AZ EN RU

Vayxır kəndində tikinti-quruculuq işləri davam etdirilir

     Muxtar respublikamızda insanların rifahını yaxşılaşdırmaq, onların həyat şəraitini, yaşayış səviyyəsini yüksəltmək üçün kompleks tikinti-quruculuq işləri həyata keçirilir, yeni park, xiyabanlar salınır, mənzillər istifadəyə verilir, sosial xidmət ləri, tibb məntəqələri tikilir. Sözügedən layihələrin uğurla icra olunduğu muxtar diyarımızda artıq üzü sərhəd məntəqələrinə doğru yol aldıqca, ən ucqar kəndlərimizdə, qəsəbələrimizdə belə müasir görkəmli tikililər həm insanın zövqünü oxşayır, həm də məmləkətimizdə şəhərlə kənd fərqinin aradan qalxmasını, kəndlərimizin də şəhərlərimiz kimi müasir görkəmə qovuşmasını bir daha təsdiq edir.  

    Adıçəkilən uğurlu proseslərin icra olunduğu Babək rayonunun Vayxır kəndində də tikinti-quruculuq işləri sürətlə davam etdirilir. Kənd mərkəzi üçün inşa olunan üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində icra nümayəndəliyi və həkim ambulatoriyası üzrə müvafiq otaqlar, o cümlədən manipulyasiya-peyvənd otağı, aptek, baş həkim otağı, stomatoloq kabinəsi, doğuş otağı, palata və polis bölməsi yerləşəcəkdir. İkinci mərtəbədə kitabxana, arxiv, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün otaq, baytar otağı, üçüncü mərtəbədə isə icra nümayəndəliyi, təsərrüfat otağı və klub yerləşəcək. Binanın həyətində isə abadlıq işləri görüləcək, həmişəyaşıl dekorativ bitkilər əkiləcək.
    Tikintisi davam etdirilən xidmət mərkəzi binasında isə bərbər dükanı, gözəllik salonu, anbar, market, təsərrüfat malları satışı mağazası, qəssab dükanının yerləşdirilməsi nəzərdə tutulub. 
    Ümumi ərazisi genişləndirilən Vayxır kənd tam orta məktəb binasında da bərpa işləri sürətlə davam etdirilir. 
    Qeyd edək ki, tikinti işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon Tikinti İdarəsi həyata keçirməkdədir. Bununla belə inşaat ünvanlarına kifayət qədər texnika cəlb olunub. Vahid layihə əsasında inşa edilən obyektlərdə yerli tikinti materiallarından istifadəyə üstünlük verilir.
    Yeni qurulacaq obyektlər kəndin simasını dəyişməklə bərabər sakinlərin rahatlığına da öz təsirini göstərəcək.

 Məcid RƏŞADƏTOĞLU
 

Nəşr edilib : 25.07.2022 18:33