AZ EN RU

Üzeyir bəyin naxçıvanlı tələbəsi

    Naxçıvanın ilk professional bəstəkarı, musiqişünas, vokal ifaçısı, dahi Üzeyir Hacıbəyovun istedadlı tələbələrindən olan həmyerlimiz Məmməd Həsən oğlu Nəsirbəyovun adı musiqi ictimaiyyətinə yaxşı tanışdır. Məmməd Nəsirbəyov 1897-ci il iyunun 6-da Naxçıvan şəhərində anadan olmuşdur. Atası tanınmış müəllim Mirzə Həsən Nəsirbəyov böyük yazıçımız Cəlil Məmmədquluzadə ilə bir yerdə təhsil alıb. Məmmədin musiqiyə olan həvəsi hələ uşaqlıq illərindən özünü büruzə verirdi. Elə bu həvəs də onu oxuduğu məktəbin xor kollektivinə gətirib çıxarmışdı. Artıq o, məktəb konsertlərində solist kimi çıxış edirdi. 

    Bir məsələni qeyd etmək lazımdır ki, 1911-1912-ci illərdə bəstəkar Zülfüqar Hacıbəyovun Naxçıvana ikinci dəfə gəlişi və burada bir ilə qədər yaşayıb yaratması Naxçıvan musiqi mədəniyyətinin, teatr sənətinin inkişafına, musiqiçilərin, aktyorların yaradıcılığına mühüm təsir göstərmişdir. Bu baxımdan Məmmədin də musiqi dünyagörüşü öz nəsibini almışdır. Belə ki, Naxçıvan teatr səhnəsində Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, “Ər və arvad” operettaları səhnəyə qoyulur. Lirik tenor səsi olan Məmməd musiqili komediyalardan fraqmentlər öyrənərək istedadının bütün imkanlarından məharətlə istifadə edir. 
    1914-cü ildə M.Nəsirbəyov ailəsi ilə birlikdə Bakıya köçür. Bakı mühiti onun yaradıcılıq fəaliyyətini mükəmməl bir səviyyəyə çatdırır. Xalq musiqisini dərindən öyrənməyə çalışan Nəsirbəyov artıq tarda ifa etməyə başlamışdı. 1923-cü ilə qədər müstəqil musiqi məktəbləri olmadığından musiqi dərsləri fərdi şəkildə keçirilirdi. 1923-cü ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə müsəlman uşaqları üçün açılan musiqi məktəbində solooxuma fənni üzrə Aleksandr Kolotovdan, tar üzrə Mansur Mansurovdan, muğam dərslərini isə Mirzə Fərəcdən alan Nəsirbəyov artıq digər tələbələrdən fərqlənirdi. 
    Üzeyir bəy tərəfindən istedadlı tələbələrdən ibarət yaradılan dərnəyə üzv olan Məmməd Nəsirbəyov, Asəf Zeynallı, Əşrəf Həsənov, Əbdülrəhim Kərimov bəstəkarlıq yollarında yeni addımlarını atırdılar. Onlara şəxsən rəhbərlik edən Üzeyir bəy tələbələrə musiqi nəzəriyyəsi, harmoniya, Azərbaycan xalq musiqisinin əsasları fənnini tədris edirdi. Bir il sonra məktəbin hesabat konsertində Məmməd Nəsirbəyov tarda “Rast” muğamını tam ustalıqla ifa edir. Bakı Musiqi Məktəbinə daxil olan gənc musiqiçi vokal fənnini Marqarita Kolotovadan, bəstəkarlığı Nikolay Xeyf, orkestrləşməni Stefan Ştresserden öyrənir. 
    1920-1922-ci illərdə Üzeyir bəyin təşəbbüsü ilə Siyasi İdarənin nəzdində Azərbaycan Xalq Çalğı Alətləri Orkestri yaradılır. Orkestrin tərkibi 70 musiqiçidən, 10 tanınmış xanəndə və müğənnidən ibarət idi. Məmməd bu orkestrdə tarzən kimi işləyirdi. Orkestr, əsasən, hərbçilər üçün konsertlər verirdi. 
    1919-1924, 1930-1932-ci illərdə opera teatrında xor solisti kimi çalışan Məmməd lirik tenor kimi inkişaf edir. O, Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasında Əsgərin ariyasını müvəffəqiyyətlə oxuyur, bu ifa yüksək qiymətləndirilir. Bəstəkar 1931-ci ildə Radio Komitəsində solist kimi çalışmağa başlayır. 
   Məmməd Nəsirbəyovun bəs təkarlıq fəaliyyəti müxtəlif janrlarda yaratdığı maraqlı əsərlərlə zəngindir. Onun yaradıcılığına xor musiqisi, müxtəlif alətlər üçün yazdığı instrumental əsərlər, eləcə də Azərbaycan xalq çalğı alətləri üçün mahnı və romanslar özünəməxsus yer tutmuşdur. 
    Məmməd Nəsirbəyov təhsilini artırmaq üçün 1932-ci ildə Pyotr Çaykovski adına Moskva Konservatoriyasında professor Litinskidən kompozisiya və polifoniyadan dərs alır. Bir ildən sonra Vətənə qayıdan Nəsirbəyov Bakı Konservatoriyasında Leopold Rudolfun, Pyotr Ryazanovun, Boris Zeydmanın sinfində təhsilini davam etdirir. 
    Məmməd Nəsirbəyov təkcə bəstəkarlığı deyil, eyni zamanda skripka, fortepiano, voltorna alətlərində ifa etməyi də öyrənir, 1940-cı ildə Bakı Konservatoriyasını müvəffəqiyyətlə bitirir, 1941-ci ildə SSRİ Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul olunur. 
   Onun simfonik orkestr üçün yazdığı “Süita”, solist, qarışıq xor və orkestr üçün “Kantata”, simli kvartet üçün “Süita”, Azərbaycan xalq çalğı alətləri üçün “Naxçıvan” rəqs süitası, “ Şənlik” uvertürası, “Nizami süitası”, “Qəhrəman”, “Səsə səs”, “Pambıq”, dram əsərləri üçün musiqilərin partituraları bəstəkarın yüksək səviyyədə orkestrləşmə bacarığını göstərmiş olur. 
    Məmməd Nəsirbəyov müxtəlif alətlər üçün də onlarla əsərlər yaratmışdır.  Bəstəkar skripka alətinin bütün imkanlarını nəzərə alaraq və bu alətin ifaçısı kimi skripka üçün silsilə əsərlər yazmışdır. Gənc skripkaçılar üçün bəstələdiyi variasiyalar, prelüdlər gənc musqiçilərin repertuarında özünə mühüm yer tutmuşdur. 
    Məmməd Nəsirbəyov zəhmət adamlarını tərənnüm edən bir sıra mahnılar da bəstələyib. Bu mahnılardan Süleyman Rüstəmin sözlərinə yazdığı “Mən fəhləyəm” mahnısı buna bariz nümunədir. Fortepiano üçün “Sonata”, “6 sonatina”, “Fantaziya”, “Ekspromt”, “6 prelüd”, “9 fuqa”, “ 24 pyes”, “ Qaytağı”, “4 əl üçün 9 fortepiano pyesi”, 12 xalq mahnısı bəstəkarın zəngin fortepiano yaradıcılığından xəbər verir. Bu əsərlərin bəziləri musiqi məktəblərinin tədris proqramında öz əksini tapmışdır. 
    Məmməd Nəsirbəyov bir musiqişünas kimi Azərbaycan musiqisinə öz dəyərli töhfələrini vermişdir. Bu mənada, “Elementar musiqi nəzəriyyəsi”, “Homofon musiqi formalarının öyrənilməsi üçün təlim kitabı”, “Alətşünaslıq və orkestrləşmə məsələləri üzrə ensiklopedik lüğət”, “Azərbaycan xalq musiqisi ladlarının quruluşu və münasibətləri cədvəli”, “Musiqi təlimi” elmi-nəzəri kitabları musiqi nəzəriyyəsi sahəsində qiymətli əsərlərdir. 
    Yeri gəlmişkən onun folklor sahəsindəki yaradıcılığını qeyd etməsək, olmaz. O, səksəndən artıq Azərbaycan xalq mahnısını və rəqslərini toplayaraq nota köçürüb, Azərbaycan Radiosunun fonduna bağışlamışdır.
    Məmməd Nəsirbəyov musiqi məktəbləri şagirdləri ilə yaxından təmasda olaraq onlara hər cür pedaqoji yardım göstərir, xüsusi məşğul olur, evlərinə gedir, alətlərini öz hesabına təmir etdirirdi. O, texnikumlarda, Azərbaycan Pedaqoji İnstitutunda pedaqoq kimi də fəaliyyət göstərirdi.
    Məmməd müəllim də o dövrün bir çox ziyalıları kimi, 1937-ci il repressiyalarından ehtiyat edərək yaradıcılığını çox geniş işıqlandırmamağa çalışırdı. Bəy nəslindən olanlar haqqında qolçomaq və mülkədar təəssüratı yaradıldığından M.Nəsirbəyovun yaradıcılığı kölgədə qalmışdı. Elə ona görə də onun yaradıcılığı çox geniş tədqiq olunmamışdır. 
    Bu gün tədqiqatçılar üçün geniş öyrənilməmiş Məmməd Nəsirbəyovun böyük yaradıcılıq irsi mövcuddur. Ömür yoluna nəzər salsaq, görərik ki, onun həm bəstəkarlıq, həm ifaçılıq, həm də pedaqoji fəaliyyəti geniş bir tədqiqat mövzusudur. 
    Məmməd Nəsirbəyov SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 6 iyun tarixli Qərarı ilə “1941-1945-ci illər Böyük Vətən müharibəsində “Rəşadətli əməyə görə” medalı ilə təltif olunmuşdur. Onun yaradıcılığı müxtəlif fəxri fərmanlarla, medallarla qiymətləndirilmişdir. 
     2017-ci ildə Məmməd Nəsirbəyovun anadan olmasının 120 illiyi respublikamızda təntənəli şəkildə qeyd olunmuşdur. 
    Qarşıdan bəstəkarın anadan olmasının 125 illiyi gəlir. Düşünürəm ki, Məmməd Nəsirbəyovun qoyub getdiyi irs musiqi sabahımıza çox böyük ərməğandır. Onun yaradıcılığı sağlığında öz qiymətini almışdır. Bu gün isə yaradıcılığının əsl qiymətini onun qayğı göstərdiyi tələbələri verməkdədirlər. 

Zemfira BABAYEVA   
 Naxçıvan Dövlət Universitetinin baş müəllimi, 
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 09.09.2022 19:50