AZ EN RU

Üzümün mildiu və oidium xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri

Mildiu və oidium göbələk xəstəlikləri üzüm bitkisinin ən geniş yayılmış və təhlükəli xəstəliklərindəndir. Mildiu xəstəliyi yazın əvvəlində, aprel ayının axırlarında inkişaf etməyə başlayır. Oidiom xəstəliyi isə üzümdə əsasən çiçəkləmə ərəfəsində müşahidə olunmağa başlayır.

Mildiu xəstəliyi. Bu xəstəliyə qarşı mübarizə məqsədilə mart ayının əvvəllərində quru budanmadan əvvəl tənəklərdə 1 faizli DNOK və ya fazolon  məhlulu ilə çiləmə aparılması yaxşı nəticə verir.

Mildiu xəstəliyi üzüm tənəyinin bütün yaşıl orqanlarında, o cümlədən  yarpaq, budaq, zoğ, qönçə, çiçək, salxımlarda müşahidə olunur. Yazda rütubətli hava şəraitində mildiu göbələkləri yarpağın alt tərəfində ağımtıl dairəşəkilli yağlıtəhər ləkələr əmələ gətirir. Həmin ləkələr mildiu göbələyinin qeyri-cinsi konidi mərhələsindən ibarətdir. Rəngli üzüm sortlarında mildiuya yoluxmuş yarpaq toxumaları qırmızı rəngdə olur. Nəticədə sirayətlənmiş yarpaq sahələri quruyur. Xəstəlik güclü inkişaf edən zaman yarpaq tamamilə məhv olur və asanlıqla saplaqdan qopur. Üzüm tənəklərində xəstəliyə yoluxmuş yarpaqlar tək-tək, bəzən kütləvi sürətdə tökülürlər.

Mildiu mikro göbələkləri fəal surətdə salxım çiçəyində və gilələrdə də inkişaf edir. Sirayətlənmiş qönçə və çiçəklər qonurlaşır və quruyular. Çox vaxt mildiu salxımların darağını, gilə qabığını zədələyir. Mildiu xəstəliyi ilə yoluxma nəticəsində üzüm məhsulunun şirəsində şəkərliliyi aşağı düşür, turşuluq yüksəlir. Xəstəlik nəticəsində məhsuldarlıq 30-40 faiz və daha artıq azalır. Ona görə də fərdi həyətyanı sahibləri, fermerlər bu təhlükəli xəstəliyin bioekologiyasını bilməlidirlər.

Mübarizə tədbirləri. Naxçıvan Muxtar Respublikası şəraitində mildiu xəstəliyinə kimyəvi mübarizə işlərinə aprel ayının axırlarından başlamaq lazımdır. Xəstəliyin əlamətləri əlverişli şərait olduqda və zoğlar 15-25 santimetr olduqda özünü büruzə verir. Üzüm bitkisini mildiu xəstəliyindən yaxşı mühafizə etmək üçün xəstəlik əlamətləri meydana çıxmamış, profilaktiki olaraq cavan zoğlarda 4-5 yarpaq əmələ gələn vaxt 2 faizli bordo mayesi ilə birinci çiləmə aparılmalıdır. İkinci çiləməni 3 faizli bordo mayesi çiçəkləmədən qabaq, üçüncü çiləməni çiçəkləmədən sonra meyvələr əmələ gələndən sonra aparılmaq lazımdır. Bordo mayesi ilə çiləmələr an azı 15 gündən bir təkrar olunmalıdır. Məhsulun yetişməsinə 10-15 gün qalmış 3 faizli bordo mayesinə 1:1 nisbətində sinep və ya kolloid kükürd əlavə edilməlidir. Bu cür çiləmə həm də oidiuma qarşı müsbət təsir edir. Mildiuya qarşı kimyəvi mübarizə işlərini üzüm məhsulu yetişənə qədər davam etdirmək lazımdır. Məhsul yığılıb qurtardıqdan sonra isə payızda tənəklərdə yarpaqların 80-90 faizi töküldükdən sonra 3-4 faizli Bordo məhlulu ilə  proflaktiki olaraq çiləmə aparılmalıdır.

Muxtar respublikada yeni üzümlüklərin salınmasında bu xəstəliyə qarşı dözümlü üzüm sortlarından istifadə olunması daha məqsədəuyğun olar. Aqrotexniki tədbirlərdən yarpaqların seyrəldilməsi, yaşıl budama vaxtında aparılmalı, cərgə araları və tənək aralarından alaq otlarının təmizlənməsi, ümumiyyətlə becərmə işləri yüksək aqrotexniki səviyyədə aparılmalıdır.

Üzüm plantasiyalarında mildiu ilə mübarizədə istifadə olunan fungisidlərdən Sineb 50 % (0.5-0.7 faizli suspenziya), Kaptan-3 kq/ha, Kuprozan-4 kq/ ha, Ridomil QOLD- 3-4 kq/ha, Coside -  4-5 kq/ha və başqalarından istifadə oluna bilər. Kompleks mübarizə aparılması üçün isə Mikal 4 kq/ha +Skor 0,2 l/ha + Strobi 0,25 kq/ha; Ridomil 2,5 kq/ha + Skor 0,2 l/ha + Topsin-M 1,0 kq/ha məhlulları ilə  çiləmələr aparıla bilər. Son illər respublikamızda  üzüm plantasiyalarında təsirli fungisidlərdən olan Ridomil – 25 faizli (2.5 kq/ha), Arserid-60 faizli (3 kq/ha sistem) və Mikal – 70 faizli (3 kq/ha) sulu məhlullarından istifadə olunur. Bu fungisidlər geniş istehsalat  sınağından çıxmış və mildiuya qarşı yüksək səmərəlilik göstərmişdir. Yaxşı olar ki, üzüm bağlarını mildiu xəstəliyindən qorumaq üçün sistem fungisidlərdən istifadə edilsin. Mildiuya qarşı vaxtında mübarizə aparılmasa, məhsulun çox hissəsi məhv olar, hətta tənəklər quruya bilər. 

  Oidium xəstəliyi. Üzümün geniş  yayılmış, təhlükəli göbələk xəstəliklərindən biridir. Xəstəliyə el  arasında sibrə, külləmə və qara çor da deyilir. Oidiuma üzüm bitkisinin bütün yaşıl orqanlarında, həmçinin yarpaq, zoğ, bığcıq, çiçək darağı, xüsusilə gilələr və salxımlarda  yoluxmalar baş verir.

Xəstəliyə yoluxmuş yarpaqlar üst tərəfdən boztəhər, asanlıqla silinən örtüklə örtülür, sanki kiflənir. Ayrı-ayrı ləkələr qovuşur və yarpaq ayasının üzərini tam tutur. Sonra örtük yarpağın alt tərəfinə, saplaq və zoğlara yayılır. Oidiuma sirayətlənmiş yarpaq sahələri quruyur, böyümədən qalırlar. Bu zaman kövrəkləşir, yarpaq ayasının kənarları yuxarıya doğru əyilir, onlar quruyur və tökülürlər.Yaşıl zoğlar da boz unlu örtüklə örtülür, örtüyün altında isə boz ləkələr əmələ gəlir. Bu zaman zoğların böyüməsi dayanır. Zoğların mum yetişməsindən asılı olaraq yoluxmuş sahələri qırmızımtıl-qəhvəyi rəngdə olur. Sirayətlənmiş gilələr və salxımlar boz örtüklə örtülür. Oidiumun inkişafı gilələr üçün daha təhlükəlidir. Bu xəstəliyə yoluxmuş tənəkləri suvarmaq məsləhət deyil.  Gilələrin üzərində formalaşan xəstəliyin boz örtüyünü sildikdə spesifik balıq iyi verir. Gilələrin yoluxmuş qabığında çoxsaylı çirkli-boz ləkələr əmələ gəlir. Yoluxmuş qabıqda böyümə prosesləri dayanır, lətli hissənin təzyiqi altında qabıq partlayır və toxumlar üzə çıxır. Quru havada partlayan gilələr quruyur, rütubətli havada isə çürüyürlər. Payızın sonunda xəstəliyin patogen mitseli formasında yoluxmuş zoğların üzərində və tumurcuqların daxilində qışlayır. Yazda isə göbələyin lifləri böyüməyə başlayır, cavan yarpaq və zoğlarda xəstəlik törədicinin ilkin simptomları müşahidə edilir. Patogen yoluxduğu toxumanın səthində inkişaf edir və boz örtük əmələ gətirir, orada konidisporlar formalaşır. Konidisporlar asanlıqla tökülür, küləklə yayılır və üzümün yeni orqanlarına yoluxurlar. Sporlar 25-100 faiz nisbi rütubətdə, 5-40°C temperaturda cücərirlər. Konidi sporların cücərməsi üçün optimal rütubət 70-95 faiz, temperatur 18-25°C hesab edilir.

Oidium xəstəliyinin inkişafı və onun zərəri ekoloji şərait, xüsusilə becərmə texnologiyası, aqrotexnikanın xüsusiyyətləri və plantasiyaların sort tərkibi ilə sıx əlaqəlidir. Quru və rütubətli havaların növbələşməsi də xəstəliyin inkişafına stimuləedici təsir göstərir. Xəstəlik üçün əlverişli illərdə o epifitotiya formasında inkişaf edir, bu zaman məhsul itkisi 50 faiz və daha artıq olur.

Mübarizə tədbirləri. Xəstəliyə qarşı yüksək aqrotexniki tədbirlər sistemi həyata keçirilməlidir. Tənəklər normal havalanmalı, yarpaqların və yaşıl zoğların budanması müasir tələblərə cavab verən səviyyədə olmalıdır. Oidium xəstəliyinin ilkin simptomları göründükdə 0,7-1,0 faizli kolloid kükürdlə çiləmə və döyülmüş toz halında olan kükürdlə 30-35 kq/ha tozlanma aparılmalıdır. İri həcmli üzüm plantasiyalarında xəstəlik üçün əlverişli illərdə çiçəkləmə fazasından  dərhal sonra başlamaqla sistem təsirli bayleton (0,015-0,03 faiz), tilt (0,05 faiz), topsin M (0,1-0,15 faiz) preparatlarından biri ilə 14-18 günlük intervalla 3-4 dəfə çiləmə aparılmadır.

Mildiu və oidium xəstəliyinə qarşı təsirli kimyəvi və aqrotexniki mübarizə aparılarsa üzüm bağlarında yüksək məhsul əldə edilə bilər.

Varis QULİYEV

Aqrar elmləri doktoru

Nəşr edilib : 04.06.2024 10:09