AZ EN RU

Uzunoba Təlim-Məşq İdman Kompleksində ümumi bərpa işləri aparılır

    Naxçıvan Futbol Federasiyasının sədri Qəzənfər Abdullayev Uzunoba Təlim-Məşq İdman Kompleksində aparılan bərpa işləri ilə tanış olub. Ümumi sahəsi 10 min 300 kvadratmetr olan kompleksin ərazisinə inzibati bina, süni örtüklü böyük futbol stadionu, üstüörtülü və çəpərlənmiş minifutbol meydançaları, ikitribunalı çimərlik futbolu stadionu daxildir.
    Böyük və ministadionlarda süni ot örtüyünün baxım işləri həyata keçirilir. Qapalı meydançanın güclü külək nəticəsində yırtılmış çadır örtüyü və zərər dəymiş hissələri bərpa olunur. Çimərlik futbolu stadionunun isə ləğv olunaraq yerində təbii ot örtüyü salınması nəzərdə tutulur. 
    Federasiyanın sədri kompleksdə aparılan bərpa işləri ilə tanış olmuş və müəyyən tapşırıqlar vermişdir.
    Qeyd edək ki, tikintisinə 2020-ci ilin avqust ayında başlanılan Uzunoba Təlim-Məşq İdman Kompleksi 3 aprel 2021-ci il tarixdə istifadəyə verilib. Burada UEFA-nın “Grassroots” layihəsi çərçivəsində futbol festivalı, Region Liqası və uşaq futbolu liqalarının oyunları, təlim-məşq toplanışları, eləcə də müvafiq idman növləri üzrə yarışlar keçirilir.

Ceyhun MƏMMƏDOV
 

Nəşr edilib : 08.08.2023 15:59