AZ EN RU

Vətən müdafiəçilərinin gələcək xilaskarları

    Yaradılışın həqiqətini dərk edən insan həyatda özünü əməli və şəxsi ləyaqəti ilə təsdiqləyir. Belə insanlar gözəllik qanunları ilə qurub-yaratmağı sevir, həyat həqiqətlərində güclü inamı, nəcibliyi, mənəvi zənginliyi, saflığı ilə seçilirlər. Peşəsindən, vəzifəsindən asılı olmayaraq, bu ümdə vəzifələri öz mənəviyyatında yaşadan insanlar da həmişə elin, yurdun xilaskarı olur, bütün ömrü boyu Vətənin xoşbəxtliyi naminə çalışırlar. Xeyirxahlıq, qayğıkeşlik, seçdiyi peşəsinin müqəddəsliyini qorumaq, nüfuzunu saxlamaq belə adamlar üçün ali məqsədə çevrilir. Yəni müəllim öz təhsilinin gücü, jurnalist qələminin mürəkkəbi, həkim yuxusuz gecələri, şəfqətli əlləri ilə Vətənin keşiyində dayanır, öz mətinlikləri, mübarizlikləri ilə insanlara nümunə olurlar. Bu yazımızda da daim sağlamlığımızın qayğısına qalacaq, öz səbri, iradəsi, təmkini ilə çətin, lakin şərəfli peşənin öhdəsindən layiqincə gəlməyə çalışacaq gələcək həkimlərimizdən danışacağıq. Daha doğrusu, Vətənin ən çətin anında ordumuza arxa-dayaq olacaq, hər yaralı əsgərin qayğısını öz övladı, qardaşı kimi çəkən gələcəyin hərbi həkimlərindən, daha dəqiq desək, ağxalatlı qəhrəmanlarından...

    Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanımızın iradəsi, gücü, siyasi birliyi, şəhid qardaşlarımızın, qazilərimizin mübarizə əzmi nəticəsində torpaqlarımız işğaldan azad edildi. İki il bundan öncə 27 sentyabrda başlayan Vətən müharibəsi zamanı neçə-neçə gəncimiz torpaqlarımızın işğaldan azad olunması  naminə canlarından keçdi, şəhidlik mərtəbəsinə yüksəldi, qazi adı qazandı. Bu müddət ərzində bir həqiqəti daha dərindən dərk etdik ki, Vətən boyda əmanətə sahib çıxmaq üçün əldə silah, ayıq-sayıq keşik çəkməklə bərabər, həm də arxa cəbhədə yurdumuzu mühafizə etmək, yaralı hərbçilərimizə dəstək olmaq, onlara daim inam aşılamaq lazımdır. Bu yolda hərbi həkimlərin rolu danılmazdır, inkaredilməzdir. 

    Məlumat üçün qeyd edək ki, ölkəmizdə hərbi tibb ixtisası üzrə kadr hazırlayan az sayda ali təhsil ocaqları sırasına artıq Naxçıvan Dövlət Universiteti də qoşulub. Yeni təhsil ilindən etibarən bu istiqamətdə fəaliyyətə başlayan ixtisas barədə biz də məlumat əldə etdik, gələcəyin hərbi həkimləri ilə həmsöhbət olduq. 
    İlk müsahibimiz ali təhsil ocağının Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədovdur. Həmsöhbətimiz Hərbi tibb ixtisasının yaranma zərurəti haqqında məlumat verərək qeyd etdi ki, Naxçıvan Dövlət Universitetində bu ixtisasın açılmasında başlıca məqsəd Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyacına uyğun hərbi həkim, feldşer və digər ixtisaslı tibb işçiləri hazırlamaq, bir sözlə, ordu sistemimizi tibbi kadrlarla təmin etməkdir. Bu sahə üzrə kadr hazırlığına çox ciddi yanaşmışıq. Məlumdur ki, Vətən müharibəsi ərəfəsində arxa cəbhədə canla-başla “vuruşan”, hər şəhid xəbərinə kədərlənib, üzülən, lakin iradəsindən dönməyən, müqəddəs anda – Vətəni qorumaq andına sədaqətlə xidmət edənlər sırasında öndə gedən peşə sahiblərindən biri də ağxalatlı həkimlərimiz oldu. Müharibədə yaralananların böyük bir qismi onların gecəli-gündüzlü səyləri nəticəsində öz sağlamlıqlarına qovuşdu. Elsevər müəllim deyir ki, qalib ölkənin müəllimi olaraq bu sahə üzrə ixtisaslı kadrlar yetişdirməyi böyük xoşbəxtlik hesab edir. Hərbi tibb ixtisasına qəbul prosesi digər ixtisaslardan fərqli olaraq daha erkən aparılır. Xüsusi təyinatlı ixtisas olduğu üçün burada oxumaq istəyənlərin xüsusi komissiyadan keçmələri əsas şərtdir. Həmin şəxslər qoyulan tələblərə cavab verməli, bütün müvafiq qaydalara əməl etməlidirlər. Bu şərtlərə cavab verən gənclər tam orta təhsilini bitirməli, 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan şəxslər, yaşı 18-23 arası olan hərbçilər müsabiqədə iştirak edə bilərlər. İxtisasa qəbul olan tələbələrə uzun illər bu sahədə təcrübə qazanmış peşəkar həkimlər dərs deyir, onlara Hərbi tibb ixtisasının incəliklərini öyrədirlər. Bu ixtisası bitirməyin digər bir üstünlüyü ondan ibarətdir ki, gənclər ali təhsillərini başa vurduqdan sonra onlara zabit rütbəsi verilir. Sevindirici haldır ki, hər bir sahədə olduğu kimi, hərbi tibb təhsili də dövlət qayğısı ilə əhatə edilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının himayəsi, dəstəyi ilə tələbələr həm yay, həm də qış geyimi ilə təmin olunublar. Təkcə bununla da kifayətlənmir, ordu tərəfindən təhkim olunan zabit tərəfindən onların davranışları və problemləri, hərəkətləri yoxlanılır. Elsevər Əsədov onu da diqqətə çatdırdı ki, bu ixtisasa marağın artması, gənclərin cəlb olunması fəaliyyət göstərdiyi dövrdə ali təhsil ocağının qazandığı uğurlarla bağlıdır. 
    Sözügedən ixtisasda təhsil alan tələbə-gənclərimizlə də həmsöhbət oluruq. Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbi “Qızıl” nişanla bitirmiş Tuncay Təhməzli söhbət zamanı bildirdi ki, 576 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin Hərbi tibb ixtisasına qəbul olunub. Vətən müharibəsi zamanı bu istiqamətdə xidmət göstərən həkimlərimizin səyləri daim onu özünə cəlb edib. Tuncay dedi ki, Vətəni qorumaq yalnız səngərdə keşik çəkib, düşmənlə üz-üzə dayanmaq deyil. Vətəni qorumaq qazandığın peşədən asılı olmayaraq, öz şəxsi mənafeyini bir kənara qoyub bütün ruhunla, qanınla, canınla torpağı, eli sevməkdir. Hərbi tibb ixtisasını seçən hər bir gənc yaxşı dərk etməlidir ki, Hippokrat andı ilə yanaşı, Vətənə sədaqət andı da içməlidir. Qürurla demək olar ki, Naxçıvan Dövlət Universitetində bu peşəyə yüksək səviyyədə yiyələnmək üçün hər bir şərait yaradılıb. Burada tam təchiz olunmuş laboratoriyalar, simulyasiya otaqları, zəngin kitabxana var. Bunlarla yanaşı, peşəkar həkim kimi formalaşmaq üçün mütəmadi olaraq savadlı həkimlərlə görüş, tibbi konfranslar və ustad dərsləri keçilir. Həmçinin tələbələr Naxçıvan Mərkəzi Xəstəxanasında da təcrübələr keçirlər. 
    Söhbətimizi bu ixtisasda təhsil alan digər bir gənclə davam etdirdik. Hərbi tibb ixtisasının tələbəsi İlkin Məmmədov dedi: – Müasir dövrümüzdə baş verən prosesləri, dünyanın sürətli inkişafını, yenilənməsini nəzərə alaraq, ən əsası isə mənfur düşmənlə üz-üzə olan torpağın övladı kimi düşünüb qərar verdim ki, hərbi həkim olum. Təhsil aldığım Naxçıvan Dövlət Universitetində bizim savadlı kadr kimi yetişməyimiz üçün hər bir şərait yaradılıb. Müasir şərait, aparılan maraqlı təcrübələr, keçirilən konfranslar imkan verir ki, biz bu sahəni dərinliyi ilə mənimsəyək, öyrənək. İnanıram ki, təhsil aldığım bu müddət ərzində lazımi biliklərə yiyələnəcək, gələcəyin savadlı hərbi həkimlərindən olacağam.
    Böyük alim, həkim Aleksandr Bilibin deyirdi ki, həkimliyi öyrənmək, əslində, insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. Bu hikmətli deyimin dərinliyini gənc həkimlərimizlə həmsöhbət olarkən bir daha dərk etdik. Ömrün gənclik çağında öz peşələri ilə Vətən müdafiəçilərinin sağlamlıqları keşiyində dayanmaq, həyatlarını qorumaq kimi müqəddəs bir məramı gerçəkləşdirməyi özlərinə yol seçən, bunu əməldə yox, real həyatda da tətbiq etməyin arzusu ilə yaşayan gələcəyin ağxalatlı qəhrəmanlarına bu yolda uğurlar arzu edirik.

Bülbül QULİYEVA

Nəşr edilib : 12.10.2022 19:00