AZ EN RU

ÜST: uşaqlarda ağır hepatit haqqında nəyi bilmək lazımdır

Son bir neçə həftə ərzində dünyada uşaqlar arasında mənşəyi məlum olmayan ağır hepatit virusuna 200-dən çox yoluxma halı qeydə alınıb, üstəlik bu Böyük Britaniya, İspaniya və ABŞ kimi inkişaf etmiş ölkələrdə baş verib. Bununla əlaqədar olaraq Ümumdünya Səhiyyə Təşkilatı hepatit virusunun nə olduğunu və uşaqları ondan necə qorumaq barədə məlumat yayıb. Təşkilatın saytına istinadla bu maarifləndirici materialı təqdim edir.

Kəskin hepatit nədir?

Bu, kəskin qaraciyər iltihabı ilə bağlı termindir. Kəskin hepatit virusuna həm infeksiya, həm də infeksiya ilə bağlı olmayan amillər səbəb ola bilər. Kəskin hepatit virusunun üç əsas növü mövcuddur: hepatit A, B və C. D və E hepatit viruslarına daha az rast gəlinir, xüsusilə də yüksək gəliri olan ölkələrdə.

Bu xəstəliyin yayılmasını qeyri-adi edən nədir?

Ağır kəskin hepatit azyaşlı uşaqlar arasında nadir hallarda müşahidə olunur. Yoluxma hallarının sayında mümkün artım barədə ilk məlumatlar Şotlandiyadan daxil oldu. Bundan sonra, məlumat yayıldıqca, həyəcanlı məlumatlar Birləşmiş Krallığın digər regionlarından və dünyanın digər ölkələrindən daxil olmağa başladı.

Məlumdur ki, bu xəstələrdə kəskin hepatit virusuna adətən səbəb olan viruslar aşkar edilməyib. Bu günə olan məlumata görə, əhəmiyyət kəsb edən amillər qismində beynəlxalq səfərlər və ya digər ölkələrlə əlaqə də qeyd edilmir.

Yaranan vəziyyət nə dərəcədə həyəcan doğurur?

Qeyd edilən hallara – kifayət qədər nadir olsalar belə – bütün ciddiliklə yanaşmaq lazımdır. Digər potensial halların aşkar edilməsi ilə bağlı növbəti tədbirlərə ehtiyac duyulur, üstəlik təkcə qeyd edilən ölkələrdə deyil. İlk növbədə bundan sonra profilaktika və nəzarət tədbirlərini dəqiqləşdirmək üçün xəstəliyin səbəblərini müəyyən etmək lazımdır.

Xəstəliyin səbəbi ilə bağlı əsas nəzəriyyələr hansılardır?

Biz mümkün izahatların axtarışı çərçivəsində ölkələrlə və tərəfdaşlarla sıx əməkdaşlıq edirik. Potensial səbəblərin geniş dairəsi tədqiq edilir. Əsas fərziyələrdən birinə görə, xəstəliyə səbəb adenovirusdur; bu, insandan insana ötürülə bilən və uşaqlarda tənəffüs simptomları, qusma və ishala səbəb olan yayılmış viruslar qrupudur.

Bununla belə bu fərziyə xəstəliyin ağır klinik təsirlərini tam həcmdə izah edə bilmir. Zəifləmiş immun sistemi olan uşaqlarda adenovirus infeksiyası səbəbindən hepatit virusuna yoluxma halları qeydə alınıb.

Birləşmiş Krallıqdan olan mütəxəssislər qrupu mümkün amillər kimi COVID-19 pandemiyası zamanı adenovirus sirkulyasiyasının aşağı səviyyədə olması səbəbindən azyaşlı uşaqlarda adenovirus infeksiyasına qarşı yüksək həssaslığı və ya yeni adenovirusun peyda olunması və ya adenovirus və SARS-CoV-2 virusunun birləşməsini göstərib. Bu fərziyyələr əlavə araşdırma tələb edir.

Hepatitin yayılması COVID-19 ilə əlaqəli ola bilərmi?

Bəzi hallarda SARS-CoV-2 virusuna yoluxma halı aşkar edilib. Eyni zamanda hepatitin qeydə alındığı ölkələrin bir çoxunda COVID-19-un geniş yayılması müşahidə olunur və indiki klinik mənzərədə SARS-CoV-2 virusunun potensial rolu aydın deyil.

Bu vəziyyət COVID-19 əleyhinə vaksinasiya ilə əlaqəli ola bilərmi?

Hazırda klinik mənzərənin vaksinasiya ilə əlaqəni təsdiq edə bilən faktiki məlumatlar yoxdur, çünki yoluxmuş uşaqların əksəriyyəti COVID-19 əleyhinə peyvənd olunmayıb. Riskin qiymətləndirilməsi və nəzarəti üçün yoluxucu və yoluxucu olmayan xarakter daşıyan bir sıra digər potensial amillər ətraflı olaraq araşdırılmalıdır.

Yeni yoluxma halları gözlənilirmi?

Yeni yoluxma halları barədə məlumatlar daxil olmaqda davam edir. Bununla bağlı xəstəliyin səbəbi müəyyən edilməmişdən və onun profilaktikası və nəzarəti tədbirləri müvafiq qaydada tənzimlənməmişdən əvvəl yeni halların aşkar edilməsi ehtimalı yüksəkdir.

Valideynlər nəyə diqqət yetirməlidir?

İlk növbədə qeyd etmək lazımdır ki, bu xəstəlik geniş yayılan xəstəlik deyil. Bununla belə valideynlər uşaqlarda hepatit virusunun simptomları - kəskin ishal, qusma, qarın ağrısı və sarılığa (dəri və göz ağlarının saralması) diqqət yetirməlidir. Xəstə uşaqların əksəriyyətində temperaturun artması qeyd edilməyib. Narahatlıq üçün hər hansı bir səbəb yarandıqda, valideynlərin tibb işçilərinə müraciət etməsi tövsiyə olunur.

Valideynlər uşaqları qorumaq üçün nə edə bilərlər?

Viruslardan qorunmaq üçün adi tədbirlər görmək: əllərin düzgün yuyulmasını və tənəffüs yollarının düzgün gigiyenasını təmin etmək (öskürərkən və asqırarkən ağzı örtmək və s.) lazımdır.

Nəşr edilib : 06.05.2022 11:36