AZ EN RU

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Naxçıvanda səhiyyə sahəsində həyata keçirilən işlərə əlimizdən gəldiyi qədər dəstək olmağa çalışacağıq”

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri dr. Hande Harmancı səfərin məqsədi, gələcəkdə görüləcək işlərlə bağlı “Şərq qapısı” qəzetinə müsahibə verib: – Biz bu gün Naxçıvana Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndələri olaraq 11 nəfərlik heyətlə gəlmişik. Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin dəvətlisi olaraq buradayıq. Son dörd ayda səhiyyə nazirinin və onun komandasının gördüyü hər bir işi diqqətlə, heyranlıqla izləyirik. Səfər çərçivəsində əvvəllər nəzəri tanış olduqlarımızı gedib əyani şəkildə yerində görəcəyik. Bundan öncə aramızda bir onlayn görüş də keçirilib. Həmin görüşdə Naxçıvanda görülən işlər barədə eşitdiklərimizdən çox məmnun olduq. Əlbəttə ki, bütün bunlara əlimizdən gəldiyi qədər töhfə vermək istəyirik. Bu məqsədlə buraya müxtəlif istiqamətlər: peyvəndləmə, ictimai səhiyyə, ilkin səhiyyə, laboratoriyalar, xroniki xəstəliklər, təcili xidmət sistemləri və digər sahələr üzrə çalışan kolleqalarımızla birgə gəlmişik. Sadaladığım sahələr üzrə buradakı mövcud vəziyyəti birlikdə bir-bir nəzərdən keçiririk, görülən işlərə baxırıq və daha yaxşı olması üçün nələr edə biləcəyimizi müəyyənləşdiririk. Bütün bu məsələlərdə və ümumilikdə, Naxçıvanda səhiyyə sahəsində həyata keçirilən işlərə, islahatlara əlimizdən gəldiyi qədər dəstək olmağa çalışacağıq. 
    Dr. Hande Harmancı pandemiya dönəmində ölkəmizdə həyata keçirilən işlərdən də bəhs edərək deyib: – Naxçıvanın pandemiya dönəmindəki statistikalarını dəqiq olaraq bilmirəm. Onun üçün bu barədə bir söz deyə bilmərəm. Ancaq qeyd etməliyəm ki, Azərbaycan qurduğu Operativ Qərargah sistemi ilə aid bütün təşkilatları, səhiyyə sahələrini, tibbi heyəti bir araya gətirərək və əhaliyə gündəlik dəqiq, düzgün statistikləri verməklə çox önəmli bir iş bacardı. Bu mənada, ölkə üçün pandemiya müddətinin qürur duyulası bir dönəm olduğunu düşünürəm. Bildiyiniz kimi, bu aralar bir az artım müşahidə olunur, ancaq insanların panikaya uymadan özlərini qorumağa davam etmələrində fayda vardır. Onu da qeyd edim ki, Azərbaycan qlobal dünyanın bir parçası olduğu üçün dünyada gedən proseslər burada da olacaq. Başqa cür mümkün deyil. Əgər EG.5 ştamı dünyada dolaşırsa, buraya da gələcək. Ancaq görüləcək işlər yenə pandemiya dönəmində etdiklərimizlə eynidir: gigiyena qaydalarına riayət etmək, özümüzü yaxşı hiss etməsək evdə qalmaq, maskadan istifadə etmək. EG.5 ştamının bir variantı yayılır. Lakin o hələ insanı daha ağır xəstəlik dərəcəsinə çatdırmır. Onun üçün də əsas önəmli məsələ gözləmləməkdir, izləməkdir, yəni dünyada hansı ştamlar var, bunların quruluşunun, xüsusiyyətlərinin, strukturlarının nədən ibarət olduğunu öyrənmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı bütün bunları ölkələrlə işbirliyi halında həyata keçirir. Təşkilata bu barədə məlumat verən çox az sayda ölkə qalıb. Bu baxımdan daha çox ölkənin bildiriş verməsi lazımdır ki, genomik strukturlar izlənsin. Yəni bilmək lazımdır ki, hər bir ştamın insan sağlamlığına təsiri nə qədərdir, daha ağır və ya daha yüngüldür. Bunların bilinməsi önəmlidir, onun üçün bütün dünyadan alınan məlumat çox lazımlıdır.
    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərin birinci günündə yeni yaradılan İctimai Səhiyyə Xidməti ilə tanış olublar. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən profilaktik tədbirlərin həyata keçirilməsi, yoluxucu xəstəliklərin qarşısının alınması, gənclərin fiziki sağlamlığının təşviq edilməsi, ətraf mühitin risklərindən qorunmasının artırılmasına diqqət göstərilib, səhiyyə sistemində islahatların aparılmasında irəliyə doğru atılmış bir addım kimi Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin əsasında İctimai Səhiyyə Xidməti yaradılıb. İctimai Səhiyyə Xidmətində xəstəliklərin yaranma səbəbləri və mexanizmlərini, yayılmasını öyrənməklə və profilaktik tədbirlər vasitəsilə insanların sağlamlığının qorunmasını, əmək qabiliyyətinin, həyat keyfiyyətinin yüksəldilməsini və ömrünün uzadılmasını təmin etməklə yanaşı, tibb müəssisələri üçün standartların hazırlanması, pasiyentlərin təhlükəsizliyi üzrə sosial gigiyenanın əhəmiyyətinin insanlara düzgün çatdırılması məqsədilə müxtəlif istiqamətlərdə xidmətlər göstərilir. Daha sonra qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey komplekslərinə ekskursiya ediblər. 

Nail ƏSGƏROV

Nəşr edilib : 28.08.2023 13:37