AZ EN RU

Uşaqların sağlamlığının qorunması ilə bağlı tədbirlər davam etdirilir

Dövlət proqramı icra olunur

    Ölkəmizdə uşaqların sağlam böyümələri, onların vətənpərvər ruhda yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqətdə saxladığı əsas məsələlərdəndir. Ümummilli lider Heydər Əliyev demişdir: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır ”.

    Uşağın sağlam böyüməsi onun düzgün qidalanmasından fiziki hazırlığına, ətraf mühitdən mənəvi aləmə qədər bir çox faktordan asılıdır. Lakin hər bir halda cəmiyyətdə sağlam uşaqların formalaşması üçün ilkin şərtlərdən biri pediatrik xidmətin keyfiyyətli təşkilidir. Uşaqların vaxtında tibbi müayinədən keçirilməsi onlarda baş verə biləcək xəstəliklərin erkən aşkarlanmasına imkan verir və xəstəliklərlə mübarizəni asanlaşdırır. Bu istiqamətdə tibbi xidmətin səmərəli təşkili isə, ilk növbədə, müasir infrastruktur imkanlarının mövcudluğunu zəruri edir. Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 ok­tyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın məqsədlərindən biri uşaqların dispanserizasiyasını həyata keçirən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir tibbi texnika və avadanlıqlarla təchizatının yaxşılaşdırılmasıdır. Dövlət proqramından irəli gələn tədbirlərin icrası 2021-ci ildə də diqqətdə saxlanılmışdır.

    Ötən il aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ordubad rayonunda da uşaq xəstəxanasının yaradılmasına ehtiyac var idi. Müvafiq Sərəncamdan sonra burada lazımi işlər həyata keçirilmiş və bu gün kollektivin istifadəsinə 54 adda müxtəlif təyinatlı tibbi avadanlıqlarla təmin olunmuş, stasionar və poliklinika şöbələrindən ibarət olan müasir uşaq xəstəxanası verilir. Səhiyyə müəssisəsində hərtərəfli şərait yaradılmışdır. Bu da kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan verəcəkdir. Qarşıda duran əsas vəzifə rayonda bütün uşaqların qeydiyyata alınması, Dövlət proqramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsi və uşaqların sağlamlığının diqqətdə saxlanılmasıdır. Ona görə ki, uşaqlar gələcəyimizdir. Onların sağlam böyüməsi, yaxşı təhsil alması isə ölkənin gələcəyinə xidmət edir”.

    Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan səhiyyə ocağında tibbi heyətin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılmış, xəstəxanaya “FİAT” markalı təcili tibbi yardım avtomobili verilmişdir.
    Planlı tibbi müayinələrin aparılması uşaq əhalisinin inkişafının ümumi qanunauyğunluqlarını müəyyənləşdirməyə və onların sağlamlığının formalaşmasına təsir edən amilləri aydınlaşdırmağa imkan verir. Bu tədbirlərin davamlı xarakter alması hər bir uşağın sağlamlıq vəziyyətinin təyin edilməsi, lazımi sağlamlaşdırıcı və müalicə tədbirlərinin aparılması baxımından olduqca əhəmiyyətlidir. Proqramın icrasına uyğun olaraq ötən ilin yaz və payız mövsümlərində, ümumilikdə, 86 min 75 uşaq dərin tibbi müayinələrə cəlb edilmiş, onlardan 9 min 63-ü dispanser nəzarətə götürülmüşdür. Bu dövrdə qurd invaziyasına görə 365, psixonevroloji simptomlara görə 265 uşağın ixtisaslı tibb müəssisələrində müalicəsi təşkil olunmuşdur.
    Cəmiyyətdə sosial qayğıya ehtiyacı olanların xüsusi bir qrupunu sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Muxtar respublikada bu sosial kateqoriyanın nümayəndələri yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Onların təhsil imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiya olunmaları üçün ardıcıl tədbirlər görülür. Məhdud fiziki imkanlı uşaqların tibbi reabilitasiyası ilə bağlı görülən işlər də onların sosial statusunun bərpa edilməsinə yönəlmişdir. Ötən il proqramın icrası istiqamətində 279 sağlamlıq imkanları məhdud uşağın Naxçıvan Uşaq-Bərpa Mərkəzində müalicəsi təşkil olunmuşdur. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 171 sağlamlıq imkanları məhdud uşaqla reabilitasiya tədbirləri həyata keçirilmişdir. Bu kateqoriyadan olan 55 uşaq texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin olunmuş, 66 uşağa protez-ortopedik xidmət göstərilmişdir. Bu isə Dövlət proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün texniki-bərpa tədbirlərinin də xüsusi diqqətdə saxlanılmasından xəbər verir. 
    Ötən il proqramda uşaqlara xidmət göstərən tibb müəssisələrində çalışan tibb işçilərinin nəzəri və praktik hazırlığının artırılması ilə bağlı tədbirlər də davam etdirilmişdir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaqlarda təcili təxirəsalınmaz vəziyyətlərin yaranma səbəbləri və onların aradan qaldırılması yolları haqqında metodik vəsait hazır­lanaraq tibb məntəqələrinə paylanmışdır. Tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə 73 müxtəlif xəstəlik üzrə tibbi protokollar tibb müəssisələrinə paylanılması üçün yenidən hazırlanaraq çap olunmuşdur. Culfa Rayon Mərkəzi Xəstəxanasında həkim və tibb bacıları üçün “Peyvəndlərin vurulması zamanı rast gəlinən nadir ağırlaşmalar və bu ağırlaşmalarda müşahidə olunan xəstəliklərin qarşısının alınması və müalicəsi” mövzusunda seminar təşkil edilmişdir. Ümumilikdə,9 tibb işçisinin xarici ölkələrə, 35 tibb işçisinin isə Bakı şəhərinə kursa göndərilməsində məqsəd müasir və beynəlxalq təcrübənin öyrənilməsi olmuşdur. 
    Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də əhalinin tibbi biliklərinin artırılmasıdır. Erkən uşaqlıq dövrü xəstəlikləri ilə bağlı valideynlərə dəstək və onların maarifləndirilməsi uşağın müsbət inkişafını təmin etməyin səmərəli üsullarından biri hesab olunur. Ötən il Dövlət proqramı çərçivəsində müayinələr aparılan zaman sağlam həyat tərzi, xəstəliklərin risk amilləri və erkən simptomları üzrə valideynlər və uşaqlar arasında 300 nüsxə buklet paylanmışdır.
    Uşaqlar ölkəmizin sabahı, bizim gələcəyimizdir. Onların qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər dövlətimizi parlaq, xoşbəxt gələcəyə aparır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”. 

“Şərq qapısı”

Nəşr edilib : 17.03.2022 18:45