AZ EN RU

Uşaqların təhsil sahəsində atdığı ilk uğurlu addımlar məktəbəqədər tərbiyə müəssisələrindən başlanır

    Gələcəyimiz olan uşaqların təhsil sahəsində atdığı ilk addımlar məktəbəqədər təhsil müəssisələrində, yəni bağçalarda formalaşır. Bağça uşaqların oyunlar oynaya, özlərini inkişaf etdirib ətraf mühiti dərk edə biləcəkləri bir ünvandır. “Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Azərbaycan dövlətinin məqsədyönlü siyasəti məhz bundan ibarətdir. Dövlətin qayğısı ilə hər bir vətəndaşın, hər bir təşkilatın qayğısı, hər bir cəmiyyətin qayğısı, xeyriyyəçilik edən hər bir adamın qayğısı birləşməli, qovuşmalıdır. Biz uşaqlarımızı yaxşı tərbiyə etməliyik, yaxşı şəraitdə yaşatmalıyıq. Uşaqlarımıza təhsil verməliyik. Onları gələcək üçün hazırlamalıyıq” söyləyən ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün muxtar respublikamızda uğurla davam etdirilir, uşaqların layiqli vətəndaş olaraq formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Paytaxt şəhərimiz Naxçıvanda, muxtar respublikamızın rayon mərkəzlərində müasir tələblərə cavab verən bağçalar tikilir. Bunun da bariz ifadəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə 5 oktyabr 2022-ci ildə Naxçıvan şəhərində 8 nömrəli yeni uşaq bağçası istifadəyə verilib. Bu məktəbəqədər tərbiyə müəssisəsi 4 mərtəbədən ibarət, 210 yerlikdir. Biz də uşaqlar üçün yaradılan şəraitlə yaxından tanış olmaq qərarına gəldik və həmin bağçaya yollandıq. 
    Burada gigiyenik qaydalara nəzarət, müəllimlərin səmimi rəftarı insana xoş aura bəxş edirdi. Bizim gəlişimiz uşaqların Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmələri ilə eyni zamana təsadüf etmişdi. Uşaqların əllərində bayraq səsləndirdikləri himn onların vətənpərvər bir nəsil kimi yetişdiyinin ən gözəl nümunəsidir. 
    Bağçanın müdiri Lamiyə Abdullayeva dedi ki, uşaqların tərbiyəsi balaca yaşlardan formalaşır. Biz isə onların düzgün tərbiyə olunaraq yetişmələrinə kömək edirik. Hərtərəfli şəraitə malik uşaq bağçası övladlarımızın sağlam inkişafı ilə yanaşı, həm də işləyən valideynlərin rahatlığına xidmət edən bir müəssisədir. Belə ünvanlarda uşaqların asudə vaxtını səmərəli keçirmələri, sosiallaşma, paylaşmağı bacarma vərdişlərini inkişaf etdirə bilmək imkanları var. Bu bağçada da bütün imkanlar yaradılıb. Həmçinin bağçamızda məktəbəqədər hazırlıq qrupları da fəaliyyət göstərir. Bu qruplar balalarımızın təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onların Vətənə olan sevgi hissini formalaşdırmaq üçün atılan addımlardandır. Məktəbəqədər hazırlıq qruplarına dərsliklərin paylanılması dövlətimizin balaca fidanlara göstərdiyi qayğının daha bir nümunəsidir. Hazır­da müəssisəmizdə 191 uşaq təlim-tərbiyə alır. Valideynlər yaşyarımlıqdan 6 yaşa qədər övladlarını bizə əmanət edirlər. Onların tərbiyəsi ilə alitəhsilli kadrlar məşğul olur. Bizə, gələcək nəsil davamçılarına yaratdığı bu şəraitə görə Ali Məclisin Sədri cənab Vasif Talıbova minnətdarlığımı bildirirəm.
    Digər müsahibimiz gənc tərbiyəçilərdən biri Xavər Abbasova oldu. Onunla söhbət zamanı qeyd etdi ki, balacaların həyata uyğunlaşmasını nizamlı şəkildə aparırıq. Onların yatmaq, yemək, oxumaq, idman etmək, yoldaşları ilə bölüşmək bacarıqları təkmilləşir. Bağçada “Ətraf aləmlə tanışlıq”, “Hərəkətlərin inkişafı”, “Musiqi”, “Sensor tərbiyə” kimi məşğələlər apararaq uşaqların zehni bacarıqlarını inkişaf etdirməyə çalışırıq. Musiqi dərslərində şeirlər əzbərlədərək vətənpərvərlik mahnıları öyrədirik. Onların qidalanmasına da xüsusi diqqət yetiririk. Hər şey gigiyenik qaydalara uyğun hazırlanaraq uşaqların sağlamlığına xidmət edir.
    Müəllimlərlə bağçada yaradılan şəraitlə tanış olarkən uşaqlardan birinin söylədiyi şeir ürəyimizi fərəh və qürur hissi ilə doldurdu: 

    Bu gün gərək hər anımız 
             “Vətən!” – desin.
    Qılıncımız, qalxanımız 
              “Vətən!” – desin.
    Ölənlərin əvəzinə qalanımız 
              “Vətən!” – desin.

    Xalq şairi Məmməd Arazın bu misralarını səsləndirən şəhid İbrahim Vəlizadənin bizə əmanəti olan oğlu balaca Fərid idi. Qəhrəman övladı səsləndirdiyi şeirlə atasının adına layiq olacağını sübut edirdi. Biz də inanırıq ki, Fərid gələcəkdə xalqına, millətinə faydalı övlad olacaq. Fərid dedi ki, yoldaşlarını və müəllimlərini çox sevir. Onlarla müxtəlif oyunlar oynayıb, şeirlər əzbərləyir.
    Fidan Əlizadənin valideyni, Sirab kənd tam orta məktəbinin müəllimi Gülnar Əliyevanın söylədiklərindən: “İş vaxtlarımızda övladlarımızı rahatlıqla əmanət edə biləcəyimiz, hərtərəfli qayğı ilə böyüdülən yerdir uşaq bağçalarımız. Mən və mənim kimi bütün valideynlər övladlarını səmimi, qayğıkeş, mehriban müəllimlərə ürəklə etibar edə bilirlər. Bu hər bir insanın, xüsusən də anaların övladlarının əmin əllərdə olması, məhsuldar əmək, yaradıcılıq fəaliyyəti göstərə, bir sözlə, xalqımıza, dövlətə xidmət edə bilməsi deməkdir. Eyni zamanda ailələrə büdcələrini formalaşdırmaq baxımından maddi dəstəkdir. Ən əsası isə övladlarımızın erkən yaşlardan bacarıqlı pedaqoqlar tərəfindən düzgün təlim-tərbiyəsi onların gələcək həyata hazırlanması baxımından çox əhəmiyyətlidir. Məhz bu prosesin uşaq bağçalarında  düzgün həyata keçirilməsi tam orta məktəb müəllimlərinin də zəhmətini xeyli asanlaşdırır. Övladlarımıza dövlətimiz tərəfindən göstərilən bu diqqət və qayğı əvəzsizdir. Çalışıram ki, öz fəaliyyətimlə bu qayğının əvəzini ödəyəm”. 
    Burada gördüklərimiz bizdə bu qənaəti bir daha gücləndirdi ki, muxtar respublikada təhsilin bütün pillələri hərtərəfli qayğı əhatəsindədir. 8 nömrəli uşaq bağçası da belə qayğının yeni ifadəsidir.

Bülbül QULİYEVA

Nəşr edilib : 01.12.2022 19:53