AZ EN RU

Uşaqların fiziki və zehni inkişafında xalq oyunlarının böyük rolu var

    Uşaqların və yeniyetmələrin sağlamlığı həm də cəmiyyətin sağlamlığı deməkdir. Onların mənəvi tərbiyəsində, fiziki sağlamlığında bədən tərbiyəsi və idmanın müstəsna rolu olduğu kimi, şifahi xalq ədəbiyyatı da gələcək nəsli hərtərəfli sağlam böyütmək, onları inkişaf etdirmək üçün olduqca əhəmiyyətlidir. Belə ki, folklorun önəmli bir sahəsi olan uşaq folklorunun əsas hissəsini oyunlar təşkil edir. Sevindirici haldır ki, xalqımız hər yaşa uyğun uşaq oyunları yaratmışdır. Oyunların qorunub saxlanılmasında, itib-batmamasında, gələcək nəsillərə çatdırılmasında valideynlərlə yanaşı, müəllimlərin də rolu böyükdür. Evdə valideyn, məktəbdə də müəllimin idman dərslərində uşaq oyunlarının bir neçəsindən istifadə etməsi bu prosesdə mühüm rol oynayır. 

    Əvvəllər məktəbdə bəzi dərslərdə “Bənövşə” oyunu çox sevilən oyunlardan biri idi. İndi isə təəssüflə demək olar ki, bu cür oyunlar oynanılmır. Bu da uşaq oyunlarının zaman-zaman itib-batmasına səbəb olur. Çünki indiki uşaqlar daha çox elektron cihazlar vasitəsilə oynamağa aludədirlər, bu isə onların zehinlərini yorur, düşünmə və görmə qabiliyyətlərini zəiflədir, insan orqanizmi üçün ciddi təhlükə yaradacaq şüalanmaya məruz qoyur. Bir sözlə, belə oyunlar uşaqların sağlamlıqlarını əlindən alır. Buna görə də onları bu oyunlardan çəkindirmək lazımdır. Bunun üçün onları uşaq folklorunda yer alan oyunlara meyilləndirmək, onlarda bu oyunlara maraq yaratmaq və sevdirmək gərəkdir. Bu prosesdə isə valideyn və müəllim əlbir olmalıdır. Yəni bu proses birtərəfli mümkün deyil. Bu iş paralel şəkildə – evdə və məktəbdə eyni səviyyədə aparılmalıdır. Məktəbdə bunun ən yaxşı yolu məhz Fiziki tərbiyə dərsləridir.

    Uşaq oyunları sağlamlıq və zehnin inkişafı üçün çox önəmli rol oynayır. Oyunların bir qismi zehni inkişaf etdirən, bir qismi də fiziki sağlamlığı artıran, yəni idman xarakterlidir.
    İdman xarakterli oyunları “Gizlənqaç”, “İp atlama”, “Ortayagirmə”, “Çiləmə”, “Qovalaqaç” və sair aid edə bilərik.
    Zehni inkişaf etdirən oyunlardan isə “Son hərfə görə söz demə”, “Qəcəmədaş”, “Ad oyunu” və başqalarının adlarını çəkə bilərik.
    “Qəcəmədaş”, “Beş daş” kimi tanınan oyun maraqlı və faydalı uşaq oyunlarındandır. Oyun iki nəfər arasında olur. Oyuna ilk dəfə kimin başlayacağını müəyyən etmək üçün aşağıdakı bənd deyilir: 
        Em, em emişka,
        Cibi dolu semişka.
        Mən istədim vermədi,
        Adın qoydum hin-duş-ka.
    Sayılan zaman şeir parçası ən son kimdə bitərsə, birinci oyuna həmin uşaq başlayır. Beş daşı əlində komalayıb atır yerə. Sonra onlardan birini – hansını istəsə götürür əlinə. Buna “səqqə” deyirlər. Sonra həmin daşı göyə atıb bir-bir daşları götürür əlinə. Gərək “səqqə” yerə düşməyə, daşlar da tərpənib bir-birinə dəyməyə. Qeyd edək ki, oyunda ancaq bir əldən istifadə edirlər. İkinci əli işlətmək olmaz. Birinci mərhələ belə başa çatır. Oyun bir neçə mərhələ olur. Get-gedə oyunun şərtləri çətinləşir. Sonra daşları iki-iki, daha sonra üç-bir götürürsən əlinə. Bu mərhələ keçdikdən sonra daşlar hamısı göyə atılır. Yerə düşən daşlardan birini sağ əlinə alıb sonra sol əlin iki barmağını – baş və orta barmağı körpü yaradacaq şəkildə yerə qoyursan. Rəqib oyunçu yerdəki daşlardan birini “molla” olaraq seçir, seçim zamanı daşlara maneə törədəcək olanı götürür ki, daşlar ona dəysin, oyunçu uduzsun. Oynayan “səqqə”ni göyə atır, tutana qədər yerdəki daşların hamısını bir-bir, sonra iki-iki, sonra birin bir, üçünü bir axırda da hamısını birdən, “molla” daş da daxil olmaqla iki barmağının arasından keçirtməlidir. Oyunu başa çatdıran qalib hesab olunur. Uduzan isə oyunu yenidən başlamalıdır.
    Qalib olan uduzana “cəza verir”. İki əlinin ortasına bir daş qoyur əllərini bir-birinə bükülü – bir az yer saxlayacaq şəkildə “küpədən bal çıxart” deyir. Uduzan daşı götürmək istəyəndə əlini tutur, icazə vermir götürməyə, lakin qarşı tərəf bir yol tapıb daşı götürməlidir. Və yaxud iki barmağının arasına daşı qoyub sıxaraq “quş göstər” deyir.
    Olduqca maraqlı olan bu oyun böyük məharət və diqqət tələb edir. Çünki oyunçu həm atdığı daşa baxır ki, tuta bilsin, həm də yerdəki daşları qaydasında, digərlərinə dəymədən götürməlidir. Belə oyunlar uşaqların diqqətini də artırır. Bu xalq oyunları vasitəsilə uşağın görməsi, əqli zirəkliyi, təşəbbüskarlığı inkişaf edir, iradəsi möhkəmlənir. Deməli, bu kimi oyunların uşaqların məharətinin ortaya çıxmasında, özünəinamında, diqqətinin paylanmasında böyük əhəmiyyəti vardır. Bu oyunlar zamanı həm də uşaqlar çətin vəziyyətdən çıxış yolu axtarır. Həm daş barmaqlarının arasında sıxılaraq onu incitməklə “quş tapması” və “küpədən bal çıxart”maqla barmaqlarının üstünün cırmaqlanması ilə anlayır ki, məqsədinə nail olmaq üçün çətinliklərin öhdəsindən gələ bilməlidir.
    Uşaqların dünyagörüşünü, onların söz ehtiyatını artıran oyunlardan biri də “Ad oyunu”dur. “Şəhər-kənd”, “Ad-soyad” kimi adlarla xalq arasında tanınan bu oyunun məzmunu aşağıdakı kimidir: iki və daha çox uşağın iştirakı ilə keçirilən oyunda hərə bir ağ vərəq götürür, onu bir neçə sütuna bölür. Hər sütunun başında ad-soyad, şəhər və ölkə, kənd, heyvan və həşərat, meyvə-tərəvəz, kino, əşya adları yazılmaq üçün ayrıldığı qeyd olunur. Doqquzuncu sütuna isə xal sözü yazılır. Oyuna hansı hərflə başlamaq üçün ilk hərfi deyəcək oyunçunu seçmək lazımdır. Bunun üçün sayılır, yəni aşağıdakı deyilir:
        Ekidi, mekidi, bilmərəm,
        Fəridəni dindirmərəm.
        Fəridə yaman forsludur,    
        Nizaminin dostudur.
    Qazanan uşaq ilk hərfi ya deyir, ya da qələmi yazının üstündə fırlayır uşaqlar “dur” deyəndə dayanır. Qələm hansı hərfin üstünə düşsə, onunla başlayırlar. Sonrakı mərhələlərdə isə oyunun qalibi hərfi müəyyən edir. Bu oyunda bəzən vaxt qoyulur, bəzən də ən tez yazıb qurtaran “bitdi” deyərək oyunu dayandırır. Sonra isə bir-bir yoxlayırlar. Düz olanlara xal yazılır. Əgər eyni adı başqası da yazıbsa, onda xallar iki uşaq arasında bölünür. Hər oyunun sonunda xal sütununa xalların cəmi yazılır. Beləliklə, oyun davam etdirilir. Neçə oyun oynayacaqları uşaqlar tərəfindən əvvəlcədən müəyyən edilir. Əgər oyun 10 turdan və yaxud 15 turdan ibarətdirsə, turlar tamam olanda ümumi ballar cəmlənir. Balı yüksək olan qalib sayılır.
    Bu oyun uşaqların dünyagörüşünün, zehninin inkişafında böyük rol oynayır, onların söz ehtiyatını zənginləşdirir, məlumatlandırır. Uşaqların şəhərlər və ölkələrlə bağlı biliyini artırır, həm kəndlərin adlarını mənimsədir, həm heyvanlarla bağlı geniş bilgi verir, həm meyvə-tərəvəz adları sarıdan lüğətlərini zənginləşdirir, həm filmlərlə bağlı dünyagörüşü və biliyini artırır, həm də əşyalarla bağlı müəyyən məlumat əldə edir. Bunlardan başqa onlarda sürətli düşünmə vərdişi formalaşdırır. İlk olaraq sözləri tapan oyunu dayandırdığı üçün burada vaxt əhəmiyyətli rol oynayır. Vaxtdan düzgün istifadə etmək, sürətli olmaq oyunçunun qalibiyyəti deməkdir. Bu həm də vaxtla, zamanla bağlı aşağıdakı atalar sözlərinin doğruluğunu övladlarımıza hələ uşaqkən zamanın sınağından çıxarıb hafizələrinə həkk etməyə yardımçı olur: “Vaxtı itirsən hədər, görərsən böyük zərər”, “Vaxt qızıldan qiymətlidir”, “Vaxtını itirən baxtını itirir”. “Vaxt” məfhumuna diqqət çəkməklə hər kəsdə uşaqlıqdan vaxta qənaət, vaxtdan səmərəli istifadə, vaxtı dəyərləndirmə vərdişləri formalaşdırmağın əhəmiyyətini vurğulamaq və buna nümunə gətirdiyimiz, həmçinin digər bu tipli oyunlar vasitəsilə aşılamağın daha səmərəli olduğunu qeyd etməliyik.
    Tək bu göstərilən oyunlara əsaslanaraq uşaqların formalaşmasında, müxtəlif sahələrdə müəyyən biliyə sahib olmasında uşaq oyunlarının rolunun əvəzedilməz olduğunu əminliklə deyə bilərik. Nə qədər ki gec deyil, nə qədər ki bu oyunları oynayanlar yaşayırlar, onları övladlarına, nəvələrinə öyrətməli, texnologiya əsrinin əsirinə çevrilməkdə olan gələcəyimizi milli zəmin üzərində sağlam dayanmağa alışdırmalıyıq. Uşaq oyunlarının, bu mənada, böyük rolu var. Bu roldan lazımınca faydalanmaq isə heç zaman gec deyil.

Çinarə RZAYEVA
filologiya üzrə fəlsəfə doktoru

Nəşr edilib : 04.08.2022 19:09