AZ EN RU

Uzunömürlü Həsənovlar ailəsi ilə gənclərin görüşü olub

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “15 may-Beynəlxalq Ailə Günü” münasibətilə uzunömürlü, nümunəvi Həsənovlar ailəsinin gənclərlə görüşü keçirilib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək ailənin uzunömürlü olmasında əsas faktorlardan danışıblar. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən xalqımızın ailə dəyərlərinin yaşadılması məqsədilə bütün yaşayış məntəqələrini əhatə edən tədbirlərdə ailələrin sağlam təməllər üzərində qurulmasına diqqət yetirilir, uzunömürlü ailələrin nümayəndələri ilə yeniyetmə və gənclərin görüşü təşkil edilir. Bu günkü görüşün də məqsədi ailə dəyərlərinin qorunması, gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmağın hər zaman önəmli rol daşıdığı, gənclərin bu dəyərlərə sahib çıxması və yaşatmasıdır. 
Uzunömürlü ailənin üzvləri, Culfa rayonunun Ərəzin kəndində yaşayan, evliliklərinin 50 illiyi tamam olan Həsənov Akif Möhbalı oğlu və Həsənova Göyərçin Məhəmməd qızı nümunəvi ailə olmanın sirri, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini qeyd ediblər.

Naxçıvan Muxtar Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə 
Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 14.05.2024 17:00