AZ EN RU

Varis Yolçuyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili çox dəyərli, təqdirəlayiq addımdır”

Əlbətdə bu cür tədbirlərin, kitab bayramlarının keçirilməsi çox təqdirəlayiqdir. Son illərdə bir sıra bölgələrdə, o cümlədən ikinci ildir Naxçıvanda belə sərgilər təşkil olunur. Deyirlər iyirmi birinci əsrin insanları kitab oxumur, bütün dünyada kitab satışında faiz aşağı düşüb. Ancaq düşünürəm ki, bu fikir yalnışdır. Düzdür qısa bir dövr oldu ki, elektron kitab önə çıxdı, ancaq bu gün yenidən balans dəyişib, kağız kitaba maraq böyükdür.
Bu sözləri "Şərq qapısı"na müsahibəsində tanınmış yazıçı Varis Yolçuyev söyləyib.

O deyib: “Bütün dünyada kitab insanların ən yaxın dostudur. Kitab insanları gələcəyə motivə edən dəyərli vəsaitdir. O təkcə bilik vermir, həm də insanları gələcəyə hazırlayır. Məhz bu amillərə görə “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili çox dəyərli, təqdirəlayiq addımdır. Bizə də xoşdur ki, ikinci ildir ölkəmizin bu qədim diyarında keçirilən kitab bayramında iştirak edirik. Arzu edirəm ki, belə tədbirlər daha çox olsun. Nə qədər çox kitab satılsa, oxunsa insanlar bir o qədər bilikli, zehinli və nikbin olarlar”

“Bildiyimiz kimi, bu gün dünyada müxtəlif qlobal proseslər hökm sürür, təbii fəlakətlər baş verir, müharibələr gedir, xəstəliklər yayılır. Yəni, dünyada insanları bədbinləşdirən çox şeylər vardır. Psixoloqlar müəyyən ediblər ki, mütaliə edən insanlar bədbinliyə qapılmırlar. Fürsətdən istifadə edib yazıçılarımıza, şairlərimizə xitab etmək istəyirəm ki, əsərlər insanları ümidləndirməlidir, insanlara mesaj verməlidir. Olan-qalan ümidlərini də öldürməməlidir. Bir sözlə yaşasın kitab!”- deyə Varis Yolçiyev əlavə edib.

Qeyd edək ki, bu gün Naxçıvan şəhərindəki  “Saat Meydanı”nda konüllülərin fləşmobu ilə “BOOKFEST” Naxçıvan Kitab Sərgisinə start verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və “Teas Press” Nəşriyyat Evinin təşkilatçılığı ilə dörd gün ərzində  davam edəcək tədbirdə bir birindən maraqlı layihələr təqdim olunacaq.

Nail ƏSGƏROV

Nəşr edilib : 08.05.2024 17:32