AZ EN RU

Vəli Baxşəliyev: “Tarix-mədəniyyət abidələri mütəxəssislərin iştirakı ilə bərpa olunmalı, tarixi görkəmi qorunub saxlanmalıdır”

    Qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvan ərazisində müxtəlif təyinatlı tarix və mədəniyyət abidələri mövcuddur. Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası milli sərvətlərimizin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır. Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” bu mənada, böyük əhəmiyyət daşıyır və gələcəkdə tarixi-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi, bərpa layihələrinin hazırlanması, tarixi eksponatların qorunması, arxeoloji araşdırmalar aparılması və sair nəzərdə tutulur, tarixi-memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılmasını ön plana çıxarır. Müsahibimiz Naxçıvanın qədim tarixi və arxeoloji abidələri ilə bağlı zəngin tədqiqatlar aparan, AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir.

     – Vəli müəllim, əvvəlcə öyrənmək istərdik ki, adıçəkilən Dövlət Proqramı Naxçıvanın gələcək inkişafına nə kimi töhfə verəcək?
     – Ölkə başçısı tərəfindən qəbul edilən müvafiq Dövlət Proqramı Naxçıvanın gələcəkdə sosial-iqtisadi inkişafı üçün baza yaradacaq və 2027-ci ildən sonra da ölkəmizin irəliyə doğru inkişafının addımları atılacaqdır. Muxtar respublikamızda müasir tələblərə cavab verən sənaye və kənd təsərrüfatı müəssisələrinin, yeni iş yerlərinin yaradılması əhalinin sosial təminatının yaxşılaşması və insanların burada sıx məskunlaşmasına şərait yaradacaq. Bildiyiniz kimi, hazırda Azərbaycanın Qarabağ bölgəsində əhalinin məskunlaşması ilə bağlı müəyyən tədbirlər görülür və ilk olaraq orada infrastrukturlar, iş yerləri yaradılır və insanlar köçürülür. Bu mənada, Dövlət Proqramı gələcəkdə Naxçıvanın iqtisadi inkişafına və bunun əsasında sosial inkişafına böyük  təkan verəcək.
     – Naxçıvanın qədim tarixinin, tarix-mədəniyyət abidələrinin daha yaxşı öyrənilməsi, tədqiqi, bərpası baxımından hansı işlər görülməlidir?
   – Müvafiq Dövlət Proqramında tarix-mədəniyyət abidələrinin öyrənilməsi və bərpası ilə bağlı müəyyən işlərin görülməsi nəzərdə tutulur. Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasının tarix və mədəniyyət abidələrinin öyrənilməsi ilə bağlı müəyyən işlər görülübdür. AMEA Naxçıvan Bölməsinin apardığı tədqiqat işləri nəticəsində 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınıb. Əlbəttə ki, bunların hamısını eyni vaxtda öyrənmək mümkün deyil. Onları qoruyub saxlamaq, mühafizə etmək ən vacib məsələlərdən biridir. Bəzi abidələrimiz əkin yerlərinin, bəziləri tikinti obyektlərinin kənarındadır. Buna görə biz bəzən insanların laqeyd münasibəti ilə rastlaşırıq. Bu da tarix və mədəniyyət abidələrimizin dağılmasına gətirib çıxarır. Həmin bölgədə yaşayan, işləyən insanlara, müvafiq icra hakimiyyətinə, eyni zamanda fermerlərə, sənaye müəssisələrinin sahiblərinə bu haqda müəyyən maarifləndirici məlumatlar verilməlidir ki, onlar bu abidələri məhz özləri qorumalıdır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın borcudur. 
    Abidələr gələcəkdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq tədqiq olunmalıdır. Onların tədqiqi üçün müəyyən miqdarda vəsait lazımdır və əlbəttə ki, bunun hamısını birdən-birə büdcədən ayırmaq olmur, ona görə də tədricən tədqiq edilməli, eyni zamanda müəyyən qismi də bərpa, konservasiya olunmalıdır. Bizdə bəzən abidələrin bərpasına önəm verilir, milyonlarla pul xərclənir, lakin abidələrin konservasiyasına diqqətlə yanaşılmır. Elə abidələrimiz var ki, onların əsaslı bərpası böyük vəsait tələb edir, lakin onların konservasiya olunması və mühafizəsi o qədər də böyük vəsait tələb etmir. Ona görə də onları qoruyub saxlamaq, ilkin olaraq konservasiya etmək lazımdır, yəni olduğu vəziyyətdə mühafizə etmək, dağılmasının qarşısını almaq, gələcəkdə isə həm tədqiq, həm də bərpa etmək olar.
    – Ən önəmli nüanslardan biri də abidələrin restavrasiya, bərpa prosesinin düzgün, qədim tarixə  uyğunlaşdırılmış şəkildə aparılmasıdır. Bu mənada, Naxçıvanda vəziyyət necədir? 
     – Əlbəttə ki, tarix-mədəniyyət abidələri mütəxəssislərin iştirakı ilə bərpa edilməlidir, eyni zamanda həmin bərpa ilə məşğul olan insanlar bu sahədə müəyyən ixtisas sahibləri olmalıdırlar. Çünki sıradan bir usta həmin tarix-mədəniyyət abidəsini bərpa edə bilməz. Ortaya çıxan nöqsanlar da bununla bağlıdır. Abidələrin bərpası ilə birbaşa bu sahə üzrə ixtisaslaşmış ustalar deyil, inşaat işçiləri məşğul olublar. Bəzi abidələr bərpa edilərkən onların müasirləşdirilməsinə yol verilib, qədim dövrlərə, orta əsrlərə aid tikinti texnikası nəzərə alınmayıb. Onların daha möhkəm olması üçün sementlə bərkidilməsi,  daha yaxşı görünməsi üçün boyanması hallarına rast gəlirik ki, bu da yolverilməzdir. Hər hansı tarixi abidənin gözəlliyi onun tarixi görkəmindədir. Yəni onun üzərinə boya vurmaq, onu gözəlləşdirmək və yaxud da müəyyən mozaika ilə onun yaxşı görünməsinə çalışmaq olmaz. Abidə olduğu kimi, orijinal şəkildə bərpa edilməlidir. Məsələn, Gülüstan türbəsi orijinallığa uyğun bərpa olunubdur, amma abidənin hissələri müxtəlif rənglərə boyanıbdır, tamamilə müasir görkəmə salınıbdır ki, bu da onun tarixi bir abidə olması ilə bağlı tamaşaçılarda şübhə yaradır. Eyni zamanda körpülərin bərpası zamanı onların bəzilərinin daşlarının arasına sement doldurulması, əlavə tikintilərin aparılması, boyanması hadisələrinə də rast gəlirik. Bəzi abidələrin bərpası zamanı isə əlavə inşaat işləri aparılıb, minarələr, günbəzlər qoyulubdur. Məsələn, Naxçıvan şəhərində yerləşən, xalq arasında Zaviyə məscidi deyilən abidənin rənglənməsi heç də düzgün deyil, eyni zamanda günbəz hissəsi qüsurlu şəkildə bərpa olunubdur. Bu cür hallara yol verməyə ehtiyac yoxdur. Abidə necədirsə, olduğu görkəmində saxlanmalıdır. 
    – Vəli müəllim, Naxçıvan Muxtar Respublikasının bəzi tarixi-memarlıq abidələrinin gələcəkdə UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması ilə bağlı nə deyərdiniz? 
    – Naxçıvanda çox qədim, eyni zamanda tarixi abidələr var. Sədərək Kültəpəsi, Qazançıqala, Oğlanqala kimi bizim dünya əhəmiyyətli abidələrimizi UNESCO-nun mədəni irs siyahısına salmaq mümkündür. UNESCO-nun siyahısına salmaqda əsas məqsəd odur ki, abidələr beynəlxalq səviyyədə qorunsun. Elə bilirəm ki, hər bir xalq öz tarix və mədəniyyət abidəsini özü qorumalıdır. Fransadan, İngiltərədən, Amerikadan gəlib bizim abidələri heç kəs qorumayacaq. Yəni o siyahıya salınsa belə bu abidələrin qorunması yenə də bizim borcumuzdur. Ona görə də abidələrin mühafizəsini, qorunmasını təşkil etmək, bəzi tarix və mədəniyyət abidələrinə mühafizəçi təyin etmək xüsusilə lazımdır. Məsələn, xarici ölkələrdə belədir, hər hansı bir arxeoloji abidə tədqiq edilirsə, ora mütləq mühafizəçi təyin olunur və onun icazəsi olmadan heç kəs oraya gedib-gələ bilmir. Əlbəttə, abidəyə hər kəs gedib baxa bilər, lakin bura kim gəlir, kim gedir, abidəyə gedərkən oranın daşlarını sökmək, üzərinə  əlavə yazı yazmaq hallarına rast gəlinir ki, mühafizəçilər bunlara nəzarət edirlər, eyni zamanda abidələri ziyarət edən insanlar məlumatlandırılır. Təəssüf ki, bizdə bu hal gözlənilmir. Xarabagilan kimi böyük bir abidəmiz var. Hər il ora dağıntıya məruz qalır. Təkcə vətəndaşlar tərəfindən deyil, eyni zamanda iri müəssisələr tərəfindən. Traktorla, buldozerlə oranın kürənməsi, dağılması hallarına tez-tez rast gəlinir. Və bu iş indi də davam edir və qarşısı mütləq alınmalıdır. 
    – Necə?
    – Bəzi abidələr kəndlərin içərisində, kənd­lərin yaxınlığında yerləşir və tikinti işləri zamanı dağıntıya məruz qalır, ona görə də mütləq lövhələr qoyulmalıdır. Eyni zamanda kəndlərin içərisində yerləşən abidələrin müəyyən çəpərə alınmasına ehtiyac var. Xarabagilanda buna ehtiyac yoxdur, sadəcə, mühafizə olunmalıdır, amma o abidələr ki bizim kənd­lərimizin içərisində yerləşir, onların ətrafı çəpərlənməlidir ki, inşaat işləri apararkən oranı dağıtmasınlar.
    – Tarixi abidələrin qorunması ilə bağlı hər hansı layihə, işlər həyata keçirilibmi?
    – Keçən illərdə “İlandağ” geoparkının yaradılması ilə bağlı müəyyən işlər görüldü, sənədlər hazırlandı, lakin bu işlər hələlik yarımçıq qalıb. Bu geopark Şahbuz, Culfa, Ordubad, Babək rayonunun böyük bir hissəsini əhatə etməklə, təqribən, 100-ə yaxın arxeoloji, tarix və mədəniyyət abidələrini özündə cəmləşdirir. Və bu artıq hazır bir layihədir və onun təsdiq edilməsi ilə bağlı müəyyən işlər aparılsa daha yaxşı olardı. Bu, Naxçıvan təbiətinin mühafizə edilməsinə, eyni zamanda  bölgədəki tarix və mədəniyyət abidələrinin bərpa olunmasına gətirib çıxara bilər. Bizim dünyaca məşhur Gəmiqaya abidəmiz vardır ki, dövlət parkı şəklində təşkil olunub, Zəngəzur Milli Parkına daxildir, ora mühafizə edilməlidir. Heyvandarlıqla məşğul olan insanlar oraya heyvanlarını aparır, oranı zibilləyir, ən pisi isə qədim təsvirlərin yanına əlavə olaraq rəsmlər çəkirlər. Bununla da tarixi abidələrimizi məhv edirlər. Baxmayaraq ki, Gəmiqaya milli park ərazisidir, ora heyvan ötürmək olmaz, amma yenə də mühafizə edilmir. Bunların qarşısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən alınmalı,  Gəmiqaya, Göygöl, Batabat ərazilərində yaşayan, heyvandarlıqla məşğul olan insanlara abidələrlə bağlı məlumat verilməlidir ki, onların dağıntılara uğramasının qarşısı alınsın. 
    – Tarix-mədəniyyət abidələri həm də turizmin inkişafında mühüm rol oynayır. Bu mənada, turizm cəlbediciliyini artırmaq üçün nə etməliyik?
     – Tarix və mədəniyyət abidlərini turizm baxımından əlverişli vəziyyətə salmaq üçün, hər şeydən əvvəl, infrastrukturlar lazımdır. İlk növbədə, müəyyən turist marşrutları olmalıdır. Bu marşrutlar üzərində bəzi abidlərimiz var, amma bəziləri yoxdur. Buna görə də infrastrukturların bərpa edilməsi, dediyim kimi, həmin abidələrin, eyni zamanda mühafizə olunması lazımdır. Elə abidələr var ki, baxımsızlıqdan ətrafını kol-kos basıb. Onlar daim təmizlənməli, səliqəli saxlanmalıdır və buraya yol olmalıdır ki, turistləri oraya aparmaq və abidə haqqında məlumat vermək mümkün olsun. Biz abidələri qeydə alarkən belə nəzərdə tutmuşduq ki, onların hamısının yaxınlığında lövhələr qoyulsun, amma bu lövhələr abidələrin əksəriyyətində yoxdur. 
    Turizmin inkişafı Naxçıvan Muxtar Respublikasının büdcəsinə əlavə gəlirlər gətirə bilər. Qardaş Türkiyə Respublikasında turizmə çox böyük önəm verilir və onun büdcəsinin böyük bir qismi turizmdən qaynaqlanır. Burada da bu işi həyata keçirmək mümkündür. Düzdür, Naxçıvan hələ də blokada vəziyyətindədir. Zəngəzur dəhlizinin açılmasından sonra elə bilirəm ki,  vəziyyət biz istədiyimiz istiqamətdə olacaq. Bu dəhliz açılana qədər də müəyyən işləri görmək lazımdır. İndi də turistlər gəlir və turist marşrutlarını genişləndirmək üçün mütləq bu işləri görmək lazımdır. Eyni zamanda abidələrin tədqiqinə beynəlxalq ekspedisiyaları, beynəlxalq qurumları cəlb etməyə önəm verilməlidir. Həmçinin tarixi-memarlıq, arxeoloji abidələrlə bağlı internet saytlarının sayının çoxaldılmasına, beynəlxalq məcmuələrdə məqalələrin çap olunmasına ehtiyac var. Çünki bədxah qonşularımızın bizə əsassız ərazi iddialarının əsasında tarixi abidələr də müəyyən yer tutur. Naxçıvan ərazisində olan abidələri, qədim mədəniyyətləri özlərinə çıxmağa çalışırlar. Bu sahədə AMEA Naxçıvan Bölməsində xeyli işlər görülüb, amma yenə də bunu bitmiş hesab etmək olmaz, bu iş davam etdirilməlidir.
     – Vəli müəllim, müsahibəyə vaxt ayırdığınız üçün çox sağ olun!
      – Sağ olun!

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 08.08.2023 17:34