AZ EN RU

Vətən deyəndə...

    Neçə illər idi, elə bir yara almışdıq ki, qaysaq bağlamaq yerinə, gündən-günə daha da dərinləşirdi. Qarabağ adlı dərdimiz vardı. Ağır mərmilərdən yara almışdıq – o mərmilər bütöv bir millətin yarası idi. Qəlbimiz artıq döyünmürdü – xəncər saplanmışdı, tərpəndikcə bütöv bir millət qan ağlayırdı. Yaşamırdıq, ruhumuz cismimizdən ayrılmışdı elə bil.
    2020-ci il 27 sentyabr günü. 30 il sonra sanki bir möcüzə baş verdi, qəlbimiz artıq vüsal sevinci ilə döyünməyə başladı, köksümüzə saplanan, başımızı dik tutmağa qoymayan o xəncəri Babək qeyrətli, Şah İsmayıl biləkli qəhrəmanlar qəlbimizdən söküb atdılar. Bir millət 30 il neçə dözə bilər, axı?!  Nə qədər söz verib sözünü tuta bilməz?!
    Bizi bu qədər güclü tutub məğlubedilməz edən qəlbi Vətən sevgisi ilə, düşmənə qarşı intiqam hissi ilə döyünən yeni bir nəsil yetişmişdi. Elə bir nəsil ki ləkələnmiş qürurumuzu təmizlədi, bizə yenidən başımızı dik tutmaq səadəti bəxş etdi. Tapdanan, əzilən cismimizdən uzaqlaşan ruhumuz minlərlə qəhrəmanın gedişi, Vətənə çevrilməsi ilə cismimizə qayıtdı. Millət olaraq dözüb daşıya bilmədiyimiz yaralar, yanğılar, ağrılar ilə Xocalıdakı tanklar altında hayqıran ruhlar bizi o gün qarşıladı, bizə güc-taqət verdi. O gecə yağı gülləsinə tuş gəlmiş yüzlərlə nakam həmvətənimizin naləsi, əsir düşmüş ruhu 30 il dözüb-dözüb bu günü gözləyən milləti oyatdı. Bizi qarşılayan o ruhlar düşmənə qarşı sipər oldular. Vətən həsrəti çəkən minlərlə igid üçün barıt qoxusu ən gözəl qoxuya çevrildi, millət illərlə həsrətindən külə döndüyü Vətən uğrunda savaşa atıldı. Qartal qəfəsini qırıb azad səmada yenidən uçmağa başladı. Heç ətrini duymadığımız çiçəklər uğrunda minlərlə qönçələr fəda oldu. Bu gün o qönçələr torpağın qoynunda uyuyurlar, bu gün onlar artıq Vətəndirlər, torpağı müqəddəs edəndirlər. 
    Arxada qara bağlayan minlərlə qadın, gözüyaşlı körpələrini qoyan, övladının üzünü belə görməyən, amma ona ən böyük hədiyyəni –  bütöv Azərbaycanı –  bu cənnət diyarı bəxş edən, bu günündən, sabahından keçib daha heç kəs doğmalarını itirməsin, daha körpələr gözüyaşlı qalmasın deyə öz canını fəda edən, torpağa qovuşan, ruhu səmalarda dolaşan müqəddəs şəhidlərimizin, Vətən uğrunda öz sağlamlığından keçən qazilərimizin sayəsində azad olundu neçə illərdən bəri işğal altında inləyən yurdumuz.
    Bu gün o Qartal azad səmada qıy vurur... 
    İllərdir, milyonlarla azərbaycanlının dözə, daşıya bilmədiyi dərdə təkbaşına sahib çıxan, daha heç kəs dərd çəkməsin, daha körpələr gözüyaşlı qalmasın deyə bu yükü təkbaşına çiyinlərində daşıyan, Vətən uğrunda canını fəda edən, yaralı Qartala qanad verən bütün fədailərimizin ruhu şad olsun!.. 
    Mübariz millətimin qırılmaz iradəsi, əsir torpaqlarımızın azadlıq carçısısan, sən! Sönən ümidimizin yanan pənahı sənsən! Bayrağımın sancıldığı müqəddəs yer də sənsən! Azərbaycan incisisən –  Şuşa qalası Vətən!..

Nəzrin ABBASLI
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə
 I kurs tələbəsi 

Nəşr edilib : 27.01.2023 20:31