AZ EN RU

Vətən başlanan yerdə xidmət etmək məsuliyyəti

 Dünənə qısa ekskurs və ya söhbətə giriş

   Dəfələrlə muxtar respublikanın sərhəd yaşayış məntəqələrində olmuş, bu ünvanlarda Vətənə xidmət borcunu yerinə yetirən igid eloğullarımıza yaradılmış şəraiti görmüşəm. Qəvi düşmənlə, sözün həqiqi mənasında, bir addımlıqda üzbəüz dayanan əsgərlərimizdə müşahidə etdiyim vətənpərvərlik hissləri qəlbimi qürur hissi ilə doldurub. Xəyalımda yaşayan bu hisslərlə ötən günlərin birində Babək rayonunun Aşağı Buzqov kəndinə üz tutduq. Buradakı kiçik bölük mərkəzinin timsalında Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını yüksəltmək üçün həyata keçirilən məqsədyönlü tədbirlərin canlı şahidi olduq. Bir daha neçə illər əvvəl gördüyüm məqamları yadıma saldım. Və ondan sonrakı dövrlərdə belə ünvanlarda həyata keçirilən və davamlı xarakter alan tədbirləri də xatırlamağım yerinə düşər. 

Əsgərlərlə ilk görüş

Bölük mərkəzinin həyətində avtomobildən düşürük. Ətrafa baxıram. Bölüyü və ümumiyyətlə, Aşağı Buzqovu əhatəyə alan Şorrax, Armudlu, Ağbulaq, Qara quzey dağları buraya bir möhtəşəmlik bəxş edib. Onu da deyim ki, Aşağı Buzqov kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Hüseyn Zeynallı, kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Həsən Quliyev də bizimlədir. Yolyoldaşlarımın söhbətlərindən hiss edirəm ki, onlar hərbçilərlə sıx əlaqə saxlayır, tez-tez görüşür, əlamətdar və tarixi günlərdə, bayram ərəfələrində Vətənimizin keşiyində dayanan igid eloğullarımızın yanlarında olurlar. Bu zaman qarşımızda bir əsgər görürük. Təbəssümlə bizimlə görüşür. İnanın, vallah, mübaliğə deyil – onun səliqəli  geyimindən, danışığından hiss olunan nizam-intizamı, əsgəri addımları belə, düşmənə gözdağıdır. Bir daha düşünürəm ki, məhz belə igidlərin hesabına 30 il düşmən tapdağı altında olan torpaqlarımızı geri qaytardıq. Mən bu düşüncələrdə ikən əsgər kimin yanına gəldiyimizi soruşur. Deyirik ki, elə burada xidmət keçənlərin hamısının. Zarafat etdiyimizi görən əsgərin üzünə təbəssüm qonur. Onunla hərbi hissənin həyətinə daxil oluruq. Burada valideynlər də var. Onlar öz övladlarının görüşünə gəliblər. Hal-əhval tuturuq, söhbətə körpü salırıq. Bu an bir əsgər görüş yerinə yaxınlaşır. Valideynlərdən biri ayağa qalxaraq ona sarı addımlayır. Əsgər bizimlə görüşməyi də unutmur. Elə görüşür ki, sanki neçə illərdir, bir-birimizi tanıyırıq. Elə bu anda düşünürəm ki, başqa cür də ola bilməz. Ordu sıralarında Vətənə müqəddəs borcunu yerinə yetirən oğullarımız ata-baba əmanəti olan torpaqlarımızın keşiyində dayanıb. Onlar hamımız üçün əzizdir. Söhbət zamanı daha bir qürur duyduğum məqam o oldu ki, əsgərlər torpaqlarımızın daha əziz və müqəddəs olmasını dəfələrlə vurğuladılar. Bu qiymətli, heç nə ilə əvəz olunmayan sərvətin keşiyində dayanmağı ən şərəfli bir vəzifə və vətəndaşlıq borcu saydıqlarını dilə gətirdilər. 

Zabitlər göstərilən qayğıdan razılıq edirlər

Elə əsgərlərlə qısa söhbətim bu yazının yazılmasına səbəb oldu. Bölük komandiri, baş leytenant Yusif Həsənova fikrimi bildirdim. Üzünə təbəssüm qondu: 
    – Hərbi hissənin öz qanun-qaydaları var. Bu qaydalara riayət etmək lazımdır, – deyərək gözləməyi xahiş etdi, bizdən uzaqlaşdı. Bu bir neçə dəqiqə ərzində valideynləri ilə görüşə gələn əsgərlərin əsgər həyatının özəllikləri ilə bağlı söhbətlərinə qonaq olduq. Onların bir-birləri ilə mehribançılıqları, səmimi rəftarları bizə bir ailəni xatırlatdı.
    Bu an bizə yaxınlaşan zabit bölükdən yazı hazırlamağa rəhbərlikdən icazə alındığını bildirir. Haşiyə çıxaraq qeyd edim ki, bu məqamı, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrində yaradılmış yüksək nizam-intizam kimi qəbul etmək lazımdır. Nizam-intizam olan yerdə isə hər çətinliyi dəf etmək mümkündür. Bölük mərkəzində olduğumuz bir neçə saat ərzində  isə burada heç bir çətinliyin olmadığını gördük. 
    Yusif Həsənovla söhbət edirik. Deyir ki, bu gün blokada vəziyyətində olmasına baxmayaraq, inkişaf və tərəqqi edən ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən ordu quruculuğu prosesi bütün hərbi hissələri əhatə edib. Hərbi hissələrdəki yeniliklər real vəziyyətin obyektiv göstəricisidir. İndi doğma diyarımızın bütün hərbi hissələri belə yeniliklərlə doludur və bu ünvanlarda özünü qabarıq şəkildə göstərən nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi doğurur. Əsgərlərin və zabitlərin nümunəvi xidmət və qulluğu üçün bu bölük mərkəzində də hərtərəfli şərait yaradılıb. Müasir tələblər səviyyəsində qurulmuş yeməkxana, anbar ilk baxışda səliqə-sahmanı, gigiyenik-sanitar qaydalara cavab verməsi ilə diqqəti cəlb edir. Əsgərlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunub. Bundan əlavə, şəxsi heyətin fiziki sağlamlığının təmin edilməsi məqsədilə hərbi hissənin həyətində lazımi idman qurğuları quraşdırılıb. Əsgərlər müntəzəm olaraq idmanla məşğul olur, fiziki hazırlıqlarını artırırlar. Burada əsgərlərin yüksəkkalorili və keyfiyyətli qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Yusif Həsənov bunu da diqqətə çatdırır ki, son illər ordu ilə xalq arasında yaradılmış sıx birliyi elə bu bölüyün və buzqovluların timsalında daha yaxından görmək mümkündür. Müntəzəm olaraq rayon İcra Hakimiyyəti və sərhəd bölgəsində fəaliyyət göstərən dövlət qurumları, həmçinin Aşağı Buzqov camaatı əsgərlərlə görüşə gəlir, onlara sovqatlar gətirirlər. 
    Öyrənirik ki, əsgərlərin müayinəsini düzgün aparmaq, ilkin müalicəni təşkil etmək üçün bölükdə hərtərəfli imkanlar yaradılıb. Bu da xidməti borcunu yerinə yetirən əsgərlərin sağlamlığının qorunmasında vacib şərtdir. 
    Yusif Həsənov deyir ki, bölükdə yüksək səviyyədə təmin olunmuş mənəvi-psixoloji ab-hava, əsgərlərin siyasi hazırlığının yüksəldilməsi diqqətdə saxlanılıb. Bunun üçün ideoloji otaqda lazımi şərait yaradılıb. Burada  televizor, qəzet və jurnallar, müxtəlif bədii ədəbiyyatlar əsgər və zabitlərin siyasi və hərbi biliklərinin artırılmasında mühüm rol oynayır. İdeoloji-siyasi təlim məşğələlərində əsgərlərə izah olunur ki, Azərbaycanın, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müxtəlif zamanlarda hərbi müdaxilələrə məruz qalması, əsasən, ordumuzun yeni formalaşdığı dövrlərə təsadüf edib. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində erməni hərbi birləşmələrinin muxtar respublikanın sərhədlərinə mütəmadi hücumlarının əsas hədəfi də bu qədim türk yurdunun işğal edilməsi məqsədini daşıyırdı. Tarixdən bəllidir ki, Naxçıvan torpaqlarına olan iddialar çoxdan var idi. Mənfur ermənilər həm ötən əsrin əvvəllərində, həm II Dünya müharibəsi dövründə, həm də sovetlər zamanında bu iddialarından əl çəkməmişlər. “böyük Ermənistan” yaratmağın əsas cinahlarından biri də qədim Naxçıvan torpaqlarını ələ keçirmək olub. Əsgərlərə o da çatdırılır ki, məhz Ulu Öndər Heydər Əliyevin Naxçıvanda ordu quruculuğuna başlaması ermənilərin bu xülyasının qarşısını aldı. 
    Digər bir zabit söhbətə qoşulur: 
    – Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə 2013-cü ildə Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Naxçıvan şəhərində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara yeni mənzillərin verilməsi, ötən illər ərzində zabit-gizir ailələri üçün xidməti yaşayış binalarının açılış mərasimlərinin keçirilməsi, Əlahiddə Ümumqoşun Ordunun hissə və bölmələrinin komandir heyətinin yeni xidməti avtomobillərlə təmin olunması, əvvəlki illərdə aparılan hərbi quruculuq işlərinin davam etdirilməsi və digər tədbirlərin reallaşdırılması, ümumilikdə, orduya və orduda qulluq edən, xidməti borclarını yerinə yetirən zabit və əsgərlərə göstərilən qayğıdır. Azərbaycan Ordusunun qurucusu, Ulu Öndər Heydər Əliyev deyirdi: “Ordu qurmaq, silahlı qüvvələr yaratmaq böyük bir bina tikmək deyil. Ordu canlı orqanizmdir. Bu bir tərəfdən canlı orqanizm kimi yaşayır, ikinci tərəfdən isə canlı orqanizm kimi daim inkişaf etməlidir. Ona görə də biz Silahlı Qüvvələrimizi ilbəil təkmilləşdirməliyik, onun gücünü artırmalıyıq, peşəkarlıq səviyyəsini yüksəltməliyik, təchizatını ilbəil yaxşılaşdırmalıyıq”.
    Ulu Öndərin bu tövsiyələrinə ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda ciddi əməl edilir, ordunun müdafiə potensialının durmadan gücləndirilməsinə xüsusi diqqət yetirilir, kompleks tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazaları möhkəmləndirilir. Bizim bölüyə də belə qayğılardan pay düşüb. Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik hərbi hissəyə çevrilib. 

Əsgərlərin söhbəti qürur doğurur

Əsgərlərlə söhbət edirəm. İlk ünsiyyətdən onların döyüş hazırlığına, yüksək vətənpərvərliyinə, dövlətə, xalqa bağlı olduqlarına heç bir şübhəm qalmır. Əsgər Nihad Məmmədli Culfa rayonundandır. Fiziki və psixoloji cəhətdən əsl hərbçi, vətənpərvər və hərbi biliklərə malik gəncdir. Söhbət zamanı bildirdi ki, onlara şərəfli bir iş tapşırılıb. “Bizim üzərimizə böyük vəzifə düşür. Üzərimə düşən bu vəzifənin məsuliyyətli olduğunu dərk edirəm. Arxamızda güclü dövlətin durduğunu hiss edəndə belə mübarizlik daha da artır. Bunun ifadəsini 2 il əvvəl gördük” sözlərini qürurla deyir. Şəmkir rayonundan gəlmiş Kənan Hacıyev bu qədim yurd yerində xidməti borcunu yerinə yetirməyindən fəxrlə danışır. Deyir ki, buraya gəlməmişdən Naxçıvan haqqında çox az məlumatı olub. Bu diyarın təbiətinin zənginliyindən, insanlarının səmimiyyətindən və qonaqpərvərliyindən ürəkdolusu danışır. Xidmət etdiyi bölükdə əsgərlər üçün yaradılmış şəraitdən də razılıq edir:
    – Arxada qalan günlərin necə keçdiyini hiss etmədim. Çünki xidmətim dövrü bölükdə  yüksək nizam-intizam, əsgərə qayğı gördüm, Naxçıvanda xidmət etməyimdən şərəf duyuram. Burada Azərbaycanın müxtəlif bölgələrindən hərbi xidmətə gələnlər var. Onlar da Naxçıvan barədə razılıqla danışırlar. 

Ziyalılar deyirlər ki...

Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərinin etibarlı qorunmasından asılıdır. Sərhədlər isə o zaman etibarlı qorunur ki, onu qoruyan ordu çevik, peşəkar zabit və əsgər heyətindən ibarətdir. Azərbaycanın sərhədlərinin etibarlı qorunması bu gün onlara tapşırılıb. Əgər bu heyət qayğı ilə əhatə olunubsa, onda heç bir nigarançılığa əsas yoxdur, – bu sözləri bizimlə birgə olan Hüseyn Zeynallı deyir və vurğulayır ki, tez-tez əsgərlərlə görüşürlər. Onların keyfiyyətli qida məhsulları ilə təminatı, məişət qayğıları yüksək səviyyədədir. Asudə vaxtları da səmərəli təşkil olunur. Düşünürəm ki, belə şəraitdə heç bir əsgərin pis xidmət etməyə haqqı yoxdur.  
    Həsən Quliyev də Hüseyn Zeynallının sözünə qüvvət verərək bildirir ki, bu gün hamı hərbi hissələrdə yaradılmış yüksək nizam-intizamdan razılıq edir. Valideynlər də fəxr duyurlar ki, övladları Vətənə olan ən böyük və müqəddəs vəzifəsini bir yerdə  – düşmənlə sərhəddə yerinə yetirir. Bölükdəki şəraiti bu gün ölkəmizin bütün hərbi hissələrində görmək olar..

Vətən başlanan yerdə xidmət etmək məsuliyyəti

Zabitlərlə, əsgərlərlə, valideynlərlə söhbətlərimizi, bölükdə gördüklərimizi qısaca da olsa, oxuculara çatdırmağa çalışdıq. Buna nə dərəcədə nail olduqsa, onu oxucular deyə bilər. Bizim gəldiyimiz qənaət isə belədir ki, bəhs etdiyimiz bölükdə qulluq və xidmət edənlər məsuliyyətlərini dərindən dərk edirlər. Vəzifə məsuliyyəti dərk olunan yer isə sərhəddir – Vətənin başlandığı yer. Vətənin başlandığı yer etibarla, ayıq-sayıqlıqla qorunursa, deməli, müstəqilliyimiz, dövlətçiliyimiz də etibarlı, ayıq-sayıqlıqla qorunur.
    Yadıma Ulu Öndərin müdrik tövsiyəsi düşür: “Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlərboyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir”.

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 29.12.2022 19:35