AZ EN RU

Vətən, millət yolunda şəhid oldu

Əli Cavad oğlu Əliyev

01.09.1997-13.09.2022

Əli çox zarafatcıl, deyib-gülən uşaq idi. Evdə də qoymazdı ki, kimsə kədərli ola. Kiminsə gözündən bir damla yaş axa. Ağlayan adamı belə güldürərdi. O qədər dəcəl idi ki, bir dəqiqə bir yerdə durmazdı. Həm də çox savaşqan idi. Elə bil ki, yaşından tez böyümüşdü. Hər zaman özündən böyüklərlə oturub-durardı. Atası həmişə hirslənərdi ki, ay oğul, onlar sənin tayın deyil. Yenə də baxırdın ki, ancaq özündən böyüklərlə gəzir. 

Hərbini özü seçdi. Biz istədik böyük qardaşı getsin, amma Əliyə qismət oldu. Məktəbdə çox yaxşı oxuyurdu. 
Hələ 10 illik müqavilədən qabaq dedik ki, Əli işdən çıx. Onda Vətən müharibəsində də iştirak etmişdi. Dedi ki, siz nə danışırsınız. Bizim mübarizəmiz hələ bundan sonra başlayır. Mənim hədəflərim var. 
44 günlük Vətən müharibəsində yaralanmışdı. Mənim heç xəbərim də olmadı. Deyib ki, anama heç kim deməsin. Qazi olduqdan sonra Naxçıvana gəldi. Gəlmişdi vəsiqəsini almağa. Onda mənə dedi ki, ana, mən qazi olmuşam. Evə gəldikdən sonra bədənindəki qəlpə izlərini gördüm. Onda da dedik ki, qazisən getmə. Dedi ki, getməliyəm.
Ona təqaüd də kəsilmişdi. Təqaüd kartını mənə verdi. Dedi ki, ana, pulu sən alarsan. Dedim ki, Əli, mənim ürəyimdən gəlməz. O pulu xərcləyə bilmərəm. Pulu bir yerə yığıb səni evləndirəcəyəm. Əcəl macal vermədi. Balamı qara torpaq aldı.
Sonuncu dəfə sentyabrın 12-si danışdıq. Mənə zəng vurmuşdu. Amma mənə zəng çatmayıb. Atasına zəng vurmuşdu. Deyib ki, ata, biz hazırlaşırıq, bir yer var, oranı götürəcəyik. Deyib ki, anama niyə zəng çatmır? Atası telefonu mənə verdi, sonuncu dəfə balamla danışdım. Yaxşı da danışırdı. Səhər yuxudan durduq dedilər ki, Əli şəhid olub. Vətən sağ olsun!

Nəşr edilib : 14.05.2024 11:52