AZ EN RU

Uşaqların rəngli dünyasının seyrində

Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəfli bir işdir.  Bu gün isə onların günüdür.  Gələcəyimiz olan balalarımız üçün  Naxçıvan şəhərində yerləşən Əcəmi seyrəngahında “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri  münasibətilə  hər tərəf al-əlvan rəngə boyanıb. Bu bayramda  uşaqların sevimlisi olan kloun şou, müxtəlif hədiyyələr  və konsert proqramı, rəqs nümunələri təşkil olunub. Biz də bir neçə şəhər sakini ilə görüşüb həmsöhbət olduq.
Şəhər sakini Vəli Əliyev deyir ki,  bizim balaca fidanlarımız üçün düşünülüb təşkil olunan bugünkü tədbir  biz böyüklərdə də  xoş ovqat yaratdı. Mən də nəvəm Sevinclə birgə buraya gəlib vaxtımızı əyləncəli keçirməyə çalışırıq. Bu bayram günündə ən çox sevinənsə bizim balacalardır. Burada olan cizgi film qəhrəmanlarının personajlarını görən zaman nəvəmin  sevinci  birə-beş artdı.  Müsahibimizə nəvəsi ilə birgə yaxşı istirahətlər arzulayıb növbəti sakinlərlə həmsöhbət olduq.
Naxçıvan şəhər sakini  Limara Əlisoy balaca övladı Ayla ilə birlikdə  gözəl vaxt keçirmək üçün gəlib. Limara  xanım deyir ki, bu gün onların günüdür. Biz də valideyn olaraq çalışırıq ki, övladlarımız xoşbəxt, firavan böyüsün.  Uşaqlar üçün təşkil edilmiş builki bayram hazırlıqları daha böyük çərçivədə aparılıb. Bir-birindən fərqli  əyləncələr, konsert  proqramı uşaqlarımızın  əylənməsi üçün çox gözəl düşünülüb atılan bir addımdır. Mən də qızımın üzünü boyatdırdım.  Eyni zamanda qızım gimnastika nümunələri göstərəcəyi üçün  çox sevinclidir. Bu tədbirdə biz böyüklər də imkan tapıb asudə vaxtlarımızı övladlarımızla birgə səmərəli keçirdik. Müsahibimiz qeyd edir ki, Əcəmi seyrəngahının  al-əlvan rəngə boyanması bu bayram tədbirinə xüsusi gözəllik qatır.
Digər müsahibimiz qazi övladı  balaca İbrahim deyir ki,  tədbir çox maraqlı və əyləncəlidir. Mən də anam və atamla birgə gəlmişəm və çox  gözəl vaxt keçiririk. Hətta özümə burada balaca dostlar da tapdım. İndi gedirik onlarla birgə üzümüzü boyadaq. Eyni zamanda “Məktəbli” qəzeti də aldım ki, oxuyam. Bir sözlə hər şeyi  çox bəyəndim. Məktəb dərslərimi yaxşı oxuyacam ki, anam məni tez-tez gətirsin - deyir balaca. Onun sevincini gözlərindən görmək mümkündür.
Müsahibələrimizdən də göründüyü kimi, muxtar respublika sakinləri  bu bayram tədbirini böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Ulu Öndər Heydər Əliyevin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir insanpərvər cəmiyyətdə uşaqlara daimi xüsusi qayğı, xüsusi diqqət göstərilibdir” müdrik kəlamı  uşaqlara olan məhəbbətin ən ali təzahürüdür.

Bülbül QULİYEVA

Nəşr edilib : 01.06.2024 15:46