AZ EN RU

ÜST: Dekabrda bayram görüşmələri nəticəsində koronavirusdan təxminən 10 min nəfər vəfat edib

Dekabr ayında bütün dünyada keçirilən bayram tədbirləri fonunda təxminən 10 min nəfər “SARS-CoV-2” koronavirusunun “JN.1” yeni variantının yayılması səbəbindən həyatla vidalaşıb. 

TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) başçısı Tedros Adanom Qebreyesus brifinqdə bildirib.

O deyib: “Müxtəlif mənbələrdən daxil olan məlumatlar dekabrda virusun ötürülmə hallarının artmasını sübut edir. Buna əhəmiyyətli dərəcədə bayram yığıncaqları və “JN.1” variantının yayılması səbəb olub”.

ÜST başçısı dəqiqləşdirib ki, dekabrda təxminən 10 min ölüm halı qeydə alınıb, xəstəxanaya yatırılanların sayı isə təxminən 50 ölkədə - əsasən Avropada, eləcə də Şimali və Cənubi Amerikada 42 faiz artıb. O, yoluxmanın səviyyəsinin çox ehtimal ki, başqa ölkələrdə də artdığını, həmin ölkələrin müvafiq məlumatları təşkilatla bölüşmədiklərini əlavə edib.

Qebreyesus dünya ölkələrini vəziyyətin necə cərəyan etməsini diqqətlə izləməyə, eləcə də vaksinlərə və tibbi xidmətə fasiləsiz əlçatanlığı təmin etməyə çağırıb. O bildirib ki, hazırda virusun “JN.1” variantı dünyada ən çox yayılan variantdır. ÜST başçısının sözlərinə görə, mövcud vaksinlər müəyyən müdafiəni təmin etməlidir.

Nəşr edilib : 11.01.2024 19:42