AZ EN RU

Üzündə sanki nur var idi

Həmid Oruc oğlu Qasımov

11.05.1994 – 03.10.2020

   Həmid haqqında olan hər şeyi xatırlayıram. Onu demək istəyirəm ki, bu həyatda heç nə təsadüf deyil. Mübariz İbrahimov şəhid olanda, 2010-cu ildə Həmid hərbi liseyin II kursunda oxuyurdu. O vaxt evdə ancaq Mübarizdən danışırdıq. Həm fəxr edirdim, həm də fikirləşirdim ki, Mübarizin anası, görəsən, necə qadındır. Hətta gözümdə belə cüssəli, hündür qadın canlanırdı. Deyirdim ki, o oğulu necə böyüdüb? Necə böyük ürək sahibidir o ana.

   Qismət elə gətirdi ki, könüllü yazılaraq Mübariz postuna getdi. Şəhid olan günü Həmid gedib Mübarizin otağında oturub. Zabit yoldaşı deyir ki, səhərə qədər Həmid o otaqda oturdu. Yatmayıb səhərə qədər. Elə Mübarizin postunda da şəhid oldu. Həmin postu da öz bölüyü ilə Həmid yarıb. 
    Həmidin üzündə sanki nur var idi. Axırıncı dəfə avqustun 4-ü evdən getdi. Həmişə gedəndə öpür, sonra ona üzərlik yandırırdım. Həmin gün qapıdan çıxanda dayandı. Gülümsədi. Dedi ki, ana, bilirəm öpüb, sonra üzərlik yandıracaqsan. Hər dəfə üzündən və alnından öpərdim. Bu dəfə qeyri-ixtiyari boynundan öpdüm. Zabit yoldaşları deyir ki, Həmid boynundan vurulub. Fikirləşirəm ki, bu, Allahın qismətidir. Mən balamın güllə dəyən yerindən öpmüşəm. Bunu heç vaxt unuda bilmirəm. 
    Hər il avqustun 4-ü bizim həyətə qırmızı göyərçin gəlir. Birinci dəfə bunu hiss etmədim. Sonrakı il ağlaya-ağlaya küçəyə çıxırdım. Fikirləşirdim ki, Həmidi buradan yola saldım, əl elədim. Sanki boğulurdum. Birdən şaqqıltıya döndüm. Dedim, görəsən, bu nə səsdir. Döndüm ki, hasara qıpqırmızı bir göyərçin qonub. Elə bil xına qoymusan. Mən göyərçinə baxırdım. Göyərçin də boynunu çiyninə qoyub mənə baxırdı. Özümdən asılı olmadan dedim ki, Həmid sənsən? Elə bil, göyərçin sevindi. Qanadını çırpıb göyə qalxdı. Saatlarla həyətdə rəqs etdi. Mən hesab etdim ki, Həmidin ruhudu. Bu mənə çox təsəlli oldu. Sanki göyərçin mənə övladımın, Həmidimin ümidini gətirmişdi.

Nəşr edilib : 16.02.2024 15:24