AZ EN RU

Uşaqlarımızın gələcəyi bizdən, bizim isə gələcəyimiz onlardan asılıdır

Uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuş “Məktəbli” qəzeti 2023-cü ildə Naxçıvan şəhərində təsis edilmiş və ilk sayı həmin ilin sentyabr ayında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuşdur. Ayda bir dəfə məktəblilərin görüşünə gələn qəzetin əsas məqsədi uşaq və yeniyetmələrdə oxu və yazı vərdişlərini inkişaf etdirmək, onları zərərli informasiya vərdişlərindən yayındırmaq, istedadlı şagirdləri üzə çıxarmaq, onların bu mətbu orqanla əlaqələrini təmin etməkdir. “Məktəbli” qəzeti, eyni zamanda yaradıcı sahələrə (jurnalist, fotomüxbir, rəssam, şair və sair) həvəsi olan şagirdlərə müxtəlif mövzularda işləmək və nəşr olunmaq imkanı verir.
Fəaliyyət göstərdiyi dövrdə qəzetin hər sayı şagirdlər tərəfindən maraqla qarşılanmış, Naxçıvan Muxtar Respublikası ilə yanaşı, ölkəmizin digər bölgələrində də uşaq və yeniyetmələrin diqqətini cəlb etmişdir. Müxtəlif maraqlı layihələrlə şagirdlərin görüşünə gələn “Məktəbli” qəzeti artıq onunla fəal əməkdaşlıq edənlərə “Həvəskar müxbir”, “Həvəskar fotoqraf” və “Həvəskar rəssam” kateqoriyaları üzrə vəsiqələr təqdim edərək bu əməkdaşlığı daha da genişləndirmişdir.  Bir tədris ili boyunca etibarlı olan bu vəsiqələr məktəblilərə uyğun kateqoriyalar üçün material hazırlamağa və məxsusi imza ilə dərc etdirməyə imkan verir. Bütün bunlar həm də ona imkan verir ki, Azərbaycanımızın müxtəlif bölgələrindən olan uşaqlar “Məktəbli” vasitəsilə bir-birini daha yaxından tanısın, dostluq əlaqələri qursun, faydalı əməkdaşlıq münasibətlərindən yararlansınlar. 
Əziz valideynlər, müəllimlər!  “Məktəbli” qəzetinin redaksiya heyəti 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam və firavan həyat arzulayır. Gəlin bu yolda həmrəy olaq. Unutmayaq ki, uşaqlarımızın gələcəyi bizdən, bizim isə gələcəyimiz onlardan asılıdır.

Səbuhi HƏSƏNOV
“Məktəbli” qəzetinin baş redaktoru

Nəşr edilib : 01.06.2024 00:01