AZ EN RU

Vətən aşiqlərinin azadlıq sevgisi və ya müstəqilliyimizə “İstiqlal” pəncərəsindən baxmaq…

106 il bundan öncənin yaz səhəri... Al-əlvan donuna bürünmüş təbiətin səssizliyi, maddi təzyiqlərin, mənəvi işgəncələrin təsirindən yorğun düşmüş xalq və gözünü bağrında bəsləyib böyütdüyü Vətən övladlarına dikən Azərbaycan torpağı… Hər şey elə oradan, o sakit, həlim, bir o qədər də təlatümlü may ayının 4-cü həftəsindən başladı, yəni xalqımızın, Vətənimizin müqəddəratının həll olunduğu 28 may səhərindən…

1918-ci ilin may ayı... Bəlkə də, Azərbaycan xalqının o zamana qədər yaşadığı tarixin ən ağırı, ən dözülməzi və əzablısı idi. O tarixdə hələ mart soyqırımının açdığı yaralar sağalmamışdı, övladları əllərindən alınıb süngüyə keçirilən qucağı gülşən anaların ah-naləsi kəsilməmişdi. O tarixdə dünyanı işıqlandırıb özü zülmətdə qalan Bakının harayını heç kim eşitməmiş, səsinə səs verib, köməyinə çatan olmamışdı. O tarixdə nəinki azadlıq və müstəqillik istəyinin dirçəlməsi, hətta xalqımızın sabaha olan ümidləri belə bir quş olub Xaliq dərgahına ucalmışdı. Bir sözlə, baş verən bütün ağrılı, acılı hadisələr Vətənimizi, xalqımızı iki yol ayrıcında qoymuşdu: mübarizə aparıb yaşamaq, yoxsa taleyin axınına qapılıb məhv olmaq…

İllərlə həsrətində olduğumuz azadlıq və müstəqilliyin, milli ideologiyanın yenidən canlanması və pərvəriş tapması üçün bir tək yol var idi: bütün şüurlu ömürləri və həyatları Azərbaycana, Azərbaycan xalqına həsr edəcək vahid ideya ətrafında birləşmək. Vətənin işğal təhlükəsi ilə üz-üzə qaldığı bir zaman da vahid ideologiyanın yaranması isə, hər şeydən əvvəl, təbii proses kimi fədakar şəxsiyyətlərin həqiqi amal uğrunda birləşməsini tələb edirdi. Ancaq necə? Hansı yolla? Və ən əsası, kimin ətrafında və hansı güclə?

Sən bizimsən, bizimsən, durduqca bədəndə can…

Bəlkə də, hər şeyin sona yetdiyi, bütün ideyaların, fikirlərin və ümidlərin tükəndiyi bir anda Vətən sevgisiydi onları ayağa qaldıran… Kamil sevgi, müqəddəs sevgi… Hər dəfə onlar haqqında danışanda bu ifadəni işlədirəm “Azərbaycan azadlığının, müstəqilliyinin ideya müəllifləri, milli ruhlu xalqın nimdaş pencəkli şıq kişiləri”. Bəli, onlar 1918-ci ilin may ayında Vətən səmasında bərq vuran azadlıq Günəşini şölələndirən, əbədi xatirətək yaddaşlarda qalan İstiqlaliyyəti elan edən, tariximizə qızıl hərflərlə yazılmış cümhuriyyəti yaradan və yaşadan böyük insanlar idi. Onlar qabarlı ovucları qədər olan ürəklərində böyük Vətən sevgisini daşıyan Vətən mücahidləri idi…

Məhəmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Əhməd Cavad, Üzeyir Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə və adlarını burda çəkmədiyimiz, lakin misilsiz fəaliyyətləri ilə tariximizin yaddaşında əbədi qalacaq olan neçə-neçə ziya sahibləri… Hər biri dövrünün bir sıra elmlərinə yiyələnmiş, yüksək intellektə və ağla sahib olmaqla bərabər, həm də Azərbaycanın gələcək müqəddəratını həll etmək məsuliyyətini öz çiyinlərinə almış işıqlı şəxsiyyətlər idi. Onları bütün bu əlamətləri və keyfiyyətləri ilə yanaşı, bir amil də birləşdirirdi - cümhuriyyətin dayaqlarını böyük təməllər üzərində bərqərar etmək, xalqımızın illərdir, arzusunda olduğu istiqlaliyyəti və müstəqilliyi Azərbaycan torpağına bəxş etmək.

İstiqlaliyyət! Nə gözəl səslənir bu söz. Bu söz sanki ovuc-ovuc torpaq gətirib Vətən yaradanların, şəhid-şəhid azalan yurdu, yenidən, yoxdan var edənlərin qəlbini riqqətə gətirən şirin bir nəğmədir. Bu söz sanki gecədən sübhə qədər üçrəngli Azərbaycan Bayrağını öz əllərinin məharəti, gözlərinin işığı ilə tikib hazırlayan cümhuriyyət gəlini - Ümbülbanu xanım Rəsulzadənin nəcib hissləri, bütöv Azərbaycan xanımlarının əyilməyən isməti, vüqarı Əhməd Cavadın şeirindəki kəsər, sözündəki qüdrət, Üzeyir Hacıbəylinin notlarındakı Vətən şərqisidir. İstiqlaliyyət Əmin Abid Gültəkinin şeirindəki həsrətdir…

          İstiqlal - o, yaşayan millətin qəlbində can.

İstiqlal - o, səadət, həyat, şərəf, şan.

          İstiqlal - o sönməyən müəbbəd bir məşalə

        Gönüllərdə tutuşar, gözlərdə sönsə belə.

Müstəqilliyimiz müqəddəsdir, əbədidir, həmişəyaşardır…

Dövrün ictimai-siyasi proseslərini yaxından izləyən, siyasi müstəvidə cərəyan edən hadisələrə münasibət bildirən və ən əsası Qafqaz coğrafiyasında baş verən bütün hadisələri uzaqgörənliklə sezən Məhəmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə gələcəkdə Azərbaycan Xalq Cümhuriyyəti adlanacaq dövlətin təməlləri atılmağa başladı. Bu məqamda bir faktı xüsusi olaraq qeyd etmək lazımdır ki, 1917-ci ildə Rusiyada çar üsul-idarəsinin, mütləq monarxiyanın devrilməsi gələcək cümhuriyyətçilərə öz fikir və ideyalarını həyata keçirmək üçün də böyük imkanlar açmışdı. Başda Məmmədəmin bəy olmaqla Azərbaycanı müstəqil və azad görmək istəyən dövrünün bir sıra qabaqcıl nümayəndələri Şərqin ilk demokratik respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yolunda ilk və ən böyük addımlarını atdı...

Məlum olduğu kimi, Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün seymin 44 nəfər müsəlman nümayəndələri Tiflisdə toplanır. Onlar burada böyük qətiyyət və uzaqgörən addım ataraq Azərbaycanın idarə olunmasını öz üzərinə götürür, özlərini Azərbaycanın Milli Şurasının üzvləri elan edirlər. Məhəmməd Əmin Rəsulzadə isə Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir.

Bəli, haqqında danışdığımız tarixdə Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi”ni imzalamaqla Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə əsasən Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaq, regionda sülh və əmin-amanlığı bərqərar edəcək, beynəlxalq müstəvidə müstəqil siyasət yürüdəcəkdi. Həmin beynəlxalq sənədin - “İstiqlaliyyət Bəyannaməsi” nin ilk hissəində deyilir: “Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcub bir vəziyyəti-siyasiyyə hasil oldu. Kəndi qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cumhuriyyətini təsis etdilər… Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunan Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor…”

Müstəqilliyini yenicə elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti qısa zaman ərzində ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında böyük yeniliklər etdi. Azad və müstəqil siyasət yürüdən ölkənin, demək olar ki, bütün sahələrində irəliləyiş müşahidə olundu və bu istiqamətdə yeni, mütərəqqi addımlar atılmağa başladı. Milli ideologiyanın təbliği, ordu quruculuğunun aparılması, Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, o cümlədən iqtisadiyyat, təhsil, mədəniyyət sahəsində bir sıra yeniliklərin tətbiq edilməsi məhz cümhuriyyət dövründə intişar tapmağa və azad şəkildə inkişaf etməyə başladı.

Cümhuriyyətin sonrakı dövrlərdə, mürəkkəb siyasi hadisələrin cərəyan etdiyi bir zamanda göstərdiyi müstəqil fəaliyyət heç də hamar yollardan keçmədi. Başda əzəli - əbədi düşmənimiz olan ermənilərin təzyiq və təqibləri ilə üzləşən Azərbaycan Respublikası sonrakı mərhələdə bolşevik-daşnak qüvəlləri ilə üz-üzə qaldı. Həmin ilin, yəni 1918-ci ilin 16 iyununda Milli Hökümətin Tiflisdən Gəncəyə köçməsi ölkədə cərəyan edən hadisələrin məcrasını tamam dəyişdirdi. Bu zaman Gəncədə real hakimiyyət Türkiyənin Qafqaz ordusu baş komandanı Nuru paşanın əlində idi. Buradakı mərhələdə Azərbaycan Milli Şurası və hökumətinin həyata keçirməyə çalışdıqları tədbirlərin “həddindən artıq demokratik istiqamətindən” narazı qalan bəzi qüvvələrin təsiri ilə Nuru paşa, Azərbaycan Milli Şurası və hökumətini şübhə ilə qarşılayır. Uzun danışıqlardan sonra qarşılıqlı güzəştlər əsasında razılıq əldə olunur. Təklif olunur ki, Milli Şura buraxılsın və bütün hakimiyyət yeni yaradılacaq hökumətə həvalə olunsun. Bu məsələlərin müzakirə olunması üçün 1918-ci il iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədirliyi ilə Milli Şuranın növbəti (yeddinci) iclası keçirilir. Həmin iclasda Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin Fətəli xan Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul edildi. İclasda çıxış edən Fətəli xan Xoyski bildirir ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə olacaqdır

Paralel olaraq Azərbaycan hökuməti Gəncədə dövlət aparatının təşkili işini də davam etdirir. Azərbaycan dili dövlət dili elan olunur. Ən mühüm tədbirlərdən biri də 15 iyul 1918-ci ildə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqındakı qərardır. Ümumiyyətlə, paytaxt Bakıya köçürülənə qədər Azərbaycan hökuməti Gəncədə ölkənin ayrı-ayrı sahələrində bir sıra mühüm tədbirlər həyata keçirmişdi. Azərbaycan hökumətinin ən böyük vəzifələrindən biri Bakı şəhərini 1918-ci il iyulun axırlarında süqut etmiş Bakı kommunasından sonra şəhəri ələ keçirmiş eser-menşevik və daşnak nümayəndələrindən ibarət “Sentrokaspi diktaturası”ndan təmizləmək idi. Bu istiqamətdə aparılan qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də Fətəli xan Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir…

Ümumiyyətlə, Azərbaycan tarixinin ən təlatümlü, mübariz və fədakar səhifələrində özünə yer tutmuş Xalq Cümhuriyyətinin yaşamasında və fəaliyyətində mövcud siyasi zəmindən və xalqın etibarından daha çox öz dövrünün mütərəqqi aydınlarının, o cümlədən də Məhəmməd Əmin Rəsulzadənin xidmətləri danılmaz oldu. Məhəmməd Əmin bəy ötən əsrin əvvəllərindən etibarən Azərbaycan dövlətinin və xalqının yükünü öz çiyinlərində daşıyaraq, hər şeydən əvvəl, millət məhfumunu “tatar”, “müsəlman”, “qafqazlı” mənsubiyyətindən xilas etdi. O, milləti Azərbaycan türkü, dövləti isə Azərbaycan Cümhuriyyəti elan etdi. Azad, müstəqil Azərbaycan Cümhuriyyəti...

Salam, Rəsul övladı, Məhəmməd Əmin kişi!

O, azadlıq və müstəqillik anlayışını yalnız dildə yox, əməldə göstərməklə böyük ideya yaratdı… Öz ardıcılları və müasirləri ilə sonu görünməz, sahilsiz, hüdudsuz ümmanlara tələsdi, böyük yollara addım atdı… Bu yolda Azərbaycana, min illər boyu bu torpaqda özünə yurd-yuva salmış soydaşlarımıza candaş oldu, onların qəlblərində nisgil tutmuş sözləri dinlədi… Yeri gəldi əlində tutduğu qələmi silaha çevirib mübarizə apardı, mətbuat orqanlarında hürriyyət, istiqlaliyyət qoxulu yazılar çap etdirməklə çox mətləblərdən agah etdi bizləri, həqiqətə işıq tutdu, tarixin tüstü tozlanmış yaddaşını aydınlatdı. Hər dəfə Azərbaycandan söyləyəndə səsi titrədi, illərlə qəlbində sıxıb saxladığı dərdi, kədəri “Ah Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün belə nə qədər töhmətlərə məruz qaldıq” ifadələri ilə ağ vərəqlərə sığındı… Yalnız özü mübarizə aparmadı, bu yolda onun ideyalarına onlarla cismi, ruhu Vətən eşqi ilə zirehlənmiş öncüllər qoşuldu… Böhtanlar, təzyiqlər, təqiblər, sui-qəsdlər və daha nələr-nələr yollarına daş oldu, ayaqlarına tikan, mənəviyyatlarına vicdan yükü tək sancıldı. Unutmaq olarmı Əlimərdan bəy Topçubaşovun 26 yaşında torpağa verdiyi, həyata yeni addım atmış, yüksək təhsil və tərbiyə almış oğlu Rəşidin həyatla vidalaşmasını? Unutmaq olarmı Fətəli xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin amansız qətlini? Unutmaq olarmı xalqın azadlıq deyəndə gözündə şölələnən, qəlbində riqqətə gələn o inamı, xoşbəxtliyi? Unutmaq olmaz keçmişi, unutmaq olmaz tarixi… Unutmaq olmaz Vətən deyəndə Nargindən səslənən qərib ruhların harayını. Və unutmaq olmaz Məhəmməd Əmin Rəsulzadənin misilsiz xidmətlərini…

Nə gözəl yazıb Xalq şairi Zəlimxan Yaqub:

Kəsilməz xalqın kökü dərindədir, dərində,

Zaman çəkib oturdar hər kəsi öz yerində.

İllər gəlib keçsə də, sən xalqın nəzərində

Yenə həmin oğulsan, yenə də həmin kişi!

Bu böyük həqiqətə əmin ol, əmin, kişi!

Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!

Azadlıq və müstəqillik yolundakı xidmətlərinizə görə var olun, böyük cümhuriyyətçilər, var olun böyük azərbaycanlılar! Bizlərdən sizə sonsuz hörmət! Bizlərdən sizə sonsuz rəhmət!

 

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 28.05.2024 10:42