AZ EN RU

Vətən igidləri ilə var olur

    Uşaqlıqdan tanıyırdım onu, böyüdükcə onun necə cəfakeş bir ana olduğunun şahidi də oldum. Gənc yaşında həyat yoldaşını itirsə də, balalarını başına yığıb, onları böyüdüb boya-başa çatdırmışdı. İllər sonra onu nurlu üzü solmuş, lakin gözlərindəki qüruru daha da artmış gördüm. O mərd qadının adının üstünə şərəfli bir ad da yazılmışdı – şəhid anası. Nur üzü solsa da, gözlərindəki qürur “necə ki, qəhrəman analar var bir ölüb min diriləcək bu xalq”, – deyirdi. 

    Qəhrəman oğulun rəsmləri ilə bəzənmiş otaqda söhbətimiz şəhidin həyat yolu barədə olanda Səmayə ana dedi ki, Ruzi öz istəyi ilə hərbçi oldu. Özü də bilirdi, bu formanı geyinməyin nə qədər məsuliyyətli olduğunu. Amma heç birimiz onu yolundan döndərə bilmədik. Necə ki, canımda can var Vətənə qulluq edəcəyəm, şəhid olsam, haqqınızı halal edin, balalarımı da Vətənə layiq böyüdün. Qoy onlar da vətənsevər olsunlar, deyirdi həmişə. Ruzinin arzuları var idi. Şuşaya getmək, o cənnəti azad etmək. Oğlum bu arzusuna çatdı, amma Şuşanı gəzə bilmədi. Şuşa azad olan gündən bir gün əvvəl 7 noyabrda Şuşada şəhid oldu. Onun azad etdiyi yerləri mən gedib gördüm. Cıdır düzündə balamın qanı axan yerdə indi güllər açır. O torpağa ayaq basanda, balamın son dəfə nəfəs aldığı havanı udanda bir anlıq onun ruhunun başım üstə dolaşdığını hiss etdim. Azan səsi eşidiləndə oğlumun gülən gözləri gəldi xəyalıma. Bildim ki, balalarımızın ruhu şaddır. Onların azad etdiyi torpaq gülüstana döndükcə onların ruhu şad olacaq. 
     Səmayə ana keçmişi xatırlayır: – İllər öncə torpaqlarımız işğal altında olanda övladlarım kiçik idi. Həmin vaxtlarda körpələrimi evdə tək qoyub Şərur çörək kombinatında gecəli-gündüzlü çörək bişirib, səngərdəki əsgərlərə göndərirdik. Elə olurdu ki, evə çörək gətirə bilmirdim. Təki Vətənin müdafiəçiləri ac qalmasın, onların çörəyi bol olsun ki, döyüşə bilsinlər. Balalarımı bir boşqab yeməklə çörəksiz də doyuzdura bilərəm, amma əsgər ac qalsa qolunda təpər olmaz, düşmənin qabağını kəsə bilməz, deyirdim. Bax, beləcə, böyüdü balalarımız. Naxçıvanda bir qarış torpaq işğal olunmasa da, Qarabağ yadelli tapdağına düşdü. Balalarımız böyüyüb o torpaqları geri qaytarmağa gedəndə “get oğul, kürəyindən vurulsan haqqımı sənə halal etməyəcəm”, – dedim. Onun şəhid xəbəri gələndə ilk sualım “harasından vurulub?” oldu. Yaxın dostları “ana, sinəsindən” deyəndə bildim ki, oğlum düşmənin üstünə qartal kimi şığıyıb. O, düşmənin qabağından qaçmayıb. İllər öncə atasını itirəndə Ruzim də oğlu Uğur yaşda idi. İndi onun ocağında iki oğul, bir qız balam böyüyür. Onlar həm atalarına, həm də Vətənə layiq olacaqlar, çünki bu torpaq həmişə igid övladlar böyüdüb. 
    Ananın söhbətini dinləyə-dinləyə şəhid Ruzi İbrahimovun uşaqlığından son gününə kimi olan fotolarına, Şərur rayon Yengicə kəndindən Şuşaya kimi uzanan yolu özündə əks etdirən rəsmlərinə, illərlə əynində daşıdığı formalara, ağır çəkmələrə və hərbi formanın sinəsini bəzəyən “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına, “Azərbaycan Bayrağı” ordeninə baxıram. Və deyirəm ki, necə ki, bu xalqın Səmayə ana kimi mərd qadınları, Ruzi kimi igid oğulları var, bu xalq hər zaman yaşayacaq, düşmənimiz “dəmir yumruğ”un zərbəsinin dadını heç vaxt unutmayacaq. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 20.12.2023 18:05