AZ EN RU

Üzümçülük sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi aqrar siyasətin prioritetlərindəndir

    Muxtar respublikamızda ən geniş yayılan təsərrüfat sahələrindən biri üzümçülükdür. Bu sahənin inkişafı, məhsuldar sortların becərilməsi və eyni zamanda artırılması üçün mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamla təsdiq etdiyi muxtar respublikamızın sosial-iqtisadi inkişafina dair 2023-2027-ci illər üçün Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının bitkiçilik, bağçılıq, bostançılıq, heyvandarlıq, arıçılıq sahələrinin inkişaf etdirilməsi, üzümçülük ənənələri nəzərə alınmaqla üzümçülük və şərabçılıq istiqamətində tədbirlər həyata keçirilməsi, mütərəqqi kənd təsərrüfatı təcrübələrinin tətbiqi yolu ilə bu sahələrdə məhsul istehsalının artımına nail olunması nəzərdə tutulmuşdur.

    Muxtar respublikada bu istiqamətdə görülən işlər, aparılan tədqiqatlar haqqında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Bioresurslar İnstitutunun meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru Varis Quliyevin sözlərinə görə, yeni Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin inkişafı üzrə intensiv texnologiya ilə becərilən yeni meyvə, tərəvəz və üzüm sahələrinin yaradılması, unudulmuş aborigen sortların bərpası, yüksək keyfiyyətli və məhsuldar yerli sortlardan ibarət yeni bağların salınması, əkin sahələrindən intensiv texnologiyaların tətbiqi ilə vahid sahədən məhsuldarlığın artırılmasına nail olunması planlaşdırılıb. Hazırda əkin sahələrində tələb olunan gübrələr, mövsümlərarası dövrlərdə əhalinin meyvə və üzüm məhsulları ilə fasiləsiz təmin edilməsi üçün anbar şəbəkələrinin və saxlama soyuducu kameraların yaradılması, daxili bazarın qorunması, meyvə-tərəvəz məhsullarının idxalının azaldılması və ixracının təşkili, yeni müasir istehsal müəssisələrinin yaradılması kimi mühüm tədbirlər icra edilməkdədir:
    Müsahibim bu gün aqrar sektorda ayrı-ayrı sahələrin inkişafı üçün əlverişli şərait yaradılmasından danışaraq deyir ki, muxtar respublikada inkişafın mühüm faktorlarından biri kimi üzümçülük sahəsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və rəqabətqabiliyyətliliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər iqtisadiyyatın sürətli inkişafını təmin edir. 2020-ci ildə üzüm bağlarından 17 min tona yaxın üzüm yığılması, üzümçülüyün inkişafının təmin edilməsi üçün üzüm genofondunun tədqiqi olduqca əhəmiyyətlidir. Üzümçülüyün yenidən inkişafına gələcəkdə də dövlətin diqqətinin artacağını nəzərə alaraq Bioresurslar İnstitutu tərəfindən muxtar respublikada mövcud üzüm genofondunun toplanılaraq qorunması, həmçinin kompleks şəkildə botaniki, genetik və ampeloqrafik tədqiqi aparılmaqla, ərazidə yayılan 120-dən çox aborigen, 23 introduksiya olunmuş, 17 yeni klon variasiyalarından və 30-dan çox seleksiya üsulları ilə alınmış formalardan ibarət “Üzüm genofondu” kolleksiya bağı salınmışdır.
    Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, yetişmə müddətlərinə görə 7 qrupda yerləşdirilən yüksək keyfiyyətli üzüm sortlarının plantasiyalarının salınması geniş ərazilərdə becərilən bağlardan məhsulun konveyer üsulu ilə toplanmasını, daxili bazarlara ilin 4-5 ayı ərzində təzə süfrə üzümü çıxarılmasını, emal müəssisələrini isə 3-4 ay müddətində üzüm məhsulları ilə təchiz olunmasını, hətta belə məhsulların xaricə ixracatını təmin etmiş olar. Üzümçülüyün yenidən inkişaf etdirilməsi digər tərəfdən kənd əhalisinin məşğulluğunun artırılmasına, əhalinin işlə təmin olunmasına da kömək edəcəkdir. Elmi-tədqiqat işləri nəticəsində çoxlu sayda perspektivli, bioekoloji amillərə dözümlü yeni üzüm formaları yaradılmışdır. Onlardan 8 üzüm sortuna parent və müəlliflik şəhadətnaməsi alınmışdır. Naxçıvanın ənənəvi süfrə və texniki aborigen üzüm sortlarının Azərbaycanın və xarici ölkələrin, o cümlədən 24 sortun ABŞ-ın Kaliforniya ştatında yayılmasına nail olunub.
    Müsahibimin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin, tərəvəzçiliyin və üzümçülüyün inkişaf strategiyasına uyğun olaraq praktiki tədbirlərin yerinə yetirilməsinin daha məqsədəuyğun olacağını nəzərə alaraq bir neçə təklif irəli sürülmüşdür.
    İlk növbədə, meyvəçilik, tərəvəzçilik və üzümçülük üzrə fermer təsərrüfatlarının müasir elmi əsaslarla təşkili, muxtar respublikada aqronomların peşə hazırlıqlarının mütəmadi olaraq yenilənməsi üçün Azərbaycan Dövlət Aqrar Universitetinin, müvafiq təhsil müəssisələrinin aqronomluq kafedralarında ixtisasartırma kurslarına cəlb olunmasının təşkili, meyvəçilik və üzümçülük üzrə ixtisaslaşdırılmış tinglik təsərrüfatlarının yaradılması, tətbiqyönümlü sortların əkin dövriyyəsinə daxil edilməsi təkliflər sırasındadır. Digər bir tərəfdən Bioresurslar İnstitutu və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Araz” Elm-İstehsalat Birliyində müvafiq laboratoriyalarda tərəvəzçilik üzrə ayrı-ayrı sortların genofondunun toplanılması, qorunması, toxum tədarükü və əkin dövriyyəsinə daxil edilməsini təşkil edərək dağlıq, dağətəyi və Arazboyu düzənlik ərazilərdə landşafta uyğun iqtisadi əhəmiyyətli və tətbiqyönümlü meyvə, tərəvəz, üzüm sortlarını müəyyənləşdirərək yeni boş torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, meyvəçiliyin və tərəvəzçiliyin intensiv əsaslarla inkişafı üçün sənaye əhəmiyyətli yeni sortların muxtar respublika ərazisinə introduksiya olunması nəzərdə saxlanılmalıdır.
    Müsahibimiz deyir ki, meyvəçilik, tərəvəzçilik, üzümçülük üzrə ailə və fermer təsərrüfatlarının yaradılmasının genişləndirilməsi, inkişaf etdirilməsi, satış bazarlarına daha çox təzə yerli məhsulların çıxarılmasında dövlət dəstəyinin artırılması, əhalinin yerli meyvə, tərəvəz və üzüm məhsulları ilə dolğun təminatının yaxşılaşdırılaraq, meyvəçilik üzrə innovativ texnologiyaya əsaslanan fabrik və emal müəssisələrinin yaradılması, müxtəlif çeşidli konservləşdirilmiş məhsulların istehsalının artırılması və ixrac məhsullarının genişləndirilməsi də təkliflər arasındadır.
    Varis Quliyev onu da diqqətə çatdırdı ki, meyvə, tərəvəz və üzüm məhsullarından təzə halda bütün mövsümlərdə istifadə üçün saxlama kameralarından, anbarlardan məqsədyönlü istifadə edilməsi, həmin anbarlardan istifadənin əlçatan olması imkanlarının yaradılması, bu işdə yerli sortların məhsullarından daha çox istifadə mövcud problemlər sırasındadır.
    Mövzu ilə əlaqədar olaraq 1 hektara yaxın üzüm sahəsi olan Culfa rayonunun Saltaq kənd sakini Ruslan Kəngərli isə bildirdi ki, dədə-baba sənəti olan üzümçülük təsərrüfatı ilə artıq 25 ildir, məşğul olur. Hazırda təsərrüfatında sarı və qırmızı kişmişi sortunun daxili bazarda pərakəndə və topdan satışını həyata keçirir. Əhali tərəfindən yerli kişmişi sortuna daha çox tələbat var. Digər növ üzüm sortları yetişdirməyi planlayan, amma su çatışmazlığından yaranan bəzi problemlər bunun qarşısını alır. 
    Bu məlumatlara əsaslanaraq əminliklə demək olar ki, istehsal olunmuş ekoloji təmiz meyvə və üzüm məhsullarının itkisiz toplanılması, qurudulmuş məhsulun istehsalının genişləndirilməsi və tədarükünün təşkili diqqətdə saxlanılaraq yaxın gələcəkdə mühüm öhdəliklərin icrasına nail olunacaq.

 Bülbül Quliyeva

Nəşr edilib : 18.07.2023 17:56