yüksəlib, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin 15-i isə  şəhər qeydiyyatında olub. 
    Sonra medallar təqdim edilib. 
    Vətən müharibəsi iştirakçıları göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.    

Nail ƏSGƏROV

Nəşr edilib : 27.05.2022 21:12