AZ EN RU

“Uyğunluğun Qiymətləndirilməsi Mərkəzi” MMC-nin Naxçıvan filialı fəaliyyətə başlayıb

    Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət idarəçiliyi sistemində həyata keçirilən struktur islahatlarından sonra hər bir sahədə canlanma prosesləri müşahidə edilməkdədir. Yeniliklər sırasında mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə yanaşı, sərbəst sahibkarlıq mühitinin formalaşdırılması da diqqəti çəkir. Belə ki, ölkənin bir sıra yerlərində fəaliyyət göstərən müəssisələrin artıq Naxçıvanda da filialı, istehsal, satış obyektləri açılmağa başlayır. Yaxın günlərdə Naxçıvan şəhərindəki Heydər Əliyev prospektində “Uyğunluğun qiymətləndirilməsi mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan filialı da fəaliyyətə başlayıb.
    Filialdan aldığımız məlumata görə, əsas mərkəzi Bakı şəhərində yerləşən “Uyğunluğun qiymətləndirilməsi mərkəzi” MMC “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq AZS İSO/İEC 17025-2020 standartı üzrə akkreditasiya attestatı alıb.  Cəmiyyət ölkə ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların “Texniki təhlükəsizlik haqqında”, “Texniki tənzimləmə haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və digər Azərbaycan Respublikasının qanunlarının tələblərinə, bu sahədə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş fərman və sərəncamlara uyğun fəaliyyət göstərməsi üçün xidmətləri həyata keçirir. Müəssisə tərəfindən təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğu və avadanlıqların layihələndirilməsi, layihələrin ekspertizadan keçirilməsi, qeydiyyatı, sertifikatlaşdırılması, ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, istehsal edilən və ölkəyə idxal olunan mal, məhsul və materiallara, qurğu və avadanlıqlara uyğunluq sertifikatlarının verilməsi, idarəetmə sistemlərinin sertifikatlaşdırılması, ildırımdan mühafizə qurğularının layihələndirilməsi, quraşdırılması və torpaqlanmasının vəziyyətinin yoxlanılması, cərəyandan mühafizə qurğularının torpaqlanma müqavimətlərinin yoxlanılaraq protokolla rəsmiləşdirilməsi və digər xidmətlər həyata keçirilir. Müraciət edən müəssisələrin məhsulları xüsusi laboratoriya analizindən keçirilərək istehsala, eləcə də təqdim olunan avadanlıqların texniki təhlükəsizlik standartlarına uyğunluğu müəyyən edildikdən sonra müvafiq sertifikatlarla təminat yerinə yetirilir. 
    Qeyd edək ki, “Uyğunluğun Qiymətləndirilməsi Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda Bakı və Gəncə şəhərlərində filialları fəaliyyət göstərir. Naxçıvan filialı qısa müddətdə açılmasına baxmayaraq, artıq 3 müəssisənin müraciəti qəbul olunub, “Enna”, “Cahan Pen plastik məmulatları istehsalı və satışı” MMC-lər müvafiq sertifikatla təmin edilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.02.2023 12:05