AZ EN RU

Vətən müharibəsi iştirakçıları ilə görüş

Naxçıvan şəhərində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.  Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsi və "Gənc Vətənpərvərlər" İctimai Birliyi tərəfindən birgə təşkil olunan tədbirdə qazilərimiz – kapitan Ceyhun Bayramov, baş leytenantlar Abbasəli Tarverdiyev, Minətulla Bayramov, Cavad Səmidov, İlknur Qurbanov və gizir Vidadi Məmmədov iştirak ediblər.

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız bir dəqiqəlik sükutla anılıb.  Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və baş idarənin nümayəndəsi Nurlan Məhərrəmov çıxış edərək 105 illik Azərbaycan Ordusunun yaranma və formalaşması tarixindən bəhs edib, ordu quruculuğu sahəsində atılan addımlardan danışıblar. Qeyd olunub ki, hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır. 44 günlük Vətən müharibəsinin şanlı zəfərlə başa çatması dövlət-xalq-ordu birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadəti sayəsində mümkün olub. Çıxış edənlər bütün hərbçilərimizə ali xidmətlərinə görə minnətdarlıq edib, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Gənclər şəhidlərimizin timsalında qəhrəman döyüşçülərimizin gənc nəslə ötürdüyü vətənpərvərlik mirası ilə qürrələndiklərini ifadə edib, qazilərimizə şəfa diləyiblər.

Azərbaycan Ordusunun hər zaman üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirdiyini deyən gizir Vidadi Məmmədov Vətən müharibəsində xalqın dəstəyini çiyinlərində hiss edən hərbçilərimizin mübarizə əzmi, döyüş ruhundan danışıb. Dövlətin müharibə əlillərinə göstərdiyi qayğıdan bəhs edən gizir Məmmədov gənclərlə keçirilən görüşlərin əhəmiyyətli olduğunu vurğulayıb, göstərilən diqqətə görə təşəkkürünü ifadə edib.

Görüşdə iştirak edən müharibə iştirakçılarına hədiyyələr və gənclərin adından təbrik məktubları təqdim edilib. Sonra tədbir iştirakçılarının çay süfrəsi arxasında səmimi söhbəti olub. Qazilərimiz döyüş xatirələrini bölüşüb, gənclərə tövsiyyələr verib, o cümlədən onları maraqlandıran sualları cavablandırıblar.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 24.06.2023 17:16