AZ EN RU

Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq tədbirdə Azərbaycanda vəkillik institutunun islahatı təcrübəsindən danışıb

Qazaxıstan Respublikasında “Qanunvericiliyin təkmilləşdirilməsi məsələləri: Vəkillik və hüquqi yardım” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

Vəkillər Kollegiyasından bildirilib ki, dəyirmi masada Qazaxıstan parlamentinin deputatları, yerli məhkəmə hakimləri və vəkilləri, o cümlədən bir sıra ölkələrin Vəkillər Kollegiyalarının sədrləri iştirak ediblər.

Hibrit formatında təşkil edilən tədbirə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov və onun rəhbərlik etdiyi nümayəndə heyəti qoşulub.

Tədbirdə sədr Anar Bağırov “Azərbaycanda vəkillik institutunun islahatı təcrübəsinin unikallığı nədir?” mövzusunda çıxış edib. O, son illərdə ölkəmizdə vəkillik institutunun nüfuzunun artırılması sahəsində aparılan uğurlu islahatlar, bunun nəticəsində Vəkillər Kollegiyasının maliyyə müstəqilliyinin tam təmin edilməsi, nümayəndəlik institutunun məhdudlaşdırılması və vəkillik institutunun gücləndirilməsi barədə danışıb.

Eyni zamanda sədr vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi, Kollegiyanın Hüquqi Yardım Mərkəzinin təcrübəsi, habelə Kollegiya tərəfindən görülən çoxşaxəli işlər barədə iştirakçıların diqqətinə çatdırıb, o cümlədən vəkillik təsisatının institusional müstəqilliyinin demokratik hüquqi dövlət quruculuğunda çox önəmli olduğunu vurğulayıb.

Dəyirmi masada bir sıra məsələlər müzakirə edilərək fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 14.06.2024 10:43