AZ EN RU

Uşaqların “Karikatura” adlı rəsm sərgisi açılıb


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubuleyinə həsr olunmuş “Art Class” kursunun balaca yetirmələrinin “Karikatura” adlı rəsm sərgisi açılıb.
 Sərgini giriş sözü ilə açan Naxçıvan Rəssamlar Birliyinin Fond mühafizi, sənətşünas Nizami Alıyev bildirib ki, gələcəyimiz olan uşaqların istedad və bacarıqlarının bu cür sərgilərdə nümayiş olunması onların gələcək fəaliyyətləri üçün böyük bir stimuldur. Qeyd olunub ki, uşaqların bu gün rəssamlıq sənətinə maraq göstərmələri bizi çox sevindirir. Onların rəngarəng  yaradıcı dünyasına nəzər saldıqda dünyagörüşlərinin necə inkişaf etdiyinin şahidi oluruq. 
Daha sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov, rəsm kursunun müəllimi Türkan Əsədova və valideynlər uşaqların yaradıcılığından söhbət açıb onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 
Sərgi iştirakçılarına Rəssamlar Birliyi tərəfindən təşəkkürnamə təqdim olunub. 
Qeyd edək ki, 2 gün davam edəcək sərgidə 20 uşağın 40 karikatura işi nümayiş olunur.


                                   Aidə İBRAHİMOVA

Nəşr edilib : 16.02.2024 21:24