AZ EN RU

Vətən boyda əmanətə keşik çəkmək təkcə borc deyil, həm də mənəvi ucalığa aparan şərəf yolçuluğudur!

Mənəvi zənginliyi, azadlıqsevərliyi və qəhrəmanlıq səlnamələrilə tarixdə ad qazanan Azərbaycan xalqının milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, onları mübarizə ruhuna kökləyən ali milli ideya məhz vətəninin istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi olub. Ölkəmizin xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və sarsılmaz iradəsi sayəsində məntiqə söykənən düşüncə əmələ çevrilib ki, bu da xalqımızın arzularını reallığa qovuşdurub, xalq olaraq milli özünüdərk şüurumuz böyük inkişafa yüksəlib. Xalqımızın vətənpərvərlik hissi təkcə sözdə yox, əməldə də öz ifadəsini tapıb. Bütün siyasi intriqalara, sosial çalxantılara, işğal faktlarına rəğmən milli dövlətçilik ənənələrinin bərpasına rəvac verilib. Dünya arenası ulu öndərin uzaqgörən siyasəti nəticəsində yeni müstəqil Azərbaycan Respublikasını tanıyıb, qəbul edib. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olub, inkişafın sarsılmaz təməlləri qoyulub. Bütün sahələr kimi ölkə sərhədlərinin müdafiəsində də örnək ola biləcək uğurlar əldə edilib. Müstəqilliyi yenidən bərpa olunan milli dövlət təkcə vətəndaş cəmiyyətinin, mənəvi dəyərlərin və maddi sərvətlərin qorunmasını deyil, həm də ölkənin ərazi bütövlüyünün bərpasını, sərhədlərinin etibarlı mühafizəsini öz üzərinə götürüb. Keçmiş sovet düşərgələrinin bir çox üzvlərindən fərqli olaraq Azərbaycanda dövlət sərhədlərinin mühafizəsi işi müstəqil şəkildə milli kadrlarla həyata keçirilməyə başlayıb. Bu sahədə atılan addımlara, görülən işlərə nəzər saldıqda bir daha əmin olursan ki, ölkənin sinir xəttinin etibarlı mühafizə olunması, sərhədlərimizin etibarlı müdafiə işi dərin strateji düşüncədən, ardıcıl siyasi iradə və ağıllı idarəçilik əzmindən qaynaqlanır. İndi sərhədlərimiz mənəvi cəhətdən yetkin, milli mənlik şüurunu qavramış Vətən övladlarına əmanət olunub. Bu gün dövlət sərhədlərinin mühafizəsinin təşkilində qarşıya çıxan problemlərin həll olunmasında, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərində Ali baş komandan cənab İlham Əliyevin ardıcıl dəstəyi müstəsna əhəmiyyət kəsb edir.

Muxtar respublikamızda da sərhəd mühafizəsi və müdafiəsi məsələlərinə ciddi önəm verilir. Elə ötən günlərdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgər yataqxanası və idman kompleksinin yenidənqurma işlərindən sonra Ali Məclisin Sədri cənab Vasif Talıbovun iştirakı ilə istifadəyə verilməsi sərhədçilərə olan inam və etimadın təzahürü, ali diqqət və qayğının ifadəsidir. İyun ayının 1-də 1-ci Sərhəd Komendantlığı üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının fəaliyyətinə nəzər yetirdikdə şəxsi heyətin xidməti döyüş şəraitinin, hərbi hissənin maddi-texniki təminatı və təchizatının ən müasir standartlar səviyyəsinə qaldırıldığı, sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində yüksək nailiyyətlər əldə olunduğu bir daha aydın olur. Biz də diviziyada yaradılan şəraitlə yaxından tanışlıq üçün adıçəkilən ünvanda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabiti mayor Anar Hacıəliyevlə həmsöhbət olduq: “Müstəqilliyimizin ilk illərində heç bir sərhəd mühafizə infrastrukturu olmayan sərhədlərimizdə son illərimizi əhatə edən böyük tikinti quruculuq işlərinin geniş vüsət alması dövlətimizin sərhədçilərin əməyinə verdiyi dəyərin ifadəsidir. Bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoyub, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Diviziyanın maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. Yaxın günlərdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında əsgər yataqxanası və idman kompleksi yenidənqurma işlərindən sonra sərhədçilərin istifadəsinə verilib. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binada şəxsi heyətin xidməti yüksək səviyyədə aparması üçün lazımi şəraitlə təmin edilən növbətçi və iş otaqları, hər biri 32 yerlik 10 yataqxana, şəxsi heyətin mövcud silah və döyüş texnikasından istifadə bacarıqlarının təkmilləşdirilməsinə imkan verən silah, sinif otaqları yaradılıb. Qazanxana, məişət və texniki otaqlar istifadəyə verilib. Diviziyanın həyətində yaşıllıqlar salınıb. Ali Məclisi sədri cənab Vasif Talıbovun tapşırığı ilə burada hamam-camaşırxana kompleksinin tikinti işlərinə başlanılıb.”

Mayor söhbətinə davam edərək dedi ki, maddi texniki bazası yenilənərək müasir standartlar səviyyəsinə çatan “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında peşəkar kadr hazırlığına da xüsusi önəm verilməkdədir. Peşəkar kadrların yetişməsi üçün isə təlim-məşq toplantılarının rolu əvəzedilməzdir. Yaradılan sinif otaqlarında keçirilən məşğələlər yurda bağlı, sağlam ruhlu yüzlərlə gəncin Vətən, dövlət və millət məfhumlarını dərindən dərk etməyə çağırır. Gələcəyini sərhədlə bağlayan vətənpərvər gənclərin yetişdirilməsində bu tədris otaqlarının xüsusi rolu var. Sinif otağında şəxsi heyətin asudə vaxtının təşkili, ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi, oxunması zəruri olan kitabların mütaliəsi və şəxsi heyət arasında diskussiyaların keçirilməsi, əlavə olaraq dünyada baş verən siyasi hadisələr, ölkə Prezidenti və Ali Məclis Sədrinin qəbul etdiyi qərarların müzakirəsi aparılır, ümumi bölüyün yığıncaqları sinif otağında həyata keçirilir. Qeyd edək ki, sinif otağında Oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb. Burada maarifləndiri lövhələr də asılıb ki, bu lövhələrdə işğaldan azad olunan torpaqların əraziləri, azad olunma tarixləri kimi məlumatlar qeyd olunub. Əsgərlərin savadlı, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər insanlar kimi yetişdirilməsi üçün hər cür şərait yaradıldığı diviziyada sərhədçilər işğalçı düşmənin istənilən təxribat diversiyasına qarşı qətiyyətli cavab vermək gücündədir.

Mayor Anar Hacıəliyev dedi ki, hər birimiz muxtar respublika rəhbərinin bizim üçün yaratdığı şəraiti görür və biz sərhədçilərə göstərilən diqqəti dərindən dərk edirik. Bu qayğının müqabilində biz sərhədçilər də üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün gücümüzlə çalışırıq. Dövlət sərhədlərinin təhlükəsizliyini, mühafizəsini, qarşıya qoyulan tapşırıqları vaxtında icra etməyə böyük səy göstəririk. Sərhədçilər üçün yaradılan şəraitə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edən mayor Anar Hacıəliyev bundan sonra da sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini söylədi.

Burada olarkən gizir, baş məşqçi Əli Muradovla da söhbət etdik. Baş məşqçi dedi ki, diviziyada müasir tələblərə cavab verən idman kompleksinin yaradılması təkcə sərhədçi əsgərlərin fiziki cəhətdən möhkəm olması üçün deyil, həm də burada fəaliyyət göstərən şəxsi heyətin asudə vaxtının səmərəli təşkili üçün nəzərdə tutulan məqsədyönlü tədbirlərin davamıdır. Diviziyada yeni istifadəyə verilən voleybol, futbol və basketbol yarışlarının keçirilməsi üçün böyük zal, kişilər üçün trenajor, qadınlar üçün fitnes zalı, 2 məşqçi otağı da yaradılıb. Fitnes zalında xanım treyninqin xüsusi məşq cədvəli ilə diviziyada fəaliyyət göstərən sərhədçi qadınlar və sərhədçilərin xanımları boş zamanlarını səmərəli dəyərləndirirlər. Ən müasir standartlara uyğun avadanlıqlar və alətlərlə təchiz olunan kompleksdə 18 idman aləti və aparat hərbi qulluqçuların idmanla məşğul olmaları üçün əlverişli şərait yaradır. Baş məşqçi Əli Muradov dedi ki, sərhədçilərə göstərilən diqqət və qayğının nəticəsidir ki, onlar Əlahiddə Ümumqoşun Ordu üzrə keçirilən idman yarışlarında birincilik qazanırlar. Diviziyada sərhədçilər və onların ailələrinin, həmçinin əsgərlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət və uşaq əyləncə yerləri yaradılıb. Sərhədçilərə göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə gizir Əli Muradov minnətdarlığını bildirdi.

Şahidi olduğumuz mənzərə onu deməyə əsas verir ki, sərhədlərimizin etibarlı mühazifəsini təmin etməklə yanaşı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində də mühüm tədbirlər həyata keçirən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası cəmiyyət üçün yararlı yetkin fərdlər formalaşdırır, gənc nəslin ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılanmasında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır. Əsgərlərimizdən Murad Ələkbərovla söhbət zamanı bunun bir daha şahidi olduq: “Əsgəri xidmət keçmək hər bir gəncin şərəf borcudur, – deyən əsgər söhbətinə belə davam edir: “Hərbi xidmətdə bir çox üstün keyfiyyətlərə yiyələnmişəm. İnsan dözümlülük, möhkəmlik, mərdlik kimi əsl kişiyə xas xüsusiyyətlər qazanır burada. Silahlardan istifadə etməyi, döyüş taktikasını öyrənmişəm. Ömürlük davam edəcək dostluqlar qurmuşam. Burada əsgərlərin hər biri uğurla xidmət edir, verilən tapşırıqları vaxtında yerinə yetirir. Məişət şəraitimiz də yüksəkdir. Bir gənc kimi sevincliyəm ki, Vətən qarşısında borcumu layiqincə yerinə yetirib, ailəmin yanına başıuca qayıdacağam. Keçirilən təlimlərə həvəslə yanaşıram. Silahın sirlərini, ondan sərrast nişan almağı bacarıqla öyrənirəm. Hərbi bilikləri yaxşı öyrənməyə daim can atıram, komandirlərimin də üzərimizdəki zəhməti danılmazdır. Bacarıqlı əsgər kimi formalaşmağımızda böyük əziyyətləri vardır. Bir gənc kimi fəxr edirəm ki, azərbaycanlıyam, Azərbaycan Ordusunun əsgəriyəm”. Əsgər Murad Ələkbərovun timsalında Vətən qarşısındakı borcunun öhdəsindən layiqincə gələn bütün əsgərlər qəlblərində aşıb-daşan Vətən sevgisiylə döyüş tapşırıqlarına məsuliyyətlə yanaşır, nümunəvi xidmət etməyə çalışırlar.

…Bəli, son illər ərzində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əldə etdiyi nailiyyətlər onu deməyə əsas verir ki, Vətən sərhədləri etibarlı əllərdədir. Millətin öz övladına əmanət etdiyi Azərbaycan sərhədləri hər bir Vətən övladı üçün əzizdir, müqəddəsdir. Mənəvi zənginliklərin təməlində duran milli qoruğun mənbəyi məhz bu dəyərdir. Varlıq aləminin ən dəyərlisi olan Vətənin mühafizəçisi olmaq, Vətən boyda əmanətə keşik çəkmək sadəcə borc deyil, həm də mənəvi ucalığa aparan şərəf yolçuluğudur. Milli dəyərlərə bağlı, vətənə sədaqət andı içmiş Azərbaycan sərhədçisi üçün bütün maddi və mənəvi zənginliklər sərhəddən başlayır. Milli təfəkkürümüzdə müqəddəslik zirvəsinə ucalmış ölkə sərhədləri vətən övladının alınmaz qalası, şər qarşısında keçilməz sipəridir. Qəlbi yurd sevgisi ilə döyünən kəslər üçün azadlıq ruhunun pərvazlandığı məkan da müstəqilliyimizin, azadlığımızın ilk qədəmgahıdır. Milli qürurumuz olan hər şey bu qədəmgahdan başlanır, sərhəddən, Vətən sərhəddindən…

          Gülcamal TAHİROVA

Nəşr edilib : 16.06.2022 17:32